Sizin reklam burada

“Neftçi” 3 xalı çətinliklə qazandı

Baxış Sayı:1 519


1. Neftçi (Bakı) – Səbail (Bakı) 2:1 (1:0)
30. Aqil Məmmədov – 5,0
91. Tallison Dias – 5,0
(6. Voislav Stankoviç, 85) – qiymətsiz
3. Mamadu Mboc – 5,5
5. Anton Krivotsyuk – 5,0
26. Ömər Buludov – 5,5
(2. Cabir Əmirli, 75) – 4,5
8. Emin Mahmudov (k) – 5,0
36. Mamadu Kane – 5,0
7. Namiq Ələsgərov – 6,0
29. Sabir Buqrin – 5,5
(10. Saman Nərimancahan, 74) – 4,5
24. Yusuf Laval – 4,5
28. Stiven Jozef-Monroz – 5,5
Ehtiyat oyunçular
1. Səlahət Ağayev
12. Kamran İbrahimov
4. Rener Alves
19. Fəhmin Muradbəyli
22. Mirabdulla Abbasov
37. Vüsal Əsgərov
40. Vüqar Həsənov
45. Əli Mürsəlov
80. İsmayıl Zülfüqarlı
Baş məşqçi: Füzuli Məmmədov
Komandanın ən yaxşısı: Namiq Ələsgərov

25. Elxan Əhmədov – 5,0
3. Turan Manafov – 5,0
5. Adil Nağıyev – 4,5
16. Peyman Keşavarz – 5,0
34. Ürfan Abbasov – 4,5
10. Vüqar Bəybalayev – 4,5
(77. Ədilxan Qarəhmədov, 73) – 4,5
8. Lema Mabidi – 5,0
7. Mirsahib Abbasov – 5,0
(20. Ruslan Hacıyev, 61) – 4,5
14. Rahid Əmirquliyev (k) – 5,0
99. Bahadur Həziyev – 4,5
(11. Rauf Əliyev, 76) – qiymətsiz
9. Florian Kadriu – 5,5
Ehtiyat oyunçular
12. Şahin Zəkiyev
17. Elçin Rəhimli
19. Elgün Nəbiyev
26. Kamal Qurbanov
28. Məqsəd İsayev
Baş məşqçi: Aftandil Hacıyev
Komandanın ən yaxşısı: Florian Kadriu
Qollar: N.Ələsgərov, 16 (1:0). N.Ələsgərov, 66 (2:0, S.Jozef-Monroz). P.Keşevarz, 79 (R.Hacıyev).
Vərəqələr: A.Krivotsyuk, 57 (qeyri-idman hərəkəti), E.Mahmudov, 90+2 (oyunun bərpasının ləngidilməsi). F.Kadriu, 90+2 (qeyri-idman hərəkəti). Y.Laval, 90+4 (oyunun bərpasının ləngidilməsi). M.Kane, 90+5 (oyunun bərpasının ləngidilməsi) – sarı.
Hakimlər: RAUF CABBAROV, Elşad Abdullayev, Namiq Hüseynov, Namiq Bəkirov (hamısı Bakı).
Hakim-inspektor: Babək Quliyev (Bakı).
AFFA nümayəndəsi: Maşallah Əhmədov (Bakı).
21 avqust. 8-ci kilometr. Bakcell Arena. Tamaşaçısız.
Birinci hissəyə 1, ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.
Gələn həftənin cümə axşamı elə həmin “Bakcell Arena”da “Şkupi”ylə qarşılaşacaq “Neftçi” üçün rəsmi oyun yetərincə böyük önəm daşıyırdı. Futbolçuların uzun fasilədən sonra böyük oyunun həyəcanını hiss etməsi, komandaya yeni qoşulanların uyğunlaşma dönəmində irəli doğru iri addım atması üçün belə bir matça ehtiyac var idi. Sabahı sual altında olan, büdcə sarıdan əziyyət çəkən “Səbail”i iş başında görmək də maraqlı idi.
Komandalar arasındakı səviyyə fərqini nəzərə alanda, meydan sahiblərinin oyuna daha fəal başlayacağını, ard-arda qol imkanları yaxalayacağını təxmin edirdik. Lakin “Səbail” rəqibdən çəkinmir, meydanın hər qarışında pressinq edir, sürətli hücumlar qurmağa çalışırdı. Bərabərsəviyyəli oyuna tamaşa etdiyimiz anda səhnəyə Sabir çıxdı. Bakılıların yeni transferinin 16-cı dəqiqədəki əla ötürməsini Stiven dəyərləndirə bilməsə də, Namiq hücumu qolla tamamlayıb, tablodakı 0-lardan birini komandasının xeyrinə dəyişdi. Buraxılan qolda Ürfanın səhvi qeyd olunmalıdı. Hesabın açılması ilə “Neftçi”nin də əl-qolu açıldı. Meydan sahibləri daha inamlı təsir bağışlayır, kiçik və uzun ötürmələrlə rəqib qapısı önündə təhlükə yaratmağa çalışırdılar. Sağ cinahla müqayisədə “sol”un daha fəal təsir bağışlaması sürətli Tallisonla Namiqin hücumlara qoşulmasına görəydi. “Ağ-qaralar”ın yeni transferi olan Sabirin ağır oyunlarda nəyə qadir olduğunu görməsək də, bu görüşdə meydanı görmə qabiliyyəti, ötürmələri və yer seçimi ilə digər yenilərdən fərqlənirdi. İlk hissə boyunca vurulan qoldan başqa ciddi təhlükə yaşanmadı, bununla da futbolçular fasiləyə yollandı.
İkinci yarı iki mükəmməl hərəkətlə başladı. “Səbail”in ilk hücumunda Mirabdullanın tullanaraq başı üzərindən vurduğu topu Aqil barmaqlarının ucu ilə “9-luq”dan çıxara bildi. 51-ci dəqiqədə qapıçı məharətini bu dəfə Elxan Sabirin zərbəsinə əla reakisya göstərməklə sərgiləməli oldu. 65-ci dəqiqədə bu dəfə Rahid komanda yoldaşlarını ümidləndirdi. Di gəl, Aqil kapitanın vurduğu topun da tora qovuşmasına imkan vermədi. 66-cı dəqiqədə meydan sahibləri axtardığı qolu Namiqlə tapdı. Oyuna yeni qoşulan Ruslanın kobud səhvindən sonra topa yiyələnən Jozef-Monroz Ələsgərova ideal ötürmə verincə, “7 nömrə” mövsümün ilk dubluna adını yazdırdı. Qoldan 6 dəqiqə sonra bayıllıların hesab arasındakı fərqi azaltmaq istəyini Rauf Cabbarov ürəklərində qoydu. Belə ki, Ruslanın qapı qarşısına ötürdüyü topun qarşısını Mboc yıxılan vəziyyətdə əli ilə almışdı ki, “dəri kürə“ onun əlini təsadüfən tapmamışdı. Nədənsə referi “nöqtə”ni göstərmədi. Qonaqların arzuladığı qol 79-cu dəqiqədə gəldi. Ruslanın kornerdən qapı qarşısına havalandırdığı topu Antonun diqqətsiz qoyduğu Peyman başla qapıya “sancdı”. Oyunun qalan dəqiqələrində qonaqlar bərabərlik qolu üçün irəli atılsalar da, məğlubiyyətdən qaçmaq mümkün olmadı.
HƏBİB

Gözdən qaçmadı
* Stadiona azarkeşlərin buraxılmayacağı haqda öncədən məlumat verilsə də, polislər işini ehtiyatlı tutmuşdu. Belə ki, giriş qapıları və məhəccərlər qarşısında keşik çəkən “poqonlular”un sayı kifayət qədər idi.
* Hakimin start fitindən əvvəl stadionun diktoru koronavirus pandemiyasına görə dünyasını dəyişənlərə Allahdan rəhmət diləyib, virusun yayılmamasının qarşısını alan polis və həkimlərə təşəkkür etdi. Ardınca dövlət himni səsləndirildi.
* “Forza Neftçi” bu dəfə də fərqlilik nümayiş etdirməyi bacarmışdı. Belə ki, 100-ə yaxın fanatla “Bakcell Arena”ya gələn “forzalılar” stadionun əsas giriş qapıları önündə yığışıb sevimli komandalarına bəstə və şüarlarla dəstək verirdilər. Polislərin onlara irad bildirməməsi səbəbsiz deyildi. Çünki sosial məsafə tələbini diqqətdən qaçırmamışdılar.
* Meydan sahibi komanda oyun üçün nəzərdə tutulan protokolu jurnalistlərə paylamamışdı. Səbəbini soruşanda bunun PFL-in tapşırığı olduğunu öyrəndik.

Reaksiyalar
Aftandil Hacıyev: “Uzun müddətdən sonra yenidən çempionatımızın bərpa olunması hamımızı sevindirdi. Hamı futbol üçün darıxmışdı. Hər iki komandanın texniki zonasında gözəl ajiotaj var idi. Oyuna gəlincə, favorit “Neftçi” idi. İlk yarıda oyuna yaxşı qoşula bilmədik. Amma ikinci hissədə daha fəal idik və hücumda çoxalırdıq. Bir neçə qol vəziyyəti yaratdıq. Amma bunlar yetmədi, bu gün məğlub olduq. Dediyim səbəblər nəticənin “Neftçi”nin xeyrinə olmasına gətirib çıxardı. Növbəti tura qədər vaxtımız var. Heyəti gücləndirməliyik, çatışmazlıqlar var. Komandada oyunçu qıtlığı müşahidə olunur. Bunu qısa müddətdə aradan qaldırmaq mümkünsüz idi. Rauf Qəbələdə “Keşlə”ylə yoldaşlıq görüşündə dizindən zədələnmişdi. Bir həftəyə yaxın məşqləri buraxdı. Hələ də tam sağalmayıb. Meydana buraxanda risk etdik, təhlükəli idi. Amma meydanda ona ehtiyacımız var idi. İlk oyunda “Neftçi” ilə səfərdə qarşılaşmaq gənclərə təsirsiz ötüşmədi. Xal qazansaydıq, daha yaxşı olardı. İnanıram ki, növbəti oyunlarda bunu bacaracağıq. Hədəf həmişə olmalıdı. Mənim qarşıma hansısa hədəf qoyulmaya bilər. Amma hədəfsiz idman mümkün deyil. Meydana çıxırsansa, qalib gəlmək, xal qazanmaq istəyirsən. Bizim də istəyimiz yüksək pillələrdə yer almaqdı. Ancaq reallığı da nəzərə almalıyıq. İnanıram ki, klubun vəziyyətini daha yaxşılaşdırıb, heyəti gücləndirib, mübarizə apara bilərik. Futbolçularımın da əməyini qabartmaq istəyirəm. Klub kimi peşəkarlaşmağa ehtiyacımız var. Bu yöndə daha çox çalışmalıyıq... Əvəzedici komandaların sayının azalması yaxşı hal deyil. Amma bəzən məcburiyyətdən klublar bu addıma əl atırlar. Bu gün “Qəbələ” kimi akademiyası olan klubun əvəzedici heyəti saxlaya bilməməsi üzücüdü. “Səbail”in də saxlaya bilməməsi həmin səbəblərdəndi. Əsas komandanın problemləri vaxtında həll etməməsi bu addıma vadar edir. İnanıram ki, gələcəkdə bunların hamısı bərpa olunar. Bəzən eşidirəm ki, “Səbail”in premyer-liqada oynamaması haqda fikirlər səslənir. Klubların sayının artması daha yaxşı olar. Bunu üçün də klubların şəraiti yaxşılaşmalıdı”.
Füzuli Məmmədov: “İlk oyunların çətin olduğunu bilirik. Əsas çətinlik də ondan ibarətdi ki, uzun müddət idi rəsmi oyun keçirmirdik. Futbolçularım bu gün meydanda çox əziyyət çəkdi. Yaxşı komandaya qarşı oynadıq. “Səbail” gənc heyətə malik komandadı,öz oyun üslubları var. Onlarda məşqçi işi görünürdü. İlk oyunlar çətin olur. Oyundan-oyuna futbolçular optimal formaya yaxınlaşacaqlar. Bəzi epizodlarda istədiyimizi alırdıq, bəzilərində səhvlər olurdu. Amma getdikcə daha yaxşı olacaq. Bir az vaxt lazımdı. Hücumçu məsələsini həll etmək üzrəyik. Bir transfer alınmalıdı. Bütün detallar razılaşdırılıb. Düşünürəm ki, növbəti həftə həmin futbolçu komandaya qoşulacaq. Sizinlə razıyam, ot örtüyündə müəyyən qüsurlar var idi. Tezliklə bu problem aradan qaldırılacaq. Bu arenadakı ot örtüyü həmişə yüksək səviyyədə olur. Düşünürəm ki, gələn həftəyə hər şey yaxşı olacaq”.








Oxşar xəbərlər
SON XƏBƏRLƏR