Avrokuboklarda “Qarabağ”la yeni mövsümə start verdik. Artıq Çempionlar Liqasının ilkin və 1-ci təsnifat mərhələsinin oyunları keçirilib. Avropa Liqasında isə ilkin təsnifat mərhələsi başa çatıb. Qarşılaşmalarda qeydə alınan nəticələr həm klubların, həm də ölkələrin reytinq sıralamasında dəyişikliklərə səbəb olub.
Azərbaycan klublarından birinci “Qarabağ” mübarizəyə başlayıb. Ağdamlılar Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində Şimali Makedoniyanın “Sileks” klubuna 4:0 hesabı ilə qalib gəlib. Bu nəticə ilə “köhlən atlar” ölkəmizin hesabına 0,375 əmsal yazdırıb. Amma bu qələbə Azərbaycanın UEFA əmsallar cədvəlində yerinə təsir etməyib. Cari mövsümdə 0,375, son 5 mövsümün nəticələrinə əsasən 14,750 əmsala malik ölkəmiz 26-cı pillədə qərarlaşıb.
Siyahıda Qazaxıstan Azərbaycanla eyni əmsala malikdi - 14,750. “Astana”nın “Dinamo”ya (Brest) uduzması qazaxları keçməyimizə səbəb olub. Qarşılaşmanın nəticəsinə görə Belarus da əmsalını yaxşılaşdıraraq cədvəldə ölkəmizə bir qədər də yaxınlaşıb. Belaruslular 14,125 əmsala malikdi.
Azərbaycan sıralamada iki ölkəni qarabaqara izləyir - Rumıniya və Norveçi. Ölkəmiz mərkəzi avropalılardan 0,075, Skandinaviya təmsilçisindən isə 0,125 əmsal geridədi. Rumınların 14,825, norveçlilərin 14,875 əmsalı var.
İlk “beşlik”də isə dəyişiklik olmayıb. Hazırda siyahıya İspaniya başçılıq edir. İspanlar 80,354 əmsala malikdi. İngiltərə 78,497 əmsalla ikinci pillədə qərarlaşıb. Üçüncü və dördüncü pillələrdə uyğun olaraq almanlar və italyanlar yer alıb. Onlar 61,438 və 60,355 əmsala malikdilər. Beşinci Fransadı (50,165).
Ümumi nəzər yetirsək, ölkələrin sıralamasında 28-ci və 24-cü pillələr arasında gərgin mübarizə gedəcək. Hər 5 ölkənin hazırda avrokuboklarda 4 təmsilçisi var. UEFA-nın koronavirus pandemiyası səbəbindən mərhələləri pley-offa kimi tək oyundan ibarət etmək qərarı Azərbaycan kimi dövlətlərin xeyrinə olub. Belə ki, artıq qələbəyə görə hər ölkənin hesabına 0,375, məğlubiyyətə görə isə 0,125 əmsal əlavə olunur. Belə olan təqdirdə Azərbaycan klublarının 2 və ya 3 mərhələ keçməsi, hansısa komandamızın qrupa vəsiqə qazanması sıralamada yetərincə irəliləməyimizə səbəb ola bilər. Ən azı “Qarabağ”ın son 6 ildəki uğurları bunu deməyə əsas verir. Gözləyək və klublarımızın uğur qazanmasına inanaq...
İLKİN SULTANLI