Sizin reklam burada

“Qarabağ"ın bəzi mövqelər üzrə daha səviyyəli futbolçulara ehtiyacı var”

Baxış Sayı:572


Tahir Süleymanov hakimliyi oyunun səviyyəsinə uyğun sayır
“Qarabağ”ın böyükhesablı qələbə qazanaraq növbəti mərhələyə adlamasına baxmayaraq, matçla bağlı müzakirələr də oldu. Müzakirə doğuran məsələlərdən biri də Yaroslav Kozikin rəhbərlik etdiyi ukraynalı hakimlər briqadasının idarəçiliyidi. Bunu nəzərə alaraq sabiq FİFA referisi Tahir Süleymanovla danışdıq. “Qarabağ”ın qələbəsini də dəyərləndirən həmsöhbətimiz müzakirələrə səbəb olan 2-ci və 4-cü qolla bağlı maraqlı fikirlər səsləndirdi: “Çempionlar Liqasının qarşılaşması olsa da, istər oyun keyfiyyəti, istərsə də boş tribunalar önündə matç turnirin ümumi səviyyəsindən geri qalırdı. Məlum qadağalara, dünyada baş verən proseslərə görə bunu təbii qarşılamaq olar, eynilə hakim idarəçiliyini də. Əsas bir oyunun nəticəsinə görə qələbə qazanmaq idi, bu da artıqlamasıyla təmin olundu. Rəqib nə qədər zəif görünsə də, "Qarabağ"ın da uzun fasilədən sonra ilk rəsmi oyunu idi. Meydanda hakim səhvləri var idi. Əsasən də 2-ci qolun vurulması zamanı yox, ondan öncə cərimənin qeydə alınması səhv qərar idi. Rəqib futbolçu qaydalar çərçivəsində, “sürüşmə” fəndindən düzgün istifadə etməklə topa yiyələnmişdi. Qol epizodunda isə qapıçının çıxışdakı səhvindən sonra Geryenin ayağına düşən top 2-ci qolun vurulmasını şərtləndirdi. Bəzi qapıçı və futbolçular belə səhvlərdən sonra özlərini “sığortalayıb” zədə bəhanəsi ilə yayındırıcı manevr edirlər. Rəqib qapıçı da özünü vəziyyətdən çıxarmağa çalışdı. 4-cü qol incə epizod idi. Köməkçi hakim çox dəqiq qərar verdi. Müdafiəçinin hərəkətdə olarkən dayaq ayağı oyundankənar vəziyyəti pozurdu. Müzakirə və mübahisələrə ehtiyac da yoxdu. Artıq oyunun nəticəsi həll edilmişdi, 3 və ya 4 top fərqi elə bir əhəmiyyət daşımırdı. Ümumilikdə hakimlər briqadası, əsasən də referi oyunun səviyyəsinə uyğun idarəçiliklə yadda qaldı”.
“Qarabağ”ın heyəti barədə danışan Süleymanov transferlərin vacib olduğunu vurğuladı: “Əsas idarəçilik deyil, komanda güclənməlidi. Qapının, orta xəttin, hücumun gücləndirilməsinə böyük ehtiyac var. "Qarabağ"ın sol cinahını çıxmaq şərti ilə bütün mövqelərin buna ehtiyacı var. Böyükhesablı nəticə aldadıcıdı. Rəqibin zəif olmasına baxmayaraq, ağdamlılar ciddi boşluqlar verirdi. Qarşıdakı rəqiblər bunu bağışlamaya bilər. İmkan daxilində "Qarabağ"ın bəzi mövqelər üzrə daha səviyyəli futbolçulara ehtiyacı var”.
AYGÜL

Oxşar xəbərlər
SON XƏBƏRLƏR