Sizin reklam burada

“Şerif”in zəif tərəflərini “Qarabağ”la oyun göstərəcək”

Baxış Sayı:442


Savinov şansları 60-ın 40-a “Qarabağ”ın xeyrinə görür
“Şerif”in heyətindəki futbolçuların adlarına, Moldovaya gələnə qədərki oyun və qol saylarına baxanda, Tiraspol təmsilçisinin gücünü yüksək qiymətləndirməmək olmur. Düzdü, cari mövsüm avrobokublarda yalnız “Fola” ilə qarşılaşıblar deyə, nəyə qadir olduqlarını tam bilmək olmur. Çünki rəqabətsiz Moldova çempionatı bir komandanın gücünü dəyərləndirmək üçün ölçü vahidi sayıla bilməz.
Son vaxtlar “Şerif”i iş başında görən bizə tanış xeyli futbolçu və mütəxəssis var ki, biri də vaxtilə “Bakı”nın şərəfini qoruyan Aleksey Savinovdu. Hazırda yerli çempionatda çıxış edən “Kodru”da koməkçi-məşqçi işləyən Savinovla əlaqə saxlayıb, “Qarabağ”ın rəqibi haqda müəyyən bilgilər toplamağa çalışdıq. Sabiq “Bakı”lı müəyyən yerə qədər danışdı, sanki bütün “kartları açmaqdan” çəkindi.
- Sizinlə az qala hər ilin yayında əlaqə saxlayırıq. Budəfəki zəngimiz də səbəbsiz deyil.
- “Şerif”?
- Elədi.
- Bu dəfə sanki bir az gecikmisiz. Həmişə püşkatmadan sonra yığardız (gülür).
- Püşkatmadan sonra sizi də gülmək tutdu?
- Rəqib “Qarabağ” olduğuna görə?
- Bəli.
- Elə də təəccüblənmədim. Qardaşlaşıblar artıq (gülür).
- Bizdə zarafatla deyirlər ki, tez-tez qarşılaşırlar, sanki dörddövrəli eyni çempionatda oynayırlar.
- “Şerif”i Azərbaycan çempionatında görmək maraqlı olardı həqiqətən.
- Niyə “Şerif”i Azərbaycanda, amma “Qarabağ”ı Moldova çempionatında yox? Tiraspolluların səviyyəsi ölkə çempionatının səviyyəsini aşıb deyə?
- Əlbəttə. Onsuz da “Şerif” Moldova çempionatında ayrı respublika sayılır. Büdcəyə, futbolçuların səviyyəsinə, oyun keyfiyyətinə görə, bir sözlə, hər şeydə başqalarını üstələyir. Bunun başında da, təbii ki, pul dayanır. Ona görə də “Şerif”i Azərbaycan çempionatında görmək maraqlı olardı.
- Tiraspollular ötən mövsüm “Sfintul”u 17 xal qabaqlayıb çempion olumuşdularsa, cari mövsümün 8 turundan sonra maksimum xal toplayıblar. Həqiqətən çox güclüdülər, yoxsa Moldova çempionatında güclü görünürlər?
- Belə deyim, son bir-iki ildə “Şerif”dəki seleksiya işini tək mən yox, hamı bəyənir. Çox yaxşı futbolçular cəlb ediblər, xüsusən də legioner seçimində ağıllı iş görüblər. Bəli, ölkədaxili yarışlarda çox güclüdülər, olduqca inamlı görünürlər. Amma beynəlxalq oyunlar tam başqa olur. Orda uğur qazanmaq üçün Moldova çempionatındakı oyunlar və qələbələr kifayət etmir. Düzdü, “Sfintul”la “Petrokub” bəzən “Şerif”ə boy verir, gücünü göstərməyə çalışır. Lakin avrokubok görüşləri tam başqadı. 5 il əvvəl “Şerif”də işləmişəm. Ordakı ab-havadan, mühitdən xəbərdaram. Sizə açıq deyirəm, klub rəhbərliyini Moldovadakı uğur yox, Avropadakı nəticələr maraqlandırır. Heyətin bu qədər gücləndirilməsi də beynəlxalq miqyasda uğur qazanmaq üçündü. Əminəm ki, bugünkü hədəfləri də minimum Avroliqanın qrupuna vəsiqə əldə etməkdi. “Qarabağ”la oyunda mərhələ adlamaq üçün əllərindən gələn və gəlməyən hər şeyi edəcəklər.
- “Qarabağ”ın “Şerif”lə yaxın keçmişdəki duelləri yəqin yadınızdadı. Əvvəlki komandalarla bugünkü “Şerif”i müqayisə etməli olsaq, indikinin ən güclü olduğunu deyə bilərik?
- Bunu iddia etmək çətin, həm də mümkünsüzdü. Əvvəla ona görə ki, bu il “Şerif”i yalnız yerli çempionatda görmüşük. Bayaq dediyim kimi, Moldova çempionatındakı uğur Avropa üçün yetərli deyil. Bunun üçün başqa amillər də tələb olunur. “Şerif” bu il ciddi imtahan verməyib. Çempion üçün imtahan “Qarabağ”la oyunda olacaq. Ondan sonra hansısa fikir yürütmək mümkündü. Açıq deyirəm, “Şerif”dəki legionerləri çox bəyənirəm. Səviyyələrini ilk baxışdaca görmək olur. Yerli çempionatda səhv etmək imkanın var, çünki həmin səhvi aradan qaldırmaq üçün vaxtın olur. Amma “Qarabağ”la görüşdə səhv buraxmaq olmaz. Həm oyunda səhvi düzəltməyə imkanın olmaya bilər, həm də cütün taleyi bir qarşılaşma ilə həll olunur. İndiki “Şerif”i əvvəlki illərdəki komandalarla müqayisə edə bilməyəcəm. Hərəsinin öz dövranı, öz özəllikləri var və olub.
- Bugünkü “Şerif”də ən çox bəyəndiyiniz nədi?
- Hücumçuları və hücumameyilli oyunçularını qeyd edə bilərəm. Ümumiyyətlə, komandanın hücuma çıxması, hücumu yekunlaşdırması kənardan əla görünür.
- Xüsusi nə var ki?
- Hücumameyilli futbolçuların texnikası, ağıllı oyunu və fiziki göstəriciləri özünü göstərir. Ona görə də baxımlı və sürətli hücumlar qururlar. Uilson, Kastanyeda, Abanq – keyfiyyətləri oyunçulardı.
- Mütləq ki, zəif tərəfləri də var.
- (gülür) Zəif tərəfləri “Qarabağ”la oyun göstərəcək. Hər komandanın mənfi cəhətlərini baş məşqçi daha yaxşı bilir. Yəqin ki, bir şey fikirləşərlər.
- Komandaların mərhələ adlamaq şanslarını necə dəyərləndirirsən?
- Doğma meydan amilini nəzərə alsaq, nisbi üstünlük “Qarabağ”ın tərəfindədi. “Qarabağ”ın futbolçuları təyyarədə uçmayacaqlar, iqlim dəyişməyəcəklər, ona görə də favorit göstərmək olar. Ancaq böyük fərqlə yox.
- Faizlə dəyərləndirsək?
- 60-ın 40-a deyərdim. “Qarabağ”ın sabit heyəti var, baş məşqçiləri uzun illərdi işinin başındadı. “Şerif” isə sıfırdan qurulub deyə bilərəm. Təməli yaxşı qoysalar, davamı uğurlu olacaq.
- Matçı izləyəcəksiz?
- Mütləq və mütləq.
- Kimə azarkeşlik edəcəksiz?
- Əlbəttə, vətənimin təmsilçisinə. Azərbaycan komandalarına avrokuboklarda uğurlar arzulayıram. Amma rəqib Moldova təmsilçisi olanda bizimkilərə azarkeşlik edirəm.
HƏBİB

Oxşar xəbərlər
SON XƏBƏRLƏR