Sizin reklam burada

“Mahirin hərəkəti klubun fəlsəfəsinin, görülən işlərin bariz nümunəsi idi”

Baxış Sayı:574


Tahir Gözəl Çempionlar Liqasında startı dəyərləndirdi
“Qarabağ”ın prezidenti Tahir Gözəl klubun mətbuat xidmətinə müsahibə verib. O, komandasının “Sileks”i məğlub edərək (4:0) növbəti mərhələyə yüksəlməsindən danışıb.
- Əlbəttə, komandam qələbə qazandığına görə çox sevincliyəm. “Qarabağ” 5 aydan çoxdu rəsmi görüşdə meydana çıxmırdı. Amma komandamız təcrübəsini, xarakterini ortaya qoyaraq qələbə qazandı. Hocamızı, bütün komandamızı təbrik edirəm. Uğurlu başlanğıc həmişə əsas hədəfə getmək üçün yaxşı motivasiya sayılır. Hələ yolun başındayıq. Oyundan-oyuna performansımızı daha da artıracağımıza inanıram.
- Vurğuladız ki, 5 ay sonra komanda ilk oyununa çıxdı. Bu qədər uzun müddətdən sonra belə inamlı qələbə gözləyirdizmi?
- Açığı, mənim üçün komandanın hansı hesabla qələbə qazanması heç də əsas deyil. Əla qələbə qazandıq. Amma bu hesab bizi aldatmamalı, vurulan 4 qol arxayınlaşdırmamalıdı. Bu qələbə heç də asanlıqla qazanılmadı. Futbolçular meydanın hər yerində mübarizə apardılar. Bilirik ki, hələ çox işləməliyik, getdikcə bizi daha çətin qarşılamalar gözləyir. Qələbədən məmnunam. Amma artıq bunu unudub növbəti matçları fikirləşmək lazımdı.
- Ötən mövsümlə müqayisədə “Qarabağ”ın heyətində ciddi dəyişikliklər olub. Komanda yenilənib və gəncləşib. Həmişə fikirlərinizdə gənclərə önəm verdiyinizi görmək olar.
- Əlbəttə, “ Qarabağ”da nə qədər çox yerli gənc olsa, yaxşı olar. Bunu mən həmişə vurğulamışam. Amma unutmayaq ki, “Qarabağ” daim yüksək hədəfləri olan komandadı. Uğur yolunda təcrübə mühüm amildi. Bilirəm ki, Qurban müəllim mümkün olduğu qədər gənclərə şans verməyə çalışır. Bu gün heyətimizdə yetərincə gənc var. Qurban müəllimlə işləmək onlar üçün əla şansdı. İnanıram ki, onların gələcəkdə Maksim Medvedev, Qara Qarayev kimi futbolçu olmaq şansı var. Bunun üçün üzərlərində çalışmalı və hazır olmalıdılar.
- “Qarabağ”da yeni adlar görə biləcəyikmi?
- Dəfələrlə demişik ki, transfer məsələlərində bütün səlahiyyətlər Qurban Qurbanova aiddi. Bilirsiz, mövcud pandemiya səbəbindən transfer məsələləri olduqca mürəkkəbləşib. Həm çempionatlarda qarışıqlıq, eyni zamanda, iqtisadi durumlar futbolçu seçimini, transferini qəlizləşdirib. Buna baxmayaraq, axtarışlar davam edir. “Qarabağ”ın fəlsəfəsinə, duruşuna və tələblərinə cavab verən futbolçuları sıramıza qatmağa çalışacağıq.
- “Qarabağ”ın növbəti rəqibi “Şerif” - “Fola” cütünün qalibi olacaq. Bu mərhələdə yenidən, üçüncü dəfə “Şerif”lə qarşılaşmaq ehtimalı var. Komandanın şansını necə görürsüz?
- Hər nə qədər “Şerif”in şansı yüksək qitmətləndirilsə də, Çempionlar Liqasında matç bitmədən danışmaq düzgün olmaz. Düzdü, “Şerif”in evdə oynadığını nəzərə alsaq, qələbəyə yaxın görünür. Moldovalılarla oynasaq, işimizin heç də asan olmayacağını söyləmək olar. Nəzərə alsaq ki, hər iki halda “Şerif”i məğlub etmişik, bizimlə qarşılaşmaya revanş kimi baxa bilərlər. İstənilən halda, mən komandama inanıram. Amma yenə də bu haqda oyundan sonra danışmaq daha düzgün olar.
- Mahir Əmrəli qol vurandan sonra əsgər salamı verməklə yadda qaldı. Onun bununla iyul hadisəsinin şəhidlərini yad etməsini necə qarşıladız?
- Əlbəttə, bu hadisə məni çox duyğulandırdı. Artıq 17 ildi “Qarabağ”a rəhbərlik edirəm. Və bu müddət ərzində komandadan tək istəyim olub: Azərbaycan, Qarabağ naminə meydana çıxdığınızı unutmayın. Klubda müntəzəm Qarabağ, Azərbaycan həqiqətlərinin mahiyyəti barədə iş görülür. Mahirin hərəkəti klubun fəlsəfəsinin, görülən işlərin bariz nümunəsi idi. Əsl “Qarabağ”` futbolçusu ölkəsinə, bəşəri hadisələrə duyarlı olmalı və əlindən gələnin ən yaxşısını etməlidi.
- İyul hadisələri zamanı da “Qarabağ”da oynamış futbolçuların sosial şəbəkələrdə Azərbaycanı dəstəkləməsiylə bağlı təşəkkür ismarıcı vermişdiz. Ümumiyyətlə, bunu klubun bu yöndə davamlı fəaliyyətinin bəhrəsi kimi qiymətləndirmək olarmı?
- Çox sevinirəm ki, komandamızın futbolçuları hansı klubu təmsil etdiklərinin fərqindədilər. “Qarabağ”ın formasını geyən hər bir futbolçu onun hansı bölgəni təmsil etməsini, nəyə xidmət etməsini, formasının məsuliyyətini anlamalıdı. İyul hadisələri zamanı nəinki hazırkı, eyni zamanda sabiq əcnəbi futbolçularımız Qarabağa, Azərbaycana sadiqliyini, sevgisini nümayiş etdirdilər. Eyni zamanda 2016-cı il hadisəsi zamanı ordumuzun qəhrəmanlıqları da futbolçularımızın diqqətində və sevgisində idi. Xocalı faciəsi bəşər tarixinin ən ağır səhifələrindən biridi. 26 fevral günü mənim üçün ən önəmli məsələ komandamla bu hadisə qurbanlarının xatirəsini yad etmək və futbolçuların şüurunda bu hadisəyə xüsusi yer etməkdi. Mənim üçün idman uğurlarında daha çox idman əxlaqı, duruşu önəmli olub. Bir klubda bunu formalaşdırsan, qələbələr də gələcək. Mən buna həmişə inanmışam. Respublikamızın Prezidenti cənab İlham Əliyevin “Qarabağ”ı qəbul edərkən komandamızın idman nailiyyətləriylə yanaşı, duruşunu, mənəviyyatını xüsusilə vurğulamasını, klubun Qarabağ həqiqətlərinin dünyaya çatdırılması yönündə spesifik rolunu bildirməsi düzgün yolda olmağımızın göstəricisidi. Bu, bizi qürurlandırmaqla yanaşı, yeni hədəflərə kökləyir. Biz mənəvi gücümüzü adımızdan, ölkə başçısından tutmuş sadə vətəndaşına qədər bir olan inamından alırıq.
- “Qarabağ”ı bu il yenidən qruplarda görə bilərikmi?
- Komandama inamım hər zaman sonsuz olub. Bəlkə də 10-15 il öncə kimsə desəydi ki, “Qarabağ” Çempionlar Liqasında oynayacaq, ardıcıl 6 il avrokuboklarda qrup mərhələsində iştirak edəcək, heç kim ona inanmazdı. Amma o gün də, bu gün də komandama inanıram. “Qarabağ” artıq nəinki Azərbaycanda, eyni zamanda Avropada özünəməxsus bir markadı. İnanıram ki, komandamız yenə də inanılmazı bacararaq uğurlu nəticələr əldə edəcək.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR