Sizin reklam burada

Yunis Hüseynovun çətin tapşırığı

Baxış Sayı:1 017

Yunis Hüseynov “Keşlə”nin baş məşqçisi vəzifəsinə gətirilib. Sözsüz, bu dəfə də qərarı klubun Müşahidə Şurasının adına yazıblar. Amma hamımız yaxşı başa düşürük ki, “Keşlə”nin Müşahidə Şurası elə başqa klubların analoji qurumları kimi formallıq xətrinədi. Bu şuraların heç bir qərar vermək səlahiyyəti yoxdu. Ümumiyyətlə, əvvəllər hansısa klubun Müşahidə Şurası toplantı xətrinə toplanıb, bir-iki şəkil çəkdirib saytlara ötürürdüsə, pandemiyadan sonra bunu da etmək mümkün deyil. Beləcə Müşahidə Şurası adlandırılan həmin o formal təşkilatlar xəyalən toplanır, qərarlar verir. Tərlan Əhmədovun istefaya göndərilməsi, onun vəzifəsinin Zaur İsmayılova tapşırılması, daha sonra da Yunis Hüseynovun baş məşqçi postuna gətirilməsi eyni ssenari üzrə həyata keçirilib. Yəni qərarları “Keşlə”nin Müşahidə Şurasının rəhbərliyi, əslində isə özünü klubun prezidenti kimi aparan Zaur Axundov təkbaşına verib. Sözsüz, Axundov hər nə qədər təkbaşına qərarlar versə də, müəyyən adamların, daha dəqiq desək, AFFA-nın icraçi vitse-prezidenti Elxan Məmmədovun razılığını aldığı şübhə doğurmur. Çünki “Keşlə”nin “donoru” AFFA-dı. Kimin ixtiyarı var ki, AFFA-nın (oxu: Elxan Məmmədovun) razılığını almadan hansısa qərar versin?!
AFFA-nın texniki direktoru Bernard Lippertin yola salınmasından sonra yaşananlar tezliklə nəyinsə baş verəcəyinin xəbərçisi idi. Ötən ilin payızında Hüseynov Lippertin köməkçisi təyin olunmuşdu. Amma nə qədər qəribə olsa da, almaniyalı mütəxəssis ölkəsinə yola salınandan sonra onun boşaltdığı posta Yunis Hüseynov yox, Cahangir Həsənzadə əyləşdirildi. Hardan baxırsan-bax, bu qərar Yunis Hüseynova hörmətsizlik idi. Sözün düzü, mən də həmin vaxt bu qərara xeyli təəccüblənmişdim. Gözləyirdim ki, yaranmış vəziyyət Yunis bəyin “səbr kasasını daşıracaq”, adam üsyan bayrağını qaldırıb AFFA-nın başbilənlərinin hörmətsizliyinə cavab verməyə tələsəcək. Lakin belə olmadı. Deməli, “boz bina”da müəyyən ssenari hazırlanıb və bu barədə Yunis bəyə də xəbərdarlıq edilib ki, bir az səbirli olsun, yaxında daha “xoş xəbərlər” olacaq. Və gözlənilən an yetişdi, həmin o xoş xəbəri eşitdik. Yunis Hüseynov “yaşıl meydanlara” qayıtdı. Özü də məmur, əlaqələndirici, nə bilim, texniki direktor kimi mücərrəd bir vəzifənin sahibi kimi yox, baş məşqçi kimi.
“Kəpəz”in baş məşqçisi olduğu dönəmlərdə Yunis bəyin futbolçularla görüş keçirdiyi zaman çəkilən bir fotoşəkil vardı. Həmin şəkil diqqətimi çəkmişdi, bu barədə “feysbuk”da status da yazmışdım. Diqqətimi çəkən Yunis bəyin optik eynəkdən istifadə etməsiydi. Özü də bu eynək Hüseynovu xeyli yaşlı göstərirdi. Etiraf edirəm ki, kədərlənmişdim. Bizim nəsil Yunis Hüseynovun meydana futbolçu kimi çıxdığı oyunları canlı izləyib. Futbolçu kimi izlədiyimiz birini məşqçi qismində, özü də optik eynəklə görmək adama xeyli kədərli hisslər gətirir. Deyə bilərsiz ki, zəmanə dəyişib, indi azyaşlılar da görmə problemi yaşayır, gözlükdən istifadə edirlər. Bunları mən də bilirəm. Amma yenə də Yunis Hüseynovun gözlüklü görüntüsü məni xeyli kədərləndirirdi. Düşünürdüm ki, vaxt necə uçub gedir, bizi də qocaldır. Allah Yunis bəyə cansağlığı versin, mən heç də onun qocaldığını demək istəmirəm. Özümüz də onunla birlikdə yaşlanırıq. Bəlkə də məni kədərləndirən futbolçu kimi sevdiyimiz, istedadı şübhə doğurmayan Hüseynovun məşqçi kimi yetərincə şans qazana bilməməsi idi. Özü də həmin vaxt “Kəpəz” xeyli çətin günlər keçirirdi, autsayder adından qurtulmaq üçün savaşırdı. Bu savaşdan qalib çıxmaq isə xeyli çətin görünürdü. “Kəpəz”in elitanın sonuncusu olması həm də Hüseynovun “şəxsi işi”nə yazılacaqdı. Çox təəssüf ki, gözlənilən kimi də oldu.
Lippertin köməkçisi kimi çalışmağı mən Yunis Hüseynova yaraşdıra bilmirdim. Söhbət heç də almaniyalı mütəxəssisin şəxsiyyətini aşağılamaqdan getmir. Yunis Hüseynov futbolumuzun dəyərli isimlərindən biridi. Biz onu daha yüksəklərdə, daha ciddi işlərlə məşğul olarkən görməyi arzulayırıq. Bu mənada “Keşlə”nin baş məşqçisi kimi çalışmaq AFFA-nın texniki direktorunun köməkçisi olmaqdan min dəfə urvatlı işdi. Sevinirəm ki, Yunis bəyə elitanın autsayderini yox, avrokuboklarda çıxış etməyə hazırlaşan komandalardan birini tapşırdılar. Özü də bu komanda ötən mövsümün bürünc mükafatçısıdı və yetərincə inamlı təsir bağışlayıb. Deməli, Hüseynovun şikayətlənmək üçün ciddi əsasları olmayacaq. Bu isə həm də o deməkdi ki, yeni işi urvatlı olmaqla yanaşı, xeyli məsuliyyətlidi. Artıq ilk müsahibələrindən Yunis bəy transferləri özünün etmədiyini, heyətin ona qədər formalaşdırıldığını deyib. Özlüyündə haqlıdı da. Hamı bilir ki, Zaur Axundov avrokubokların və premyer-liqanın startına sayılı günlər qalanda baş məşqçi dəyişikliyi etməklə “Keşlə”nin taleyi ilə oynadı. Hüseynov da yetərincə təcrübəli, futbolun altını da, üstünü də bilən mütəxəssisdi. Yaxşı başa düşür ki, hansısa uğursuzluq zamanı “heyəti mən qurmamışdım” dəlili bəsit bəhanə kimi görünəcək. Deməli, Yunis bəy hansı məsuliyyətin altına çiyinlərini verdiyinin fərqindədi. Özü də Zaur Axundov kimi təzadlı bir klub rəhbəri ilə çalışacaq. Ümid edək ki, bütün bu çətinliklərin öhdəsindən gəlmək mümkün olacaq. Uğur olsun, Yunis bəy. Sizə inananları sevindirin, möhkəm olun!

Oxşar xəbərlər
SON XƏBƏRLƏR