Sizin reklam burada

Makedoniyalı həmkarlarımız “Sileks”i nəyə görə qınayır?

Baxış Sayı:579


“İndi hər kəs layiq olduğu yerdədi”
“Sileks”lə oyundan əvvəl də Makedoniya mətbuatında dərc olunan yazılarda bu ölkənin Kratovo şəhərini təmsil edən komandanın şansı yüksək dəyərləndirilmirdi. Makedoniya və Albaniyadan olub bizi tanıyan mütəxəssislərin açıqlamalarında “Qarabağ”ın gücü və şansları yüksək qiymətləndirilirdi. Odu ki, nəticə makedoniyalı həmkarlarımızı təəccübləndirməyib. Qələmə alınan yazılarda yenə ağdamlıların gücü qabardılır, “Sileks” isə qaçırılan qol fürsətlərinə görə qınanır.
Sportmedia.mk: “Bakıdakı oyunda “Sileks”dən gözlənilən sensasiyanın “s” hərfini də görmədik. “Sileks” rəqibindən bütün komponentlərdə geri qalıb layiqli məğlubiyyət aldı, “Qarabağ” isə inamlı qələbə ilə növbəti mərhələyə adladı. Kratovolular olduqca inamsız təsir bağışladılar. Yalnız buraxılan 3-cü qoldan sonra ələ düşən 2 superşans var idi ki, onu da həvəskar komandaya yaraşacaq səviyyədə boşa verdilər. O cür imkanları dəyərləndirə bilməyən komandanın ÇL-də nə işi var axı? Bununla da Simovun arzu və istəkləri baş tutmadı.
Əslində bizimkilər matçın əvvəlində pis təsir bağışlamırdılar. Sadəcə, Azərbaycan çempionu təmkinli davranırdı ki, 11-ci dəqiqədə lazım olan qolu vurandan sonra meydanda istədiklərini etməyə başladılar. Xaymenin hesabı açmasından sonra fasiləyə yaxın 2-ci top vuruldu. Cərimə meydançasına havalandırılan topu tutmaq istəyən Bojinovski çıxışda səhvə yol verincə, Gerye şansı qaçırmadı. Bojinovski qayda pozuntusunun olduğuna ümid edən anda hakim mərkəzi göstərdi. “Qarabağ”ın təhlükəli fiqurlarından biri olan Xayme 3-cü qol zamanı assistent rolunu oynayıb, Geryenin başla dubl etməsinə şərait yaratdı. Sanki 3-cü qol kratovolulara Bakıya futbol oynamaq üçün getdiklərini xatırlatdı. Tirə tuş gələn topu və Məhəmmədəliyevin iki epizodda inamlı qurtarışını qeyd etmək olar. Sən qol vurmayanda, vura bilməyəndə, rəqib bunu necə etməli olduğunu öyrədir. Odu ki, Əmrəli Bojinovski ilə üzbəüz qaldığı epizodda oyunda son nöqtəni qoydu.
“Qarabağ” haqlı olaraq ÇL-in 2-ci təsnifat mərhələsindəki rəqibini gözləyir. “Sileks” ilə Avroliqa mübarizəsinə qoşulacaq. Görək orda nə olacaq”.
Gol.mk: “Sileks” ÇL-də sonuncu dəfə 22 il əvvəl iştirak edib, “Brügge” ilə oynamışdı. Evdə qolsuz bərabərlik olmuşdu, Belçikada 1:2-lik məğlubiyyətə görə mərhələni rəqib adlamışdı. 22 ildən sonrakı cəhd maraqlı olacaqdı. Buna cəhd demək olarsa. Kratovo təmsilçisi startdaca “Qarabağ”dan 4 cavabsız top buraxıb Makedoniyaya üzgün qayıdır. Rəqibin vurduğu qollara, “Sileks”in isə qaçırdığı imkanlara baxanda tablodakı 4:0-a təəccüblənməyə ehtiyac qalmır. İndi hər kəs layiq olduğu yerdədi. “Qarabağ” ÇL-də, “Sileks” Avroliqada”.
HƏBİB hazırladı

Oxşar xəbərlər
SON XƏBƏRLƏR