Sizin reklam burada

Bitdiyi kimi başladı

Baxış Sayı:309

Bitdiyi kimi başladı
Premyer-liqa intizarı, nəhayət, başa çatdı. 2019/20 mövsümünün 20-ci turunun görüşləri martın 7-8-də oynanılmışdı ki, növbəti turlar pandemiyaya görə təxirə salınmış, sonradan çempionatın erkən başa çatdırılması qərara alınmışdı. Bu isə o deməkdi ki, Beynəlxalq Qadınlar Günündən avqustun 21-nə qədər olan 165 günlük fasilə başa çatdı. Avqustun 21-23-ü aralığında 29-cu milli çempionatın ilk turunun qarşılaşmaları keçirildi. 1-ci turdan sonra turnir cədvəlinin ilk “3-lüy”ündə qərarlaşanlar ötən mövsümü eyni pillələrdə başa vuranlardı. Obrazlı desək, necə bitmişdisə, elə də başladı.
Açılış turundakı matçların hər biri maraqla gözlənilirdi. Elita iştirakçılarının fasilə dönəmindən necə yararlandıqlarını, nə dərəcədə gücləndiklərini, xüsusən də avrokubok iştirakçılarını rəsmi oyunlarda iş başında görmək üçün səbirsizlənirdik. Sevindirici hal bütün qarşılaşmalardan qol səsinin çıxmasıydı. Azər Salahlı mövsümün ilk qolunun müəllifi kimi tarixə düşdüsə, Namiq Ələsgərov ilk dubl müəllifi kimi yadda qalacaq. “Sileks”in qapısına yol tapan yığma üzvü Mahir Emrelinin “Sabah”la oyunda dubl etməsi də tura rəng qatdı.
Çempion “Qarabağ”ın yenilənmiş və güclənmiş kimi görünən “Sabah”la mübarizədə hansı nəticəyə imza atacağı sual doğururdu. Əvvəla ona görə ki, ağdamlılar 4 gün əvvəl “Sileks”lə oynamışdı və komanda üzvlərini qarşıda “Şerif”lə önəmli duel gözləyirdi. Belədə fiziki və psixoloji hazırlığın səviyyəsi özünü göstərməliydi. Üstəlik “tələbələr”in Qəbələdəki sınaq matçında “köhlən atlar”ı məğlub etməsi də maraqlı fakt kimi yadda qalmışdı. Qurban Qurbanovun yetirmələri ciddi çətinliklə üzləşmədən “Sabah”ı məğlub etməyi bacardı. Bununla həm də Visente Qomesin komandasının nəyə qadir olduğunu görmüş olduq. Yoldaşlıq görüşlərində “Qarabağ”, “Neftçi”, “Sumqayıt” və “Qəbələ”ni məğlub edən Masazır təmsilçisi nisbətən “diri” görünsə də, düşündüyümüz qədər deyil. Yəqin ispan mütəxəssis vaxta ehtiyac duyur. “Sabah” son iki mövsümdəki 7 oyunda “Qarabağ” üzərində qələbəyə həsrət qalmışdı. Bu da 8-ci oldu.
“Neftçi” – “Səbail” dueli hər iki komandanın son vəziyyəti ilə tanış olmaq baxımından maraq kəsb edirdi. Düzdü, bakılılar həmşəhərliləri üzərində 2:1 hesablı qələbə qazandı. Amma bu, “Neftçi”də işlərin qaydasında getdiyini deməyə əsas vermir. Baqali Dabo, Dario Federiko, Rəhman Hacıyev kimi stajlı və səviyyəli futbolçuların yeri görünürdü. Füzuli Məmmədovun komandasından nə dərəcədə razı qaldığını deyə bilmərik. Amma bu “Neftçi” ən yaxşı halda “Şkupi”ni keçə bilər. Ondan sonrası çətin görünür. Təbii ki, oyun planında irəliləyişə nail olunmasa. “Səbail” isə müharibədə bir neçə yerindən yaralanan, amma əlindəki silahı buraxmayan döyüşçünü xatırladır. Oyun keyfiyyəti və ayrı-ayrı futbolçuların səviyyəsi elitanın tələblərinə cavab verməsə də, əzmkarlıq və Aftandil Hacıyevin taktiki tapşırıqları hesabına nəsə etməyə çalışdılar. “Səbail” son 5 oyunda “Neftçi”yə 1 dəfə məğlub olmuşdu ki, “ağ-qaralar” 2019-cu il oktyabrın 5-də qələbəyə sevinmişdi.
“Keşlə”nin “Sumqayıt”la oyunu Avroliqa iştirakçılarının dueli kimi qələmə verilirdi. Cümə axşamı baş tutacaq avrokubok oyunlarını nəzərə alsaq, hər ikisinin ehtiyatlı davranacağı gün kimi aydın idi. Qarşılaşmanın sönük keçməsinin əsas səbəbi də komandaların bir-birindən ehtiyatlanması, bacardıqca zədədən uzaq qaçmaq istəyi idi. Əsas diqqəti müdafiəyə ayıran meydan sahiblərindən fərqli qonaqlar daha xoş təsir bağışladılar ki, haqq edilən qol uzatma dəqiqələrində gəldi. Rəhim Sadıxov cari mövsümdə ilk penalti qaçıran futbolçu kimi yadda qaldı. Ötən mövsüm keşləlilərlə sumqayıtlılar arasında keçirilən 3 oyundan ikisi heç-heçə başa çatmışdı, 1-də “qırmızılar” qələbəyə sevinmişdi. Qələbəsizlik seriyası davam etməkdədi.
“Qəbələ” – “Zirə” görüşü çəkisinə görə səs-küylü oyunlardan sayılmasa da, xırdalıqlara gedəndə maraqlı məqamlar tapmaq olardı. Ən diqqətçəkəni Rəşad Sadıqovun premyer-liqada məşqçi kimi debütü idi. Necə komanda formalaşdırdığını, necə futbol oynatdığını görmək maraqlı idi. Klubların hazırkı durumunu nəzərə alsaq, zirəlilərin bölgədə heç-heçə etməsi gözlənilməz oldu. “Zirə” “Qəbələ”nin saxlamaq istədiyi, lakin saxlaya bilmədiyi Elvin Camalov, Davit Volkov, Klesio Bauk kimi futbolçuların xidmətindən yararlanırsa, əlavə şərhə ehtiyac yoxdu. Sadəcə, “Zirə”nin “Qəbələ” fobiyası var. Ötən mövsüm baş tutan 3 oyunun 2-də bölgə təmsilçisi 3 xala sevinmişdi, 1-də bərabərlik qeydə alınmışdı. Ümumiyyətlə, Sadıqovun başçılıq etdiyi komanda “qırmızı-qaralar”ı udmaqda çətinlik çəkir. Zirəlilər sonuncu dəfə təxminən 2 il əvvəl, 2018-ci il oktyabrın 5-də qəbələliləri məğlub etməyin sevincini yaşayıb.
Azərbaycan premyer-liqası
1-cü dövrə, 1-ci tur
21 avqust
Sumqayıt – Keşlə 0:1
Neftçi – Səbail 2:1
22 avqust
Qarabağ – Sabah 2:0
23 avqust
Qəbələ - Zirə 1:1
1. Qarabağ 1 1 0 0 2-0 3
2. Neftçi 1 1 0 0 2-1 3
3. Keşlə 1 1 0 0 1-0 3
4. Qəbələ 1 0 1 0 1-1 1
5. Zirə 1 0 1 0 1-1 1
6. Səbail 1 0 0 1 1-2 0
7. Sumqayıt 1 0 0 1 0-1 0
8. Sabah 1 0 0 1 0-2 0
Bombardirlər: Mahir Emreli (Qarabağ), Namiq Ələsgərov (Neftçi) – 2.
Qeyd: premyer-liqanın növbəti turlarının təqvimi hələ açıqlanmayıb.
HƏBİB

Oxşar xəbərlər
SON XƏBƏRLƏR