Sizin reklam burada

Gördüyümüz “Şerif”dən əsər-əlamət qalmayıb

Baxış Sayı:450


Son iki həftə “Sileks”dən danışır, bu komandanın hər incə detalına fikir verirdik. Artıq buna ehtiyac yoxdu. “Qarabağ” Makedoniya təmsilçisinin qapısından dörd cavabsız top keçirməklə növbəti mərhələyə yüksəldi. Artıq 2-ci mərhələdəki rəqibin kimliyi də bəllidi. Bizə yetərincə yaxşı tanış olan “Şerif” “Fola” səddini adlayıb Bakıya gəlir. Tiraspollular avqustun 26-da Respublika stadionunda Azərbaycan çempionu qarşısında imtahan verəcək. Hələ ki oyuna bir neçə gün vaxt var. Ona görə də “Şerif”i nisbətən yaxından tanımağa çalışaq.
Klubun əsası 1996-cı ildə qoyulsa da, 1997-də “Şerif” adıyla qeydiyyatdan keçib, bir il aşağı dəstədə oynayandan sonra, yəni 1998-dən bu yana Moldova çempionatında mübarizə aparır. Komanda paytaxt Kişinyovdan 70 kilometr şərqdə yerləşən və əhali sayına görə ölkənin 3-cü böyük şəhəri olan Tiraspolu təmsil edir. Tiraspoldakı qədim abidələr, tarixi muzeylər hər nə qədər şəhərin rəmzləri hesab olunsa da, “Şerif” stadionu və eyniadlı komanda da yerli camaatın, eləcə də qonaqların diqqət mərkəzindədi. 2002-ci ildə inşa olunan “Şerif” stadionu müasir standartlara cavab verir, 12 min azarkeş tutumuna malikdi.
Klubun prezidenti 1993-cü ildə “Şerif” adlı şirkət yaradan, sonradan onu holdinqə çevirən Viktor Quşandı. Elə klub da Viktor Anatolyeviçin təşəbbüsü əsasında yaradılıb ki, mətbuatdan uzaq gəzən bu şəxs o vaxtdan bu yana “arılar”ın sponsorudu.
Komandanın baş məşqçisi Zoran Zekiçdi. Bu ad-soyad bizim üçün yeni olsa da, yerli futbolsevərlərə yaxından tanışdı. Çünki Zekiçi indi yox, 2014-cü ildən tanıyırlar. Xorvat çalışdırıcı Tiraspola “Şerif”in əvəzedici komandasını çalışdırmaq üçün gəlsə də, bir il sonra əsas komandanın başına keçmişdi. Lakin orda çox duruş gətirə bilmədiyindən, postunu tərk etməli olmuşdu. Rəhbərlik 2019-un aprelində Qoran Sabliçlə yolları ayırandan sonra Zekiçi yenidən “sükan arxasına” gətirdi ki, yeni çalışdırıcı ilə növbəti çempionluğu bayram etdilər. 46 yaşlı mütəxəssis “Şerif”dən başqa “Osiyek”də baş məşqçilik edib.
“Şerif”dən danışırıqsa, yerli çempionatdakı uğurları qeyd etməmək olmur. 1990-cı illərdə Moldovada “at oynadan” komanda kimi “Zimbru” tanınırdısa, “sarı-qaralar”ın “dünyaya gəlişindən” sonra kölgədə qaldı. Zarafat deyil, “Şerif” 1998-ci ildən bəri iştirakçısı olduğu 22 çempionatdan 18-ni çempion kimi başa vurub. 10 dəfə ölkə kubokunu qazanıblar, 8 dəfə superkubokun qalibi olublar. Qısası, bu gün Moldova futbolu deyəndə, hər kəsin ağlına “Şerif” gəlir.
Avrokuboklardakı durumları da pis deyil. Düzdü, oyun sayına görə “Qarabağ”dan geri qalırlar. Amma söhbət ölkə və klub adına uğurdan gedirsə, Çempionlar Liqasında ciddi mənada heç nə ilə yadda qalmayan Tiraspol təmsilçinin 4 dəfə Avroliqanın qrupuna vəsiqə qazanması vurğulanmalıdı. Düzdü, heç bir halda qrup səddindən o tərəfə adlamaq mümkün olmayıb.
“Şerif”i son illərdə bizə yaxından tanıdan elə “Qarabağ”ın özü olub. Moldavanlar ilk dəfə 2017-nin yayında Azərbaycan çempionu qarşısında məyus olmuşdular. Bakıdakı qolsuz bərabərliyin ardından Tiraspoldakı oyunda bizimkilər 2:1 hesablı qələbəyə sevinmişdi ki, “köhlən atlar” pley-offa adlamış, orda da “Kopenhagen”i keçib Avropanın ən böyük klub turnirinin qrupuna yüksəlmişdi. Bu komandalar arasında növbəti qarşılaşma bir il sonraya, 2018-in yayına təsadüf etmişdi. Bu dəfə Avroliqanın pley-offu idi. “Şerif” ilk oyunda doğma azarkeşləri önündə təmsilçimizi məğlub edib (1:0), Bakıya böyük həvəslə gəlmişdi. Lakin Respublika stadionunda “Qarabağ”ın 3:0-lıq qələbəsi qonaqlara əsl şok yaşatmışdı. Mərhələnin keçilməməsi bir yana, komandalar arasındakı 4 oyunun 2-də ağdamlılar sevinib, 1 dəfə heç-heçə qeydə alınıb, 1 dəfə də tiraspollular qalib gəlib.
Bilirəm, bu dəqiqə çoxlarını düşündürən “Şerif”in hazırkı durumudu. Moldovada çempionat “yaz-payız” sistemi ilə keçirilir deyə, “Qarabağ”ın rəqibi ÇL-ə 2019-un çempionu kimi vəsiqə qazanıb. Ötən il 28 oyunda 70 xal toplayan “Şerif” əsas rəqibi “Sfantul”u 17 xal qabaqlamaqla növbəti çempiuonluğunu rəsmiləşdirib. Bu ilin iyulunda isə Moldova çempionatında yeni mövsümə start verilmişdi. Hətta avqustun 6-na kimi 8 tur oynanılmışdı. Son illərin dəyişməz çempionu bu görüşlərdə maksimum – 24 xal toplayıb, qapısından cəmi 1 top buraxmışdı. Lakin pandemiyaya görə ölkə rəhbərliyi çempionatın dayandırılmasına qərar verdi.
Komandanın aparıcı oyunçuları həmişə olduğu kimi, yenə legionerlərdi. Məsələn, yarımçıq dayandırılan cari mövsümdə komandanın vurduğu 23 qoldan 16-na dörd legioner – Peter Uilson, Anatole Abanq, Qabriel Boban və Kastenada Veles imza atıblar. Adı çəkilənlərin hər biri aparıcı heyətin üzvləri hesab olunur. Həmçinin malavili Çarlz Petro, xorvat Andrey Lukiç, nigeriyalı Feyt Obilor, seneqallı Usman Ndiaye də Zekiçin “11-lik”də güvəndiyi əcnəbilərdəndi. Təsəvvür edin, “Fola”yla oyunda “Şerif”in start heyətində cəmi bir yerli futbolçu yer almışdı – Dmitri Çelyadnik. Bir sözlə, 2017 və 2018-də Bakıya gələn “Şerif”dən əsər-əlamət qalmayıb.
Yeri gəlmişkən, qonaqların heyətində bizə tanış sima var. Bu, ayrı-ayrı vaxtlarda iki dəfə “Zirə”nin şərəfini qoruyan Riçard Qadzedi. Qanalı futbolçu yeni komandasında debüt etmədiyindən, Bakıda meydana çıxacağı sual altındadı. Az qala yadımdan çıxacaqdı. “Şerif”in tarixində azərbaycanlı izi var. 1997/98 mövsümündə yeni yaranan və aşağı dəstədə mübarizə aparan komandanı Əhməd Ələsgərov çalışdırıb. Həmyerlimizin başçılığı altında “sarı-qaralar” ilk cəhddə elitaya yüksəlib. Lakin Azərbaycan millisindən iş təklifi alan Əhməd Lətifoviç “Şerif”də qalmayaraq, vətənə qayıtmağı üstün tutmuşdu.
HƏBİB

Oxşar xəbərlər
SON XƏBƏRLƏR