Sizin reklam burada

De Byazi yığma üzvlərinə tövsiyələrini verib

Baxış Sayı:620


Samir Əliyev U-19-un divizion klubları ilə qarşılaşmasını istəyir
Xəbər verdiyimiz kimi, 19 yaşlılardan ibarət yığma avqustun 8-dən 17-nə kimi "Dalğa Arena"dakı Milli Komandaların bazasında təlim-məşq toplanışı keçib. Samir Əliyevin yetirmələri pandemiyadan sonra ilk dəfə bir araya gəlirdi. Komandanın ümumi durumunu və toplanışın məqsədini öyrənmək üçün baş məşqçi ilə əlaqə saxladıq.
- U-19-un hazırlıq prosesi necə keçdi?
- Nəhayət, uzun fasilədən sonra komandanı bir yer yığa bildik. Avqustun 8-dən 17-nə kimi təlim-məşq toplanışında olduq. Hazırda oyunçuları 3 günlük istirahətə buraxmışıq. Sabahdan avqustun 26-na kimi yenidən toplanışı bərpa edəcəyik. Komandaya yeni futbolçular da dəvət olunacaq. Hər kəs istəklidi, uzun müddət futbolsuz qalan uşaqlar səbirsizliklə bu günləri gözləyirdilər. Hamı yüksək əhval-ruhiyyədədi.
- Müəyyən səbəblərdən toplanışa çağırılan futbolçuların siyahısı mediaya açıqlanmadı. Ümumiyyətlə, seçim necə oldu?
- 2002 təvəllüdlü uşaqları yanvardan qəbul etmişik. İlin ilk aylarında seleksiya xarakterli məşqlərimiz də olmuşdu. Antalya və Bakıda təlim-məşq toplanışları baş tutmuşdu. Antalyada Şimali Makedoniya yığmasına qarşı iki yoldaşlıq oyunu keçirdik. Həmin dövrdə 35 futbolçu sınaqdan keçmişdi. Martda və apreldə yenidən seleksiya xarakterli məşqlərimiz olmalıydı, amma pandemiya imkan vermədi. Bundan əlavə, hər bir futbolçu haqda yetərincə məlumatımız var idi. Ötən ildən bir çox futbolçuları izləyirdik. Bu mövsüm çempionatda bir çox oyunları izləmişdik. Aşağı-yuxarı bu yaşda futbolçulara bələdik. Əlimizdə olan siyahıya əsasən seçim etdik. Sabahdan yenə birhəftəlik təlim-məşq toplanışı bizi gözləyir. Çalışırıq ki, komandada yenə yeni simalar olsunlar. Əsas məqsədimiz heç kimi gözdən buraxmamaqdı. Bacarıqlı, istedadlı futbolçulara şans verməyə çalışırıq. Onları milliyə dəvət etməliyik ki, bacarıqlarını bizə göstərsinlər.
- U-17-dəki həmkarınız Milos Velebit qəzetimizə açıqlamasında bildirdi ki, indiki toplanış başqalarına nisbətən daha ağır və keyfiyyətli oldu. Siz də onunla eyni fikirdəsiz?
- Bu fikirlərlə müəyyən mənada razılaşmaq olar. 5 aylıq fasilədən sonra futbolçuların çətinlik çəkdiyi hiss olunurdu. Fərdi məşqlərlə komanda halında hazırlıq arasında çox fərq var. Şəraitsizlik və imkanların az olması məşqin keyfiyyətini öldürür. Qapılı yerdə və ya ev şəraitində də həmin effekti vermir. Bəli, məşqlər ağır idi, amma keyfiyyət yox idi. Məşqlər ağır olanda futbolçular istər-istəməz yorulurlar. Bu səbəbdən də həmin keyfiyyət olmur. Bu da normal prosesdi. Çünki uzun müddətdi uşaqlar yaşıl meydanlardan uzaq düşüblər.
- Futbolçular konkret olaraq 5 aydan çoxdu futbola həsrətdirlər. Hansısa yığma və ya klublarımızın əvəzediciləri ilə yoldaşlıq görüşü planda varmı?
- Avqustun sonuna Özbəkistanla iki yoldaşlıq görüşü nəzərdə tutulmuşdu. Amma təəssüf ki, həm bizim ölkədə, həm də Özbəkistanda sərhədlər bağlıdı. Bu səbəbdən də onlarla oyunumuz alınmayacaq. Buna baxmayaraq, bizimlə bir yerdə 17 yaşlılardan ibarət millimiz də təlim-məşq toplanışı keçirdi. Onlarla yoldaşlıq oyununda gücümüzü sınadıq. Bu mübarizə ancaq futbolçuların “gözünün qurdunu öldürmək” üçün idi. Çünki 5 aydı futbola həsrətdilər. Əlbəttə, uzun müddətdən sonra oyun istədiyimiz kimi alınmadı. Bunların hamısı qəbulolunandı. Səhvlər etdilər, meydanda ağırlıq hiss olunurdu. Gündə iki dəfə məşq keçən uşaqlardan meydanda can qoymağı tələb etmək olmazdı. Bu səbəbdən də bir oyun keçirdik və 2:1 hesabıyla qələbə qazandıq. İndi bizi növbəti təlim-məşq toplanışı gözləyir. Görək, qismət olsa, rəqib tapsaq, əvəzedicilərlə və ya başqa divizion klubları ilə bir-iki yoldaşlıq oyunu keçirmək niyyətindəyik. Bu, bizə mütləq lazımdı. Çünki yığmaya yeni futbolçular qoşulacaq və onları sınaqdan keçirməliyik. Bütün futbolçulara şans verməliyəm ki, özlərini göstərə bilsinlər.
- Canni De Byazi komandanızın məşqini izləyib. Hansısa müzakirələr oldumu, sizə nələrisə məsləhət gördümü?
- İtaliyalı məşqçi köməkçiləri ilə bir yerdə məşqimizi izlədi. Futbolçular və məşqçilər heyəti ilə görüşdü. Qısaca mənə və oyunçulara uğurlar arzuladı. De Byazi futbolçularla söhbətdə bildirdi ki, işlərinə peşəkar yanaşsalar, gələcəkdə əsas millinin üzvü ola bilərlər. O, oyunçulara tövsiyələrini verdi, işlərində uğurlar arzuladı. İtaliyalı ilə fikir mübadiləsi aparmağa çox vaxtımız olmadı. Sadəcə, məşqi izlədi və futbolçulara motivasiya verən çıxış etdi.
İLKİN SULTANLI

Oxşar xəbərlər
SON XƏBƏRLƏR