Sizin reklam burada

Sizsiz futbol heç nədi

Baxış Sayı:563


Söyüşcül qonaq rəsmilər, dolu skay-bokslar, 100-dən artıq polis...
Dünyanı cənginə alan koronavirus pandemiyasına görə avrokubok matçlarının təsnifat mərhələsinin oyunlarında müxtəlif qadağalar tətbiq olunub. “Futbolsuz qalmaqdansa, buna da şükür” deyib UEFA-nın qadağa və tələblərinə göz yummaq məcburiyyətindəyik. Təki canımız sağlam olsun, oyunlar keçirilsin, təmsilçilərimiz bacardıqca irəliləsin. İstənilən halda, “Qarabağ” – “Sileks” oyunu baş tutdu, biz stadiondaydıq, siz isə televizor qarşısında oturub izlədiz. Arenada gördüyümüz bəzi maraqlı məqamları dəyərli oxucularla bölüşməmək mümkün deyil.
Adətən, belə oyunlar zamanı media mənsubları stadionun yolunu 1 saat əvvəldən tuturdu. Bəzən saatyarım qabaq getdiyimiz matçlar da olub. Ancaq bu dəfə tez getməyə ehtiyac yox idi. Hakimin start fitindən 15-20 dəqiqə əvvəl çatsaydıq da, bəs edəcəkdi.
Respublika stadionunun ətrafındakı avtomobil yollarında hərəkətin olması adamı təəccübləndirirdi. Axı həmişə qarşılaşmaya 1 saat qalmış yollar bağlanar, sıxlıq müşahidə olunar, sürücülər dayanacaq axtarardı. İçəri daxil olanda isə sanki adi günlərdən biriydi. Qapıda jurnalistlərin yoxlanışı olmasaydı, stadionda Çempionlar Liqasının keçirildiyi kiminsə ağlına gəlməzdi.
Boş tribunalar, səssiz stadion, meydana sükut altında çıxan futbolçular. Həqiqətən da acı mənzərəydi. Nə vaxtsa belə bir vəziyyətlə üzləşəcəyimiz heç birimizin ağlına gəlməzdi. Sanki stadiona sanksiya tətbiq olunub deyə, oyun azarkeşsiz keçirilir. Amma bu, sanksiya deyildi. Hələ bir müddət bu cür davam edəcək. Həqiqətən də azarkeşsiz, bəstə və nəğməsiz, fit və uğultusuz stadion heç nə imiş. Yeriniz məlum, ürəyi futbolla döyünənlər.
Lakin bu fakt stadionda məşqçi və futbolçulardan başqa kimsənin olmaması anlamına gələ bilməz. İnsanlar var idi. Məsələn, “Qarabağ” rəsmiləri ənənəvi otaqda əyləşmişdilər. Jurnalist və operatorlar aidiyyatı yerlərdə qərarlaşmışdılar. “Sileks”in nümayəndələri isə sağımızdakı tribunada yer almışdılar. “Qarabağ”ın “18-liy”ə düşməyən futbolçularını, həmçinin cəza səbəbindən qarşılaşmanı kənardan izləyən Qara Qarayevi də mütləq vurğulamalıyıq. Klubun mətbuat katibi Nurlan İbrahimov görüşdən əvvəl heç kimə dəvətnamə vermədiklərini desə də, skay-bokslardan beşində adam var idi.
Pandemiyaya görə təhlükəsizlik tədbirləri ön planda idi. Media sektorunda jurnalistlər arasındakı 2 metrlik sosial məsafə öz yerində, maska taxmaq də vacib tələb idi. Bir çox nöqtələrdə dezinfeksiya üçün spirt qutuları yerləşdirilmişdi ki, oyun başa çatandan sonra qabların bəzilərini yarılanmış görmək xoş idi. Fasilədə xüsusi geyimli bir neçə nəfərin meydana daxil olub topları dezinfeksiya etməsi isə kənardan maraqlı görüntü yaratmışdı.
Həmin gün stadionda polislərin fantastik sayda olması təəccüb doğururdu. Arenanın harasına gedirdin, harasından fırlanırdınsa, qarşına “polis əmilər” çıxırdı. Halbuki oyun azarkeşsiz keçirilirdi, üstəlik, “Qarabağ”ın mühafizəçiləri də iş başındaydı. Dəqiq saya bilmədim, amma gözəyarı hesablamam oyun saatında Respublika stadionunda 100-dən artıq polisin olduğunu dedi. Adambaşına bir polis. Niyə gəlmişdilər, kimi kimdən qoruyurdular, niyyətləri nə idi – bir Allah bilir, bir də onları ora göndərən.
Avrokuboklarda oyun sayı çoxaldıqca, “Qarabağ”ın iş təcrübəsi də artıb və artmaqdadı. Bu mənada hər oyundan əvvəl hazırlanan oyun proqramını kiçik detal kimi vurğulaya bilərik. Özündə çoxlarının bilmədiyi statistik məlumatları və maraqlı xəbərləri əks etdirən proqram jurnalistlərin işini asanlaşdırmaqla yanaşı, matç ətrafındakı görüntüyə rəng qatıb. Nədənsə bu dəfə həmin proqrama rast gəlmədik. Çünki proqram hazırlanmamışdı. İlk hissədə hər iki baş məşqçi həyəcanlı və əsəbi görünürdü. Qurban Qurbanovu narahat edən komandasının topa lazımi qədər sahib olmaması və tez-tez müşahidə olunan top itkiləriydi. Qoran Simov isə hakimləri qaralamışdı. İlk dəqiqələrdən ukraynalı ədalət təmsilçilərinin işinə etiraz edən serbiyalı çalışdırıcı 2-ci qoldan bir neçə saniyə əvvəl sözün əsl mənasında coşdu. Simov “Qarabağ”ın xeyrinə verilən cərimə zərbəsi ilə razılaşa bilmirdi ki, epizodun davamı qolla tamamlandı. Vəssalam, bununla da sanki “Sileks”in baş məşqçisinin başına qaynar su töküldü. Özünə əl qatdı, səs-küyü aləmi bürüdü, əlindəki plastik su qabını yerə çırpdı, sonda heç nəyin dəyişməyəcəyini görüb, sakitləşdi. Həmin an tribunada dayanan “Sileks”in idman direktoru və oğlu ukraynalıları öz dillərində hər cür söyüşlərə “qonaq etməyi” özlərinə vəzifə borcu bildilər. Hətta sonradan ingiliscəyə keçdilər. Simovun texniki zonada yesiz davranışlarını görən Yaroslav Kozik 45 yaşlı mütəxəssisə yaxınlaşıb iki-üç sözlə “qazını aldı”.
Hə, adını 4-cü qolun müəllifi kimi tabloya yazdıran Mahir Əmrəlinin hərəkətini də unutmaq olmaz. Qol vurmaq üçün alışıb-yanan, sonda istəyinə çatan milli üzvü rəqib qapıçını məyus etməyin sevincini əsgər salamı ilə yaşadı. Anlamını tam bilməsək də, jestinin ötən ay Tovuzda yaşananlara hesablandığını təxmin etmək olar.
HƏBİB

Oxşar xəbərlər
SON XƏBƏRLƏR