Sizin reklam burada

Amit Quluzadə şansları bərabər sayır

Baxış Sayı:426


“Bu ikilidən ehtiyat etmək lazımdı”
“Qarabağ” Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində Moldova “Şerif”iylə qarşılaşacaq. Ağdamlılar bu komanda ilə 5-ci dəfə münasibətləri aydınlaşdıracaq. 2017/18 mövsümündə Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “köhlən atlar” 0:0 və 2:1 hesablı nəticələrlə ümumi hesabda qələbə qazanaraq növbəti tura adlamağı bacarmışdı. 2018/19 mövsümündə isə Avropa Liqasının pley-offunda ilk oyunda səfərdə “Şerif”ə 0:1 uduzan Ağdam klubu cavab görüşündə qələbə qazanıb - 3:1. Bu nəticə ilə “köhlən atlar” qrupa vəsiqə qazanmışdı.
Bəli, rəqib köhnə tanışdı. Amma bu müddət ərzində “Şerif”in heyətində kifayət qədər dəyişiklik olub. Tiraspol təmsilçisinin oyun fəlsəfəsi dəyişib. Bu fikri Moldovada çıxış edən azərbaycanlı futbolçu Amit Quluzadə də təsdiqləyir. “Milsami”nin üzvü “Qarabağ”ın “Şerif” qarşısında şansının heç də yüksək olmadığını bildirdi: “Bu qarşılaşma sözün əsl mənasında çox gərgin olacaq. Şanslar bərabərdi. Hər iki komandanın növbəti mərhələyə keçmək ehtimalı 50 faizdi. Matç azarkeşlərinin önündə keçirilsəydi, “Qarabağ” bir baş üstün ola bilərdi. Ümumiyyətlə, Ağdam klubu üçün çətin oyun olacaq. Komanda yoldaşlarımın mənə verdiyi məlumata görə, “Şerif” ötənilki heyətini tam dəyişib. Demək olar ki, yeni komanda qurulub. Ən əsas məsələ də budu ki, Tiraspol klubu səhv etmirəmsə, 14-cü oyununu keçirir. Ağdam təmsilçisində ayrılanlar və yeni qoşulanlar olsa da, çox dəyişiklik olmayıb. Amma oyun praktikasının azlığı “Qarabağ”a problem yarada bilər”.
Yarımmüdafiəçi ağdamlılara ümid etdiyini də bildirdi: “Mən “Şerif”ə qarşı matçda meydanda olmuşam. Bu səbəbdən də onlar haqda çox danışa bilərəm. Lakin “Qarabağ” barədə o qədər də məlumatım yoxdu. Ümid edirəm ki, Azərbaycan klubu qalib gələr və növbəti mərhələyə vəsiqə qazanar”.
Quluzadə “Şerif”in hücum xəttinin güclü olduğunu açıqladı: “Moldova klubunun heyətində Anatole Abanq adlı hücumçu var. Çox yaxşı təsir bağışlayır. Frank Kastaneda ilə yaxşı tandem təşkil edirlər. Onlar birgə çox yaxşı mübarizə aparırlar. Düzdü, “Fola” ilə matçın ancaq icmalına baxdım, amma digər qarşılaşmalarını izləmişəm. Bu ikilidən ehtiyat etmək lazımdı. Yenə deyirəm, 2 oyunluq mərhələ olsaydı, “Qarabağ”ın şansları yüksək olardı. Amma indi belə vəziyyətdə hər iki komandanın mərhələ adlamaq ehtimalı var. “Qarabağ” yaxşı oyun göstərsə, növbəti mərhələyə vəsiqə qazanacaq”.
İLKİN SULTANLI

Oxşar xəbərlər
SON XƏBƏRLƏR