Sizin reklam burada

Zabrodin yaşasaydı, 75 illiyini qeyd edəcəkdi

Baxış Sayı:680


SSRİ Spartakiadasının qalibi xatirələrdə...
Azərbaycan futbolunun bəlası təkcə bugünümüzlə bağlı deyil. Futbolumuzun dünəninin yavaş-yavaş yoxa çıxması, 20-30 il sonra indiki gənc nəslə göstəriləcək əyani vəsaitin olmaması ciddi təhlükədən xəbər verir. Çünki futbolumuzun sovet dövrü ilə bağlı nə lazım olan qədər kitab var, nə verilişlər, nə də xüsusi statistik məlumatlar. Bu mənada ayrı-ayrı ştajlı futbol mütəxəssislərinin dəftərçələri işə yaraya bilər ki, onlar da çox vaxt üzə çıxmır. Və beləcə illər sonra nə Ələkbər Məmmədov xatırlanacaq, nə Anatoli Banişevskinin etdiklərindən bəhs olunacaq, nə də “Neftçi”nin 1966-cı ildəki “bürünc”ü yada düşəcək. Hətta dediklərim xatırlansa da, başqalarının adı çəkilməyəcək.
Məsələn, vaxtilə “Neftçi”nin sıralarında olmuş Viktor Zabrodinin 2017-ci il aprelin 15-də dünyasını dəyişdiyini bilirdizmi? Xeyr. Heç biz də bilmirdik. Bunu bilmək üçün gərək ona yaxın adamlarla əlaqən olsun, keçmiş futbolçu dostları bu haqda mətbuata xəbər versin. Elə biz də bu haqda bilgini rəhmətliyin dostlarından olan, eyni qabdan çörək yemiş Asəf Namazovla söhbətdə təsadüfən öyrəndik.
Viktor İvanoviç Zabrodin... Valideynləri əslən rus olsalar da, özü 1945-ci il iyunun 29-da Bakının mərkəzində, Azərbaycan Dövlət Dram Teatrının yerləşdiyi binanın arxasındakı küçədə - “Poluxin”də, neftçi ailəsində anadan olmuşdu. Elə orda böyümüş, futbolun sirlərinə “Spartak” stadionunda yiyələnmişdi. Onu ən çox tanıdan 1961-ci ildəki uğur idi. 16 yaşında “Neftçi”nin heyətində Nikolay Boqdanov, Aleksandr Şexov, Ravil Batrayev, Boris Zubkov, Hafiz Namazov, Yuri və Sergey Melkumov kimi dövrünün tanınmışları ilə birgə Azərbaycanın 17 yaşa qədər futbolçularından ibarət komandası ilə SSRİ Spartakiadasının qalibi olması bacarığının göstəricisi idi. Lakin “Neftçi”də Anatoli Banişevski, Kazbek Tuayev, Eduard Markarov kimi ünlülərin olduğu əsas komandada möhkəmlənə bilmədiyindən sonradan Kirovabad “Dinamo”sunun, Sumqayıt “Polad”ının, Maykop “Drujba”sının, Cambul “Alatau”sunun uğurları üçün tər tökməli olmuşdu. Yaşasaydı, iyunun 29-da 75 illik yubileyini qeyd edəcəkdi. Qismət olmadı...
Vaxtilə Viktor İvanoviçlə çiyin-çiyinə futbol oynamış veteranlardan hələ də həyatda olanlar var. Madam ki, söz rəhmətlikdən düşüb, onların da fikirlərini dinləmək xoş olardı.
Asəf Namazov: “Viktor İvanoviçlə “Neftçi”də mən yox, böyük qardaşım, rəhmətlik Hafiz oynamışdı. Qazaxıstanda da birgə çıxış etmişdilər. Hafizlə yaxın idi deyə, bizə tez-tez gəlirdi. Heç yadımdan çıxmaz, 1961-ci ildə Spartakiadanın qalibi olandan sonra SSRİ yığmasının futbolkasında bizə gəlmişdi. O vaxt mənim 9 yaşım vardı, indiki Əlövsət Quliyevlə Lev Tolstoy küçələrinin kəsişməsində yaşayırdıq. Rəhmətliyin əynindəki futbolkanı geyib həyətdə o tərəf-bu tərəfə gəzirdim. Futbol adamı idi, o qədər saf, təmiz idi ki... İndi elə adamlar tapmaq çox çətindi.
Zabrodin dövrünün ən yaxşı futbolçularından sayılırdı. Sağ cinah hücumçusu kimi oynayırdı, olduqca sürətli və texnikalı idi. O vaxt hamı hücumçu olmaq istəyirdi: qol vurum, adım çıxsın. Rəhmətliyin bəxti onda gətirmədi ki, “Neftçi”də Banişevski, Tuayev, Markarov kimi futbolçular oynayan dövrə düşdü. Aşağı-yuxarı həmyaşıd idilər. Karyerasını zədəyə görə, səhv etmirəmsə, 1974-də başa vurdu. Zədə olmasaydı, daha çox oynayardı. Karyerasını başa vurandan sonra təqaüdə çıxana qədər Gənclərin Futbol Məktəbində məşqçi işləyirdi.
Tez-tez ona baş çəkərdim, maraqlanardım. Ürəyini mənə açırdı, olub-keçənlərdən danışırdı. Ölümündən bir gün əvvəl onlara getmişdim, durumu pis deyildi. Ertəsi qəfil ürəyi tutub, özünü pis hiss etdiyini deyib. Yox-yox, yolunu davam etdirən yoxdu. İki qızı var, iki də qız nəvəsi. Çox yaxşı insan idi. Allah rəhmət eləsin!”
Nurəddin Əliyev: “Elə bir gündə zəng vurmusuz ki... Bu gün mənim ad günümdü, 71 yaşım tamam olur. Allah içi mən qarışıq bütün veteran futbolçularımıza cansağlığı versin. Viktor İvanoviç çox gözəl insan idi, çox. İndi hardadı o cür insanlar? Böyük-kiçik yerini bilər, artıq-əskik danışmaz, bacarığına görə özünü heç kimdən yüksəkdə tutmazdı. Futbolçu bacarığından çox insani keyfiyyətlərinə görə sevilirdi. Vaxtilə “Dinamo”da (Kirovabad) komanda yoldaşı olmuşduq. 1966-cı ildə bizə “Neftçi”dən gəlmişdi. Cinah hücumçusu kimi oynayırdı. Çox ağıllı futbolçu idi, yaxşı driblinqləri vardı, sürəti ilə seçilirdi. Zədə ona çox mane oldu. Heç yadımdan çıxmaz, bizim komandaya yeni gəlmişdi, 1966-cı ildə Tallin “Dinamo”su ilə oyunda dizindən ağır zədə aldı. Ondan sonra Moskvada əməliyyat olundu, çətin dönəm keçirdi. Futbolu qurtarandan sonra da münasibətimiz vardı. GFM-də məşqçi işləyirdi, arada danışırdıq. Allah rəhmət eləsin. Başqa nə deyə bilərəm?”
HƏBİB

Oxşar xəbərlər
SON XƏBƏRLƏR