Sizin reklam burada

“Qəbələ” start oyununda qələbəyə köklənib

Baxış Sayı:656

“Qəbələ” start oyununda qələbəyə köklənib
Rövlan Muradov: “Avrokuboklara vəsiqə qazanmaq əsas məqsədimizdi”
Ötən mövsüm “Qəbələ”nin heyətində diqqəti çəkən futbolçulardan biri də Rövlan Muradov idi. Gənc vinger bölgə təmsilçisində həm qol vurur, həm də komanda yoldaşlarının fərqlənməsinə şərait yaradırdı. Görəsən, 22 yaşlı futbolçu qarşıdakı mövsümdə ötənilki oyununu sərgiləyə biləcəkmi? Bu və başqa suallarımızı cavalaması üçün Rövlan əlaqə saxladıq.
- Yeni mövsümə hazırlıq prosesi necə gedir?
- Şükür, hər şey qaydasındadı. Baş məşqçimizin tapşırıqlarını maksimum yerinə yerinə yetirməyə çalışırıq.
- Ümumi olaraq komandanın gücü barədə nə deyə bilərsən? "Qəbələ" yeni mövsümə hazırdı?
- Bu haqda heç nə deyə bilmərəm. Baş məşqçimiz bu suala daha yaxşı cavab verə bilər.
- Mövsümə hazırlığı Qəbələdə keçdiz. Bütün komandaların doğma şəhərinizdə toplaşması necə hiss idi?
- Bütün Azərbaycan bilir ki, “Qəbələ”nin necə gözəl bazası, stadionları var. Möhtəşəm hiss idi. Hər şey yüksək səviyyədə təşkil olunmuşdu. Stadionlar gözəl, təlim-məşq toplanışı üçün hər cür şərait var idi Qəbələdə. Biz də bundan istifadə etdik.
- Səncə, Qəbələdə toplaşmaq ənənəvi ola bilərmi?
- Niyə də olmasın?! Qəbələdə hər şey var. Həmişə olsa, yaxşı olar.
- Yoldaşlıq görüşlərində qələbə qazana bilməmisiz. Bu məqam psixoloji problem yaratmır?
- Xeyr! İnşallah, çempionatdakı ilk oyunumuzda əzmkar mübarizə aparıb, qələbə qazanmağa çalışacağıq.
- Avqustun 21-də yeni mövsüm start götürür. Qəbələdə "Zirə" ilə qarşılacaqsız...
- Bütün fikrimizi bu qarşılaşmaya yönəltmişik. Çox az müddət qalıb. Ümid edirəm ki, qələbə qazanacağıq.
- "Zirə"də, demək olar ki, hər şey dəyişib: yeni baş məşqçi, prezident, heyət. Səncə, belə komandadan çəkinməyə dəyər?
- Yaxşı oyunçulardan formalaşdırılan kollektivdi. Onlara hörmət edirik, amma çəkinmirik. Meydanda hər şey bərabərdi. Qələbə qazanmaq arzusundayıq.
- Mövsüm üçün hədəfləriniz nədi?
- Təbii ki, avrokuboklara vəsiqə qazanmaq əsas məqsədimizdi. Gözəl oyun göstərərək yaxşı nəticələr əldə edib, azarkeşlərimizi sevindirmək niyyətindəyik.
- AFFA “Qəbələ”yə 1,5 milyon manat maliyyə yardımı ayırdı. Bu sizə daha çox stimul verə bilərmi?
- Əlbəttə!
- Ötən mövsüm "Qəbələ"də ən çox qol vuran və assist edən futbolçulardan biri idin. Yeni “futbol ili”ndə səndən hansı sürprizləri gözləyək?
- Əlimdən gələni edəcəm. İnşallah, həm qollarımın, həm də məhsuldar ötürmələrimin sayını artırmağa çalışacam.
- Canni De Byazi milli komandanın baş məşqçisi təyin olundu. Səncə, uğurlu seçimdi?
- Xeyrli olsun, uğurlar arzulayıram. İnşallah, millimiz üçün düşərli olar və çoxlu qələbələr qazanarıq.
- İtaliyalı mütəxəssis yeni komanda formalaşdırır. Necə düşünürsən, heyətdə sənə yer olacaq?
- Əsas hədəfim milli komandaya dəvət almaqdı. Var gücümlə çalışacam ki, özümü yaxşı tərəfdən göstərə bilim. Ümid edirəm ki, məni bəyənər və yığmaya dəvət edər.
- Sənin mövqeyində milli üçün kifayət qədər futbolçu var. Özünü bu rəqabətə hazır sayırsan?
- Əlbəttə! Mən mübarizə aparmağı sevirəm. Rəqabət olmasa, inkişaf edə bilməzsən. Bu olan yerdə artım həmişə olur. Bəli, buna hazıram və uğur əldə edə biləcəyimə inanıram. İmkan yaransa, özümü doğurltmağa çalışacam.
- Hər mövsüm "Qəbələ"də bir-iki futbolçu parlayır. Bu dəfə bütün diqqətlər səndə olacaq...
- Ümid edirəm ki, hər şey yaxşı olar. Çalışacam ümidləri doğruldum, “Qəbələ”yə xeyir verim.
- Sən də sabiq komanda yoldaşların kimi premyer-iqanın daha iddialı klublarına keçmək istəyirsən, yoxsa Avropada oynamaq niyyətindəsən?
- Təbii ki, əsas məqsədim ölkəmi xaricdə təmsil etməkdi. İnşallah, qismət olar, Avropada oynamaq şansı əldə edərəm. Ən böyük arzum, hədəfim budu.
İLKİN SULTANLI

Oxşar xəbərlər
SON XƏBƏRLƏR