Sizin reklam burada

Nurəddin Əliyev 71-i geridə qoydu

Baxış Sayı:574


“Mənim kimi Gəncədə qalanları heç kim yada salmır”
SSRİ futbolu tarixində yalnız bir mövsümdə güclülər dəstəsində Azərbaycan iki klubla təmsil olunub ki, o da 1968-ci ilə təsadüf edib. Həmin il Gəncə “Dinamo”su “Neftçi” ilə bərabər elitada mübarizə aparıb. 1967-ci ildə birinci dəstədə uğurlu çıxış ilə seçilən “dinamoçular” yaz-payız sistemi ilə keçirilən birinciliyin qızıl medallarını qazanıblar.
Kirovabad komandası noyabrın sonlarına təsadüf edən keçid oyunlarında rəqiblərindən üstün olub. 3 zonanın qaliblərinin – Ukraynadan SKA, Qazaxstandan Karaqanda “Şaxtyor”u və “Dinamo”nun mübarizə apardığı iki dövrədən ibarət oyunlarda “Dinamo” Orta Asiya təmsilçisi ilə eyni - 5 xal toplayıb. Nəticədə iki kollektiv arasında yüksək liqaya vəsiqə verən yer uğrunda final görüşü təyin olunub. Daşkənddə keçirilən həlledici qarşılaşmada “Dinamo” 1:0 hesabıyla qalib gələrək SSRİ dövrü üçün ən böyük, tarixi uğuruna imza atıb.
Keçid oyunları zamanı “Dinamo”nun Kiyevdəki görüşü xüsusi əhəmiyyət kəsb edib. Komanda səfərdən qələbəsiz dönəcəyi halda vəsiqədən əlini üzəcəkdi. Oyunun sonuncu dəqiqəsində, hesab 2:2 olarkən ev sahiblərinin qapısına 11 metrlik cərimə zərbəsi təyin olunub. Ukraynalı müdafiəçilər Nurəddin Əliyevə qarşı cərimə meydançasında kobud oynayıblar və hakim penalti nöqtəsini göstərib. Və ardınca əlavə edib ki, vaxt başa çatdığından bu oyunda son zərbə olacaq. “Nöqtə”yə yaxınlaşan Müzəffər Qasımov isə şansı qaçırmayıb və “Dinamo”ya həyat verən qolun müəllifi olub. Əsası 1959-cu ildə qoyulan komandanın 8 ildə pillə-pillə məqsədinə doğru irəliləməsi və sonda ən güclülərin çıxış etdiyi dəstəyə vəsiqə qazanması böyük maraq doğurmaya bilməzdi. “Dinamo”nun SSRİ birinciliyinin elitasına çıxması ittifaq məkanında böyük əks-səda doğurub.
Deyə bilərsiz ki, bu gün Gəncə təmsilçisinin 53 il öncə qazandığı uğuru yada salmağın mənası nədi? Bu haqda onsuz da mətbuatda çox yazılıb, yetərincə məlumat paylaşılıb. Ancaq bu gün 53 il əvvəlki uğuru yada salmağımızın özəl səbəbi var. Kiyevdəki önəmli qələbənin memarlarından biri olan, şirin Gəncə ləhcəsində, özü demişkən, “təkbətək çıxmışdım, yüz faiz qol vurajaqdım, amma yıxdılar” deyən Nurəddin Əliyev dünən 71 yaşını qeyd edib.
Doğum günüylə bağlı əlaqə saxladığımız veteran futbolçu ilə söhbətə gənclik illərini yada salmaqla başladıq: “Hələ də xatırlanan “Dinamo”nun heyətində çıxış edənlərdən Müzəffər Qasımov, qapıçı Zakir Süleymanov, Bakıda yaşayan Ravil Batrayev və bir də mən qalmışam. Sağ olun ki, doğum günündə məni yada saldız. 18 yaşımda “Dinamo”nun heyətində debüt etmişəm. Komanda ikinci liqada çıxış edən zaman 29 matçda meydana çıxmışam. Gənc olmağıma baxmayaraq, güclülər dəstəsinə vəsiqə qazanan “Dinamo”nun əsas oyunçularından biri olmuşam. Həmin il heç kimin ağlına gəlməzdi ki, Azərbaycanın ikinci şəhərinin komandası ittifaq daxilində belə uğura imza ata bilər. Güclülər dəstəsinə vəsiqə qazanmaq üçün keçid oyunlarında iştirak edib, ilk pilləni tutmalıydıq. Kiyevdəki matçın ilk hissəsində 0:2 hesabı ilə geridə idik. Fasilədən sonra iki qol vurub hesabı bərabərləşdirdik. Heç-heçə bizə sərf etmirdi, belədə xal fərqinə görə şansımızı itirirdik. Son saniyələrdə meydanın mərkəzindən ötürmə alıb sürətlə cərimə meydançasına daxil oldum. Qol vuracağım bəlli idi, çünki artıq qapıçını da keçib boş qapı ilə üzbəüz qalmışdım. Həmin an müdafiəçi mənə qarşı kobud oynadı və kiyevlilərin qapısına penalti təyin olundu. Kapitanımız Müzəffər Qasımov isə bizə həyat verən qolun müəllifi oldu. Ondan sonra Daşkənddə gələrək “Şaxtyor”la qarşılaşdıq və onları da minimal hesabla yenib güclülər dəstəsinə vəsiqə qazandıq”.
32 yaşında karyerasını başa vuran veteran futbolçu “Neftçi”də və Aşqabad “Kolxozçu”sunda oynadığını bildirdi, məşqçi fəaliyyətindən danışdı: “1972-75-ci illər aralığında “Neftçi”nin şərəfini qorumuşam. Ondan sonra Aşqabad “Kolxozçu”suna üz tutdum. Geri dönəndən sonra bir müddət də futbol oynadıqdan sonra karyeramı başa vurub məşqçiliyə başladım. Əvvəlcə “Kəpəz”in aşağı yaş qruplarında işlədim, sonra isə indiki Göygöl rayonunda mənə iş təklif olundu və ora getdim. 1983-cü ildə rayonun “Məhsul” cəmiyyətinin məşqçisi təyin olundum və həmin dönəmdə Vidadi Rzayev kimi futbolçunu üzə çıxardım. Onun sonrakı karyerası hamıya məlumdu. Bir müddətdən sonra “Məhsul”un respublika üzrə baş məşqçisi təyin olundum. Mənim rəhbərliyim altında cəmiyyətin yığma komandası Ternopolda təşkil olunan ümumittifaq səviyyəli “Kolos” turnirində ikinci yeri tutdu ki, bu da SSRİ-də yaxşı mənada böyük səs-səda doğurmuşdu”.
71 yaşını qeyd edən veteran Gəncə futbolunun bugünkü durumundan ürəkağrısı ilə danışıb, özünün üzləşdiyi problemlərdən də söz açdı: “Çoxları bu gün məni təbrik edib, xoş arzularını çatdırıblar. Ancaq mənim də öz arzum var. Gəncə futbolunun, türklər demiş, əski günlərini görmək istəyirəm. Bizim vaxtımızda Gəncədə futbol sözlə deyə bilmədiyim hörmətdə idi. Kaş indki cavanlar, yeni nəsil jurnalistlər o illəri heç olmasa, sənədli filmlərdə görə biləydilər. Təəssüf ki, arxivdə belə material yoxdu, varsa da, çox azdı. Gəncəlilər futbolçuları ən əziz adamları kimi qəbul edirdilər. “Dinamo”nun, “Kəpəz”in oyunçusu olmaq onminlərlə gəncin arzusu idi, ancaq onlardan yalnız barmaqla sayılacaq qədər uşaqlar o xoşbəxtliyə çatırdılar. Komandaya düşənlərə şəhərdə hamı həsədlə baxırdı, onları tanıyırdı. İndi hər şey dəyişib. Bir vaxtlar Azərbaycanın futbol beşiyi olan şəhərdə indi normal komanda belə yoxdu. Yaxşı ki, İsgəndər Cavadov kluba kömək etdi, “Kəpəz”i ayaqüstə saxlamaq üçün kimlərəsə minnətçi düşdü. Yoxsa bu gün Gəncədə heç birinci divizion səviyyəsində komanda olmayacaqdı. Meydanın qazonunu yeniləyiblər, məşq etmək üçün AFFA tərəfindən süni örtüklü meydan salınıb. Ancaq böyük futbol yoxdusa, bunlar gəncəlilərin nəyinə lazımdı? Elə bil muzey açmısan, ancaq orda adamları cəlb edən heç bir tarixi eksponat, əsər yoxdu. Sizcə, o muzeyə gələn olacaq? Təəssüf ki, indi Gəncə futbolu məhz bu gündədi. Çox istərdim ki, Allahın mənə bəxş edəcəyi həyatımın qalan hissəsində Gəncə futbolunun əvvəlki əzəmətini qaytardığını görüm. Biz buna layiqik. Ən böyük arzularımdan biri də gəncəli veteranlara lazımi qiymətin verilməsini görməkdi. Heç kim məndən inciməsin, hər şeyi Bakı ilə ölçmək düz deyil. Vaxt var idi, “Neftçi”nin əsas heyətində çıxış edənlərin 70 faizini Gəncə klubundan çıxanlar təşkil edirdi. Onların bəziləri sonradan paytaxta köçdü, dövlət tərəfindən diqqət və qayğı gördü. Mənim kimi Gəncədə qalanları isə heç kim yada salmır. AFFA-dan 180 manat təqaüd alıram, bunu danmıram. Ancaq bu günə kimi evim yoxdu. Oğlumun ailəsi ilə birgə kirayədə qalıram, ayda da 300 manat kirayə haqqı ödəyirəm. Dolanışıq çox çətindi. Yaxşı olardı ki, ölkənin futbol təsərrüfatına rəhbərlik edən şəxslər arabir bölgələrə də diqqət ayırsınlar, orda yaşayan, bir vaxtlar ölkə futbolunda adından söz etdirən veteranları da yada salsınlar. Azərbaycan təkcə Bakıdan ibarət deyil ki...”
RƏŞAD

Oxşar xəbərlər
SON XƏBƏRLƏR