Sizin reklam burada

PFL təqvimin ləngiməsinin səbəbini açıqladı

Baxış Sayı:597


“Ortaya daha ideal iş qoymağı düşünürük”
Xəbər verdiyimiz kimi, avqustun 12-də premyer-liqanın yeni mövsümünün püşkü atılıb və artıq ilk turun proqramı açıqlanıb. Püşkatmadan 6 gün keçməsinə baxmayaraq, çempionatın təşkilinə cavabdehlik daşıyan PFL hələ də mövsümün tam təqvimini açıqlamağa tələsmir. Niyə? Bu suala cavab tapmaq üçün qurumun texniki-idman departamentinin rəhbəri Elgiz Abbasovla əlaqə saxladıq: “Hələ püşkatma zamanı demişdim ki, premyer-liqanın əsas təqvimi yığmanın Millətlər Liqasındakı oyunlarından öncə açıqlanacaq. Bu nəyə görə belədi? Xatırlayırsızsa, ötən mövsüm də məhz belə etmişdik. Ötənilki durum imkan verirdi ki, ilk üç turu öncədən açıqlayaq, daha sonra tam təqvimi ictimiayyətə təqdim edək. Bir qədər gözləməyimiz klubların avrokuboklardakı çıxışı ilə bağlıdı. Avqustun 27-də artıq neçə klubun qitəmiqyaslı turnirlərdə yoluna davam edəcəyini biləcəyik. Bundan sonra təqvimi daha ideal formada hazırlamaq mümkündü. Yığmanın oyunlarına qədər cəmi bir tur keçiriləcək. Bu üzdən nə bizim, nə də klubların tələsəcəyi bir şey yoxdu. İndi tələsik təqvimi açıqlayıb, sonradan tez-tez dəyişikliyə əl atmaq əvəzinə ayın sonunu gözləmək daha məqsədəuyğundu. Ortaya daha ideal iş qoymağı düşünürük. Fikir verdizsə, ötən mövsüm avrokuboklarla bağlı təqvimdə, demək olar ki, hansısa dəyişiklik olmadı. Çünki təmsilçilərimizin qitə arenasında çıxışını nəzərə alaraq, təqvimdə gedişlər etmişdik. Bu da sabitliyi səciyyələndirən əsas amil oldu. Avqustun son, sentyabrın ilk günlərində premyer-liqanın yeni mövsümünün tam təqvimini açıqlayacağıq”.
Elgiz bəy bizimlə söhbətdə çempionatın keçirilməsi ilə bağlı şərtlərdən də söz açdı: “Demək olar ki, hər gün klublar, AFFA, həm də Avropa Peşəkar Futbol Liqaları ilə əlaqə saxlayırıq. COVID-19 bütün sahələr kimi, futbola da təsir göstərib. Bu üzdən əvvəllər istifadə etmədiyimiz bəzi tənzimləmələrə əl atmaq məcburiyyətindəyik. Bu il premyer-liqanın iki Əsasnaməsi olacaq. Biri normal Əsasnamə, ikincisi isə Əsasnaməyə əlavə. Pandemiya dönəmində əlavədən, koronavirus bitəndən sonra isə əsas Əsasnamədən istifadə edəcəyik. Əlavədə xüsusi qaydalar müəyyənləşib. Bununla bağlı bir neçə dəfə qəzetinizə açıqlama vermişəm. Sadəcə, indi onu deyə bilərəm ki, stadionlar zonalar üzrə bölünəcək. Azərbaycanda 4 zona olacaq. Birinci zonaya futbolçular, hakimlər, nümayəndə daxildi. Ərazi olaraq isə oyun meydanı, paltardəyişmə, hakimlər, dopinq nəzarəti otağı aid olunur. İkinci zonaya qaçış zolağı, fotoqraflar olan yer, “skay-boks”un aşağı sıraları, üçüncü zonaya “skay-boks” otaqları və stadionun girişindən çıxışına qədər olan ərazi, dördüncüyə isə TV yayını üçün nəzərdə tutulan və başqa nəqliyyat vasitələrinin dayandığı yer aid olunur. Həmin əraziyə giriş-çıxış məhdudlaşdırlacaq və xüsusi icazə kağızları ilə olacaq. Bundan başqa, ötən ildən fərqli, bu dəfə hamıya A buraxılışı verilməyəcək. Buraxılışlar da zonalar üzrə bölünəcək. Oyunların təşkilinə gəlincə, bu il salamlaşmaq, vımpel dəyişmək, dəstək görüşmələri yasaqdı. Təmasdan maksimum qaçmağa çalışmışıq. Oyunun şərhçisi, baş məşqçi, meydanda olan və isinmə hərəkətləri edən futbolçular istisna olmaqla, qalan şəxslər mütləq maska taxmalıdılar. Sosial məsafə qorunmalıdı. Testdən keçməyən şəxslərin oyundan öncə hərarəti ölçüləcək. Bununla bağlı qarşıdakı günlərdə daha ətraflı məlumat verə bilərəm. Artıq bütün bunlarla bağlı klublara məktub göndərilib. Premyer-liqanın yeni şevronları, əvəzetmə kartları, Əsasnamə haqda da lazımi məlumatı elita təmsilçilərinə ünvanlamışıq. Ümid edirik ki, avqustun 21-də yeni mövsümə start verməklə bağlı hansısa problemlə üzləşməyəcəyik. Bütün yeniliklər dövlətin qərarlarına uyğun verilib və çempionatın gedişində də Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb-tövsiyələrinə uyğun addımlar atacağıq”.
RƏŞAD

Oxşar xəbərlər
SON XƏBƏRLƏR