Sizin reklam burada

Qomes döyüşkən komanda formalaşdırmaq istəyir

Baxış Sayı:336

Qomes döyüşkən komanda formalaşdırmaq istəyir
Qurbanov: “İstəkli komandadı, ciddi və intizamlı olmalıyıq”
Oyundan sonra baş məşqçilər jurnalistlərin qarşısına çıxdı. Əvvəlcə Visente Qomes sözə qarşılaşmanı şərh etməklə başladı: "Birinci hissədə pis oynamadıq. Külək bizə qarşı idi və irəli çıxmaq çətin idi. Müdafiədə düzgün işlədik. İkinci hissədə külək xeyrimizə idi, daha çox topla rəftar edirdik. Sadəcə, son nöqtəni qoymaqda bir qədər dəqiqlik çatmadı. “Qarabağ” kimi komandalara qarşı belə olduqda cəzalanırsan".
- Bu mövsüm komandanızdan hansı futbolu gözləyək: hücum, müdafiə futbolu, yoxsa bunların qarışığı?
- Bu oyunda bəzi detallar göründü. İrəlidə pressinq edib, topu əldə edən komanda olmaq istəyirik. Qısa-uzun ötürmələrlə rəqibin boşluqlarından istifadə etməyi planlaşdırırıq. İstəyirik ki, komandamız intensiv oynasın: tək fiziki yox, mental cəhətdən də. Cəld qərarlar qəbul etməyi bacarmalıyıq. Sona kimi döyüşən, heç zaman təslim olmayan komanda formalaşdırmaq istəyirik. “Qarabağ” kimi komandaya qarşı top saxlamaq çətin oldu. Belə şəraitə də uyğunlaşmaq lazımdı. Bu gün topa daha çox nəzarət etmək istəyirdik, ancaq rəqib bizi arxaya çəkilməyə məcbur etdi. Müdafiə olunarkən də düzgün oynamaq lazımdı. İlk hissənin son saniyəsində vurulan topu çıxsaq, yaxşı müdafiə olunduq.
- Azərbaycan çempionatına baxarkən hansı məqamlar diqqətinizi daha çox çəkir?
- Bura gəlməmiş kifayət qədər məlumatım yox idi. Bir neçə oyuna baxdıqdan sonra görürəm ki, matçlar əsasən bərabər şəkildə keçir. “Qarabağ” və “Neftçi” bir qədər üstün görünür, qalan komandalar isə bir-biri ilə “döyüşür”.
- Əlinizdəki heyət istədiyiniz intensiv futbolu oynatmaq üçün yetərlidi?
- Bura gələndən müəyyən ideyalarım və əlimdə material var. Bunların cəmindən bir üslub yaratmaq istəyirik. Əlimizdəki oyunçulardan fəlsəfəmizə uyğun yararlanmaq və bunu inkişaf etdirmək istəyirik. Hazırda bu proses gedir. İnanıram ki, qısa zamanda bunu tətbiq edə biləcəyik.
- Komanda məğlub durumda olsa da, hücumçunu hücumçu ilə əvəzlədiz. İki forvardla oynamağa risk etmədiz?
- Oyun quruluşumuza inanıram. Başlanğıcda 4-3-3 sistemi ilə oynayırdıq. Ancaq bəzən müdafiə olunarkən bu, 4-4-2-yə çevrilirdi. Hücumda da belə məqamlar olurdu. İki hücumçu ilə oynamağa üstünlük vermədik. Eyni tip hücumçuların meydanda olmasını istəmədik. Üçüncü dəyişiklik də hücumda fəallığa hesablanmışdı. Mənim üçün önəmli olan nə ediriksə, bunun keyfiyyətli olmasıdı. Meydana 6 müdafiəçi buraxsaq, bu o demək deyil ki, biz daha yaxşı müdafiə olunacağıq. Eyni şeyi hücum haqda da demək olar. Bu, mənim düşüncəmdi, ola bilər ki, düz fikirləşmirəm.
- Kapitanınız Ruslan Abışov zədələnib. Onun durumu necədi?
- Əzələsində problem var. Ona görə də bu gün meydana çıxa bilmədi. Davamlı məşqlərdən sonra sıralarımıza qoşulacağına inanıram.
- Çempionatda şəxsi hədəfləriniz nədi? Klub rəhbərliyi qarşınıza hansı məqsədi qoyub?
- Klub olaraq məqsədimiz avrkuboklara getməkdi. Hansı pilləni tutacağımız yalnız bizdən asılı deyil, başqa iddialı komandalar da var. Əlimizdə olan materialdan maksimum yararanmağa çalışacağıq. Öz oyun üslubumuzu yaratdıqdan sonra lazım olan pillələri tuta biləcəyimizə inanıram. Mən bizdən asılı olan şeylərə konsentrasiya olmaq istəyirəm.
Qurban Qurbanov isə oyun haqda bunları söylədi: "Futbolçularımı təbrik edirəm. Vacib qələbə qazandıq. Bu komandaya qarşı sona qədər mübarizə aparmaq əhəmiyyətli idi. İki yoxlama oyunu keçirmişdik və rəqibin gücünə bələd idik. Dörd gün sonra vacib oyunumuz var, amma bütün diqqətimiz bu matçda idi. Onlara təşəkkür edirəm ki, meydanda bunu göstərdilər. Maraqlı və mübarizəli oyun oldu".
- “Şerif”lə oyuna qədər yeni transfer gözlənilir?
- Ola bilər. Ancaq alınıb-alınmayacağını dəqiq deyə bilməyəcəm. Əvvəl də qeyd etdiyim kimi, transfer prosesi o qədər də asan deyil. Belə durumda kimisə razı salmaq çətin olur. Bir çox futbolçu ölkəsindən kənara çıxmağa ehtiyatlanır. İstənilən halda, yeni transfer ola bilər.
- “Şerif”lə 3-cü dəfə qarşılaşacaqsız. Bu, sizin üçün bir əhəmiyyət kəsb edirmi?
- İstənilən halda, mərhələni keçsək də, bizim üçün asan olmamışdı. Rəqibin oyununa baxmışam. 17 legionerləri var idi, birini də aldılar, səhv etmirəmsə. İstəkli komandadı, ciddi və intizamlı olmalıyıq.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR