Sizin reklam burada

Separatçıların “Şerif”i niyə cəzalanmalıdı?

Baxış Sayı:775

Oyunun məzmunu, ayrı-ayrı futbolçuların idman forması ilə bağlı xırda-para çatışmazlıqlara rəğmən, “Qarabağ” “Sileks”i birnəfəsə keçdi. Açıq demək və etiraf etmək lazımdı ki, rinqə sanki fərqli çəki dərəcələrində yarışan boksçular çıxmışdı. Düzünə qalsa, cütün taleyi elə püşkatmadan dərhal sonra – “Sileks” düşərgəsindən “Qarabağ”ın gücü ilə bağlı bir-birindən həyəcanlı açıqlamalar gələndə həll olunmuşdu. Və “Sileks” ağdamlıların builki avrokubok yolunda artıq arxada qalan dayancaqdı, tarixdi, ona bir o qədər fikir verməyə dəyməz.
Hə, “Şerif” isə başqa səviyyədi. Vaxtilə mərhum Əhməd Ələsgərovun Moldova futbolunun elitasında çıxardığı bu komanda ilə yaxın keçmişdə “Qarabağ”ın yolu iki dəfə kəsişib. Hər dəfə də hansısa çətinliklər yaşandığından, Azərbaycan çempionunun bu dəfə rəqibə daha diqqətli yanaşmalı olduğunu deyənlərin, hətta Amit Quluzadə kimi şansları 50-nin 50-yə nisbətində dəyərləndirən adamların da sayı çoxdu. Bəribaşdan deyim ki, mən rəqibi ciddiyə almalı olduğumuzu düşünən, amma “Qarabağ”ın növbəti mərhələyə adlamaq şansını rəqiblə müqayisədə daha yüksək dəyərləndirənlərin sırasındayam.
Bu gün üçün “Şerif”in tərəfində olan yeganə amil ciddi oyun praktikasının çoxluğudu, yəni çempionatda 8 oyun keçirməklə 1 oyun keçirmək bərabər tutula bilməz. “Qarabağ”ın qələbəsini şərtləndirən amillərin sırası o qədər genişdi ki, saymaqla qurtarmaz. Hər nə qədər stadiona azarkeş buraxılmasa da, “doğma divarlar” bütün hallarda və bütün şəraitlərdə üstünlük sayılır. Sonuncu dəfə 2017/18 mövsümündə Avroliqanın qrupuna düşən “Şerif”in qarşısına “Səbail” yox, son altı ildə müntəzəm qruplarda mübarizə aparan komanda çıxacaq, bu mənada tiraspollular ağdamlılara bərabər tutula bilməz. Faktiki yenidən yığılan “Şerif”lə müqayisədə “Qarabağ” kosmetik dəyişikliyə məruz qalıb, demək olar ki, bütün əsas oyunçularını qoruyub, gələnlər də gedənlərdən zəif deyil. Söhbət ayrı-ayrı oyunçuların səviyyəsindən, onların avrokubok təcrübəsindən gedəndə də yenə “Qarabağ” üstündü. Moldova çempionatında 10 komanda mübarizə aparsa da, gerçəklik onu deməyə əsas verir ki, orda “Şerif” və başqaları” anlayışı var. Kimsə “bizdə də “Qarabağ” və başqaları var” deyə bilər. Amma istənilən halda Moldovada “Şerif”lə başqaları arasındakı səviyyə fərqi daha dərindi. Müqayisə üçün uzağa getmək lazım deyil: “Neftçi” ötən yay “Sperantsa”nın qapısından oynaya-gülə 9 top keçirmişdi.
Sırf futbolla bağlı səbəblər öz yerində, amma “Qarabağ”ı qələbə yolunda fədakarlıq göstərməyə məcbur edən daha bir məqam var. “Şerif” Rusiyanın postsovet məkanında yaratdığı saxta qurumlardan birinin – separatçı “Dnestryanı Respublika”nın ürəyi, göz bəbəyidi. “Qarabağ”ın təmsil etdiyi Ağdam da elə həmin rusların ilham, qol-qanad, nəhayət, silah verdiyi erməni separatçıların işğalı altındadı. Ən azı bu amil “Qarabağ”ı qələbəyə ruhlandırmalıdı. Separatçı hər yanda seraratçıdı – istər “Dnestryanı”da olsun, istərsə də “Dağlıq Qarabağ Respublikası”nda. Bütün bunlarla yanaşı, Moldovanın iyul döyüşlərindəki mövqeyini də unutmamışıq. Separatçılıqdan əziyyət çəksə də, neytrallığı qoruyan, işğalçı ilə işğala məruz qalanı tərəzinin eyni gözünə qoyan bir ölkə məğlubiyyəti haqq edir. Və bu məğlubiyyətin altına “Qarabağ” imza atmalı, həm separatçılara, həm də separatçılıqdan əziyyət çəksə də, haqqın yanında olmayan Moldovaya futboldakı yerini göstərməlidi. Təbii, Azərbaycan çempionunun Çempionlar Liqası ilə bağlı hədəflərindən irəli gələn strategiya da öz yerində. Yəni “Şerif”i sıradan çıxarmaq ən azı Avroliqanın qrupuna düşmək baxımından irəli atılan böyük addım olacaq. İndi bildizmi separatçıların “Şerif”i niyə cəzalanmalıdı?

Oxşar xəbərlər
SON XƏBƏRLƏR