2. Sumqayıt – Keşlə (Bakı) 0:1 (0:0)
1. Mehdi Cənnətov – 4,5
7. Tellur Mütəllimov – 4,5
3. Vurğun Hüseynov (k) – 4,5
14. Elvin Bədəlov – 4,0
33. Eltun Turabov – 4,0
18. Süleyman Əhmədov – 4,0
(21. Adəm Həmati, 83) – qiymətsiz
6. Vüqar Mustafayev – 5,0
17. Murad Xaçayev – 4,0
(97. Xəyal Nəcəfov, 62) – 4,0
10. Rəhim Sadıxov – 4,0
60. Elvin Məmmədov – 4,0
(20. Rüfət Abdullzadə, 74) – 3,5
9. Əli Qurbani – 3,5
Ehtiyat oyunçular
13. Aydın Bayramov
71. Hüseynəli Quliyev
4. Kərəm Sultanov
30. Nəbi Məmmədov
88. Cavid Quliyev
8. Səbuhi Abdullazadə
Baş məşqçi: Ayxan Abbasov
Komandanın ən yaxşısı: Vüqar Mustafayev
1. Stanislav Namaşko – 5,5
19. Azər Salahlı – 5,5
21. Miyusko Boyoviç – 5,0
4. Şəhriyar Əliyev – 5,0
(3. Tərlan Quliyev, 78) – qiymətsiz
2. İlkin Qırtımov (k) – 5,0
14. Turan Vəlizadə - 6,0
48. Dmitri Klots – 5,5
30. Şahrux Qadoyev – 4,0
(23. Artur Batista, 71) – 5,0
17. Vüsal İsgəndərli – 5,5
7. Rəhman Hacıyev - 5,5
42. Aleksandr Kristovao – 4,0
(11. Silvio Rodriges, 65) – 5,0
Ehtiyat oyunçular
85. Kamal Bayramov
27. Əkpər Vəliyev
18. Ruslan Əmircanov
8. Tural Axundov
99. Rafael Məhərrəmli
88. Seymur Əsədov
97. Xəzər Mahmudov
Baş məşqçi: Yunis Hüseynov
Komandanın ən yaxşısı: Turan Vəlizadə
Qol: A.Salahlı, 90+4 (D. Klots).
Rəhim Sadıxov 26-cı dəqiqədə penaltidən yararlna bilməyib (tir).
Vərəqələr: M.Xaçayev, 2 (qeyri-idman hərəkəti). E.Turabov, 24 (qeyri-idman hərəkəti). R.Hacıyev, 39 (hakimin qərarına etiraz). X.Nəcəfov, 83 (hakimin qərarına etiraz). Vüsal İsgəndərli, 90+5 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: ELÇİN MƏSİYEV, Pərvin Talıbov, Müslüm Əliyev, Nicat İsmayıllı (hamısı Bakı).
Hakim–inspektor: İmanxan Sultani (Bakı).
AFFA nümayəndəsi: Elgiz Abbasov (Bakı).
21 avqust. Sumqayıt. Kapital Bank Arena. Tamaşaçısız.
Birinci hissəyə 1, ikinci hissəyə 5 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.
29-cu ölkə çempionatının açılış oyunu Sumqayıtda baş tutdu. Məlum səbəbdən azarkeşsiz keçirilən qarşılaşmada gələn həftə ölkəmizi Avroliqada təmsil edəcək komandalar üz-üzə gəlirdi. Mövsümlərarası fasilədə “Sumqayıt”ı bir çox aparıcı futbolçular tərk etdiyindən heyət yetərincə zəifləyibsə, çempionatın startı ərəfəsində Tərlan Əhmədovu yola salıb, əvəzində baş məşqçi postuna Yunis Hüseynovu gətirən “Keşlə” güclənib.
İlk yarıda bərabərsəviyyəli oyuna şahidlik etdik. Mübarizə əsasən meydanın mərkəzində gedirdi. Qonaqların müyyən ərazi üstünlüyü hiss olunsa da, Mehdinin qoruduğu qapı qarşısında ciddi, yaddaqalan qol vəziyyəti yaranmadı. Əvəzində 26-cı dəqiqədə “kimyaçılar” penaltidən hesabı açmağa yaxın oldular. Ancaq “nörtə”yə yaxınlaşan Rəhim həm komanda yoldaşlarını, həm də ekran qarşısında əyləşən “Sumqayıt” azarkeşlərini məyus etdi. Onun qüvvətli zərbəsindən sonra top dirəyə tuş gəldi.
Fasilədən sonra qonaqlar üstünlüyü ələ keçirdi. Onlar tez-tez meydan sahiblərinin qapısı önündə görünür, uzaqdan zərbələrlə Cənnətovu tərləməyə məcbur edirdilər. “Kimyaçılar” isə ikinci yarıda orta sahəni rəqibə verməklə, demək olar ki, sanballı hücum qurmaqda çətinlik çəkirdilər. Hücumun sivri ucunda oynayan Əli Qurbani 90 dəqiqə yalnız ora-bura qaçmaqla yadda qaldı. Matçın sonlarına yaxın təzyiqi bir qədər də artıran qonaqlar sumqayıtlılara meydanın mərkəzini keçməyə imkan vermirdilər. Və bunun da məntiqi nəticəsi kimi 4-cü uzatma dəqiqəsində “Keşlə” qol istəyinə çatdı. Dmitrinin künc zərbəsindən qapı önünə göndərdiyi ötürmə zamanı Salahlı Turabovu qabaqlayaraq, başla qapıya dəqiq zərbə endirdi. Bununla həm də yeni mövsümdə ilk qolun müəllifi kimi adını tarixə yazdırdı.
Oyundan sonra çalışdırıcılar media önünə çıxdı. Qonaqların baş məşqçisi Yunis Hüseynov oyunla bağlı fikirlərini bölüşməmiş bunları söylədi: “Bilirsiz ki, 5-6 gün olar “Keşlə”nin “sükanı arxasına” keçmişəm. Bugünlərdə o qədər işim olub ki, bu üzdən mənimlə əlaqə saxlayıb müsahibə almaq istəyən jurnalistlərin zənglərinə cavab verə bilməmişəm. Yəqin vəziyyətimi çox hörmətli media nümayəndələri anlayışla qəbul edirlər. Kimlərin zənglərini cavabsız qoymuşamsa, hamısından üzr istəyirəm”.
Ardından Yunis bəy oyunla bağlı fikirlərini bölüşdü:
- Bizim üçün çox vacib qarşılaşma idi. Qarşıda bizi Avroliqa oyunu gözləyir. İstəyirdik ki, qələbə qazanıb, növbəti oyuna yaxşı motivasiya ilə gedək. Mənə elə gəlir yaxşı oyun göstərdik. Düzdü, məlum səbəbdən uzun çəkən fasilədən sonra çox yaxşı oyun sərgiləyə bilmərik. Bu gün səhv edən komanda məğlub oldu, düz oynayan isə qələbə qazandı.
- Özünüz də dediz ki, komandaya yeni gəldiyinizdən işiniz çoxdu. Geridə qalan günlərdə komandanı tam tanıya bilmisiz?
- “Keşlə”nin baş məşqçisi təyin olunmamış da premyer-liqanın bütün oyunlarını izləyirdim. Bu üzdən “Keşlə”nin bəzi oyunçularının nəyə qadir olduğunu bilirdim. Ancaq bu yay kollektivə çoxlu yeni futbolçu qoşulub. Heyətdə dəyişikliklər çox olub. Bu matçdan öncə ikitərəfli oyun da keçirdim ki, komandanı tam tanıyım. Zədəli futbolçularımız da var. Amma futbolçuların hamısına yüzdəyüz bələd deyiləm. Fikrimcə, uzağı 1-2 oyundan sonra kimin qabında nəyin olduğunu biləcəm.
- Bu gün hücumda “dişsiz” görünən Kristovaonun çıxışı sizi qane etdi?
- Düzdü, hücumçudan çox şey asılıdı. Forvard irəlidə top saxlamağı, son nöqtəni qoymağı bacarmalıdı. Bilirsiz ki, mən həmişə hücum futbolunun tərəfdarı olmuşam. Yəqin vaxt ötdükcə Kristovao da ondan nə tələb etdiyimi başa düşəcək və növbəti matçlarda daha yaxşısını edəcək.
- Avroliqa oyunu üçün hansı məqamlar üzərində işləyəcəksiz?
- Son həftədə ancaq "Sumqayıt"ı təhlil etmişəm. Məşq prosesini də sırf buna uyğun qurmuşdum və Albaniya təmsilçisini düşünməmişəm. Amma bu saatdan etibarən "Laçi"ni təhlil etməyə başlayacağıq. Rəqibin güclü və zəif tərəflərini müəyyənləşdirib, bunun üzrərində çalışacağıq. Rəqibin oyunlarının videoyazısı artıq bizdə var.
- Klub rəhbərliyi qarşınıza hansı hədəfləri qoyub?
- Bizdən yaxşı oyun tələb olunur. Bu olsa, nəticə də gələcək. Konkret deyilməyib ki, çempion olmalısan.
- Komandanın hansı mövqelərini gücləndirməyə ehtiyac var?
- Bəzi mövqelər var ki, ora yeni futbolçu dəvət etmək fikrimiz var. Artıq bu yöndə işlər görülür. Rəhbərlikdən transfer istəmişəm. Bəyəndiyim iki futbolçu var ki, onlarla danışıqlar gedir.
Daha sonra media önünə məğlub komandanın çalışdırıcısı Ayxan Abbasov çıxdı. O da öncə oyunla bağlı danışdı:
- Bu gün qalib də gələ bilərdik, amma sonda məğlub olduq. Bəlkə də bu görüşün ədalətli yekunu heç-heçə idi. Futbolçularım bacardığını etdi. Bəzi futbolçuların komandaya gec qoşulması bizi bir az geriyə saldı. Vaxtımız azdı, qarşıdakı Avroliqa oyununa hazırlaşacağıq. Qarşıda bizi böyük işlər gözləyir. Komandada yeni futbolçular çoxdu. Səbirli olub, işimizi davam etdirəcəyik.
- Bir neçə gün əvvəl “Zirə” ilə yoxlama oyununda komanda parlaq oyunla yadda qalmışdı. Bu gün isə fərqli, daha zəif, orta sahəsi bərbad təsir bağışlayan “Sumqayıt” gördük.
- "Zirə" ilə oyun yoxlama xarakterli idi. Həmin matç bizi aldatmalı deyil. Bu gün rəqibimizin "Keşlə" olduğunu unutmayaq. Məncə, bu gün o qədər də pis oynamadıq. Bizə vaxt lazımdı, qısa zamanda nəsə əldə etmək çox çətindi.
- Rəhim Sadıxov komandanın ştatlı penalti vuranıdı, yoxsa həmin an onun “nöqtə”yə yaxınlaşmasına qərar verildi?
- Ötən il penalti vuranlarımız indi komandada deyil. Futboldu, belə şeylər olur. Bilirəm ki, o da qol vura bilmədiyinə görə məyus oldu. Qol olsaydı, bəlkə oyun tam fərqli məcrada davam edərdi.
- Görünən budu ki, komandadakı oyunçuların səviyyəsi bundan artığına çatmır...
- Əlbəttə, futbolda reallıq var. Biz söz verməmişik ki, bu yeri tutacağıq, bunu edəcəyik. Heyətimizdə gənc futbolçular var, onların da qarşısını almaq istəmirik. Düzdü, nəticə istəyirik. Amma başqalarının şansı var ki, legioner gətirsin, nəsə etsin. Bizim klubun strategiyası başqadı. Biz reallığı görürük və hansı yola çıxdığımızı bilirik. Pillə-pillə inkişaf etməliyik. Bu gün bizim yolumuz tam başqadı. Bir oyunla komanda haqda qərar vermək düz deyil. Böyük ölçüdə götürsək, biz bu gün zəif oynamamışıq. Bizim hədəfimiz var. O demək deyil ki, gəncləri oynadıb, uduzmağa razıyıq. Biz mübarizə aparacağıq. Bu gün "Keşlə" bizdən 3 baş üstün olsaydı, sizinlə razılaşardım.
- Son dəqiqələrdə rəqibin böyük qüvvə ilə irəli atılmasından qolun qoxusu gəlirdi. Bunun qarşısını almağa nə mane oldu?
- Son dəqiqələrdə yorğunluq oldu. Bu tempə uyğunlaşmaq çətindi. Bu gün bir az soyuqqanlılıqda və təcrübədə uduzduq.
- “Şkendiya”nı artıq təhlil etmisiz?
- Püşk atılan gündən “Şkendiya”nı diqqətdə saxlayırıq, oyunlarını təhlil edirik. Sabahdan isə futbolçuları Avroliqa matçına hazırlayacağıq.
Gözdən qaçmadı
* Yığmanın baş məşqçisi Canni De Byazi və köməkçiləri, eləcə də U-21-in çalışdırıcı Milan Obradoviç və köməkçisi də oyunu izləyənlər arasında idi.
*14-cü dəqiqədə polis zabiti qonaqların əyləşdiyi sektora yaxınlaşaraq, sosial məsafənin qorunmadığına dair xəbərdarlıq etdi. Bundan sonra oyunu izləyənlər başqa-başqa yerlərdə oturdular.
* “Keşlə”nin prezidenti Zaur Axundovun səsi stadionu başına götürmüşdü. O, tribunadan futbolçularına göstəriş verir, hakimlərə narazılığını bildirirdi. Axundov oyunun əvvəlində ukraynalı legioner Dmitrinin, sona yaxın isə Qadoyevin anasını qeyri-etik ifadə ilə “yada saldı”. Bundan başqa, Zaur bəy Məsiyevə söz atmağı unutmadı. O üzünü hakimə tutaraq, “ boş qalanda ağ formadakı futbolçulara kart da göstər” deyərək, baş hakimin qonaq futbolçulara münasibətindən narazılığını ironik şəkildə büruzə verdi.
* Tərlan Quliyevin meydana girib-çıxmağı cəmi 30 saniyə çəkdi. 4-cü hakim Elçin Məsiyevə işarə edərək Tərlanı texniki zonaya qaytarmağı tələb etdi. Sonradan məlum oldu ki, müdafiəçi protokolda “3 nömrə” kimi qeyd olunsa da, formasının arxasında 33 yazılıb. “Keşlə”nin inzibatçıları 3-lərdən birinin üstünü yapışqan lentlə bağladıqdan sonra Quliyevin oyunu davam etdirməsinə icazə verildi.
* Qadoyev meydana 30 nömrəli formada çıxsa da, protokolda “23” kimi qeyd olunmuşdu ki, bu yanlışlıq əvəzləmə zamanı stadionun diktorunu da çaşdırdı.
* Premyer-liqanın Əsasnaməsinə əlavədə pandemiyaya görə zədəli və cəzalı futbolçuların komandalarının oyunları zamanı stadionda olması yasaqlansa da, “Keşlə”nin zədəlisi Cavid İmamverdiyev ilk yarını tribunadan izləyirdi.
RƏŞAD