Sizin reklam burada

Əvəzedicilər iflas edir, müftəxorlar isə varlanır

Baxış Sayı:864

Artıq Azərbaycan premyer-liqasının yeni mövsümünə start verildi. Dünən keçirilən iki oyunla futbol həsrətinə son qoyduq. Düzdü, martdan üzübəri uzanan futbolsuzluq “Qarabağ”ın “Sileks”lə qarşılaşmasında bitmişdi. Amma gəlin etiraf edək ki, öz çempionatımızın dadı-duzu ayrıdı. Çempionlar Liqası, Avropa Liqası ölkəmizdə müvəqqəti qonaq kimidi. Bu gün gəlib, sabah gedə bilərlər. Öz çempionatımızın oyunları isə təxminən 9 ay bizimlə olur, “gözümüzün qurdu”nu onunla öldürə bilirik. Lap tribunaları boş qalsa da, oyunlar maraqsız alınsa da, çempionun adına finişə bütöv bir dövrə qalanda məlum olsa da, iştirakçıların mütləq əksəriyyətini “bakılı qardaşlar” təşkil etsə də, bu çempionat bizimdi. Ondan imtina etmək heç də asan deyil. Allaha dua edək ki, koronavirus pandemiyası ölkəmizi yenidən cənginə almayacaq, Azərbaycanı yenidən sərt karantin rejiminə tabe etdirməyəcəklər. Belədə yavaş-yavaş futbol oynamaq, mövsümü yola vermək mümkündü. Olmayan yerdə buna da şükür. Pandemiyanın gətirdiyi futbolsuzluq gözümüzü elə qorxudub ki, indiki vəziyyətə şükür etməkdən başqa əlacımız yoxdu.
Amma bir məsələ var ki, onunla bağlı narahatlığımızı da dilə gətirməliyik. AFFA-nın təcili birinci divizionla bağlı problemləri diqqətə alması, əvəzedici komandaların böhrandan xilas edilməsi üçün konkret addımların atılması vacibdi. Yoxsa onsuz da urvatsız olan birinci divizion “çəki”sini tam itirəcək, əvəzedici komandalar isə bir-birinin ardınca tarixə qovuşacaqlar. İllərdi aşağı divizion oyun alverinin “beyin mərkəzi”nə çevrilmişdi. Yazırdıq, deyirdik, ortaya faktlar qoyulurdu. Amma AFFA-ya həmin faktlar kifayət etmirdi. Özlərini görməzliyə, bilməzliyə vurmuşdular. Ta o vaxta kimi ki, UEFA-dan gələn siqnallar qulaqbatırıcı olmağa başladı, məsələ ciddiləşdi. Belədə AFFA da biganəliyin daşını atıb, diviziondakı “oyun tüccarları”na “divan tutmağa” başladı. Ötən ilin dekabrından “danışılmış oyunlar”la mübarizə ciddi mərhələyə qədəm qoydu. AFFA-nın İcraiyyə Komitəsi “Ağsu” ilə “Turan Tovuz”un heyətindən xeyli sayda futbolçunu cəzalandırdı. Sonradan iş o yerə gəlib çatdı ki, “Ağsu” meydana buraxmağa futbolçu da tapmadı, çempionatdakı çıxışını dayandırdı.
İllərdi Azərbaycanda birinci divizionun mükafatçısı olmaq formal xarakter daşıyır. Çünki çempion da, gümüş medalın sahibi də elitaya həsrət qalır. Belədə birinci divizion tam mənasız bir mübarizəyə, perspektivsiz yarışa çevrilir. Nəticədə bu çempionata sponsorların marağı azalır, heç kim məqsədi-məramı bəlli olmayan bir işə cibinin pulunu xərcləmək istəmir. Gələnlər də qumar oynamaq, komandasının oyunlarını mərc kontorlarına “satmaq” həvəsində olanlardı. AFFA məsuliyyəti öz üzərinə götürüb, aşağı büdcəylə divizion klublarını “yola verməyə” çalışır. Onda da futbolçuların məvacibi 300-400 manat civarında olur. Başqa cür mümkün də deyil. Demək olar ki, pulsuz futbol oynayan futbolçu nə etməlidi, ailəsini necə dolandırmalıdı? Əlac qalıb oyun alverçiləri ilə işbirliyinə getməyə ki, onun da nə ilə nəticələndiyini hamımız görürük. AFFA bundan sonra daha 10 il də “danışılmış oyunlar”a görə futbolçuları cəzalandırsa, birinci divizionda kök salmış xəstəliyi müalicə etmək, alverin kökünü kəsmək mümkün deyil.
Divizionda nə perspektiv var, nə də pul qazanmaq mümkündü. Mənasız yaş limiti də bu problemlərin üzərinə əlavə olunmalıdı. Belədə istənilən futbolçu divizionda oynamaq əvəzinə futbolu buraxmağı üstün tutacaq. Ya öz adını ləkələməlisən, ya da futboldan uzaqlaşmalısan. İllərdi bunu görə-görə gəlirik. AFFA əvəzedicilərin çempionatını ləğv edib, bu komandaları da divizionun gözünə qatmaqla daha ciddi səhvə yol verdi. Bununla da birinci divizion olan-qalan marağını da itirdi, “uşaq baxçası”na çevrildi. Təsadüfi deyil ki, ilk gündən “Qəbələ” bu ideyaya qarşı çıxdı, diviziona qatılmağın əlavə xərc və yükdən başqa bir şey olmadığını bəyan etdi. Bölgə klubu sözünün üstündə dayanıb, AFFA-nın cəriməsi belə onun gözünü qorxutmur. Amma zaman sübut edir ki, klublara cəza vermək də çıxış yolu deyil, onları bununla diviziondakı mənasız yarışa qatmağa məcbur etmək mümkün olmayacaq. Artıq “Zirə”nin əvəzedicilərinin diviziona qatılmayacağı ilə bağlı xəbərləri çoxdan eşitmişik. Çox güman, “Səbail” də onlara qoşulacaq. Beləcə 8 premyer-liqa iştirakçısından üçü öz əvəzedici komandalarını faktiki ləğv etmiş olacaqlar. Deməli, günah təkcə “Qəbələ”də deyilmiş. “Səbail” bilavasitə AFFA-nın nəzarətində olan klubdu. Buna nə sözünüz?
Həyəcan təbilini eşitmək vaxtıdı. Əvəzedici komandalara sahib çıxmaq, onları birinci divizion adlanan mənasız bataqlıqdan xilas etmək lazımdı. Əvəzedicilər öz aralarında yarışmalı, əsas komandalar üçün futbolçu yetişdirmək funksiyasını davam etdirməlidi. İllərdi ki, sinənizi irəli verib, lisenziyalaşdırmadan, uşaq futboluna diqqət yetirməyinizdən danışırdız. Nə oldu? Əvəzedici komandaların bir-birinin ardınca dağılması Azərbaycan futbolunun olan-qalan gələcəyinin də məhv olması deməkdi. Elitada əcnəbilərin hesabına güc-bəla ilə 8 komanda oynayır, divizion bərbad, əvəzedici komandaların sayı isə cəmi 5 olsa, hansı gələcəkdən danışacağıq? Sevimli Canni De Byaziyə nəyi göstərəcək, 65 yaşlı italyanı Azərbaycan futbolunun gələcəyinə necə ümidləndirəcəksiz?!

Oxşar xəbərlər
SON XƏBƏRLƏR