Sizin reklam burada

“İmarət”in planı baş tutmayıb

Baxış Sayı:554


Azarkeşlər oyunu kiçik qruplar şəklində evdə izləyiblər
Azərbaycan klubları üçün yeni avrokubok mövsüm başladı. Mübarizəyə ilk başlayan “Qarabağ” oldu. Ağdamlılar “Sileks”i boş tribunalar önündə 4:0 hesabı ilə yenərək növbəti mərhələyə vəsiqə qazandı. Heç şübhəsiz, istənilən komanda üçün boş stadionda oynamaq çətindi, azarkeşlərin səsini eşitməmək, dəstəyini hiss etməmək, qol sevincini onlarla bölüşməmək futbolçu üçün həmişə əskiklikdi. Bu vəziyyət azarkeşlər üçün də keçərlidi. Oyundan bir neçə saat öncədən tribunada yerini alan, 90 dəqiqə dayanmadan komandanı dəstəkləyən, şüarlar, bəstələr səsləndirən tərəfdarlar bu dəfə mavi ekran qarşısında əyləşməyə məcbur oldu. Səssiz, amma qələbə sevinci ilə.
Ötən sayımızda “Qarabağ”ın sadiq azarkeş qrupu “İmarət”in bir neçə üzvünün oyunu bir arada izləyəcəyini xəbər vermişdik. Onlar hansısa kafedə bir araya gəlməyi planlaşdırırdılar. Bunu qəzetimizə qrupun idarə heyətinin üzvü Elnur Quliyev demişdi. Amma dünən onunla əlaqə saxlayanda istəklərinin baş tutmadığını öyrəndik: “Müəyyən səbəblərə görə oyunu əvvəldən planlaşdırdığımız kimi 10-15 nəfərlə birlikdə izləyə bilmədik. Amma uşaqlar kiçik qruplar halında – 3-5 nəfər - hansısa üzvümüzün evində yığışaraq oyunu izləyib. Mən də 5 nəfərlə birlikdə evdə baxdım. Azarkeşsiz oyuna baxmaq adama zövq vermir, bu baxımdan ab-hava barədə danışmaq çətindi. Amma “Qarabağ” oyunu ilə bizi sevindirdi”.
Quliyev qarşılaşmadan razı qaldıqlarını və növbəti mərhələdə bunun davamını gözlədiklərini dedi: “İlk rəsmi görüş olduğunu nəzərə alsaq, komandanın oyunundan və nəticədən çox razı qaldıq. Yeni futbolçular da özlərini göstərməyə çalışırlar. Gerye də dönüşünü qollarla qeyd etdi. Hiss olunurdu ki, özünü yenidən sübut etmək istəyir. Ümumilikdə oyunu çox bəyəndik. Rəqib “Qarabağ”dan zəif və təcrübəsiz idi. Amma istənilən halda, Çempionlar Liqasında əla start oldu. Pandemiyadan sonra toparlanıb, belə oyun göstərmək çətin idi. Komandaya növbəti mərhələdə də uğurlar arzulayıram”.
AYGÜL

Oxşar xəbərlər
SON XƏBƏRLƏR