Sizin reklam burada

Dünya və Avropa çempionu əsri yarıladı

Baxış Sayı:1 251


Qardaşı Arif Əsədov haqda sirr qoymadı
SSRİ yığmasının heyətində 17 yaşadək futbolçular arasında dünya, U-19-da Avropa çempionu olmuş, 1992 və 1996-da “Neftçi”nin futbolçusu kimi Azərvbaycan çempionu adını qazanmış, karyerası ərzində yerli klublarla yanaşı, Rusiyada legioner həyatı yaşamış, butslarını mısmardan asandan sonra məşqçi kimi U-19 yığmasını çalışdırmış, “ağ-qaralar”ı çempionluğa daşımağı bacarmış, hazırda əsas yığmada Canni De Byazinin köməkçilərindən biri olan Arif Əsədov bu gün 50 yaşını qeyd edir. Açığı, Arif bəy haqda yazmaq mənim üçün həm asandı, həm də çətin. Asandı ona görə ki, bir sumqayıtlı kimi onun istər futbolçu, istərsə də məşqçi karyerası ilə bağlı yetərincə geniş bilgiyə sahibəm. Futbolda ona “əlifba”nı öyrədən, tez-tez görüşüb söhbətləşdiyim, SSRİ-nin əməkdar məşqçisi Telman Salahovla barəsində çox danışmışıq. Bu gün də Telman bəylə görüşəndə istər-istəməz ötən günləri yada salır, rəhbərliyi altında futbolun sirlərini öyrənmiş yetirmələrini xatırlayır ki, Əsədov da siyahıda ilk pillələrdə yer alır. Çətindi ona görə ki, hər bir tanınmışın özünəxas həyat hekayəsi var. O hekayənin də elə hissələri var ki, orası ancaq yubilyarın özünə və əzizlərinə məlumdu.
“Futbol+” olaraq, ölkə futbolunda iz qoymuş veteran futbolçu və mütəxəssilərimizin yubileylərinə, doğum günlərinə həmişə həssas yanaşmışıq. Çalışmışıq ki, heç kim diqqətdən kənarda qalmasın. Əsədov istər futbolçu, istərsə də məşqçi kimi bu günə qədər mətbuata çox açıqlama, müsahibə verib. Karyerası mediada ətraflı işıqlandırılıb. Onun 50 illik yubileyinə bir qədər fərqli prizmadan yanaşmağı qərara aldıq. Bu dəfə yubilyarı yox, qardaşını danışdıqmağa qərar verdik. Arif bəyin böyük qardaşı Ağasəf Əsədovla danışıq.
Atanı ağladan palto və ayaqqabı
Arif məndən 5 yaş kiçikdi. Ondan əvvəl mən futbolla məşğul idim. Məşqçim Telman Salahov olub. Bir gün məşqdə idim, gördüm Arif mənə verilən formanı əyninə geyərək məşqə gəlib. Kənardan dayanıb bizə baxır, arada dözməyib meydana girərək Telman müəllimin verdiyi tapşırıqları bizimlə birgə yerinə yetirir. Məşq qutarandan sonra ondan soruşdum ki, burda nə gəzirsən, formanı niyə geymisən? Telman müəllim dediklərimi eşitdi və söhbətə müdaxilə edərək “uşaqla işin olmasın, həvəsi varsa, qoy gəlsin” dedi. Həmin gündən Arif məşqlərə başladı. Hamı bilir ki, Sumqayıt futbolçular şəhəridi. Həmin dönəmdə şəhərdə nəinki zavodların, hər məhlənin, hər məktəbin, hətta hər sinfin öz futbol komandası var idi. Yarışların, şəhərdaxili turnirlərin sayı-hesabı yox idi. Arif də məhlə futbolunda “bişəndən”sonra Salahovun məşqlərinə üz tutmuşdu. 15 yaşında qardaşım artıq yaşıdları arasında respublikanın əsas komandasına cəlb olundu. Və belə qərara alındı ki, o təhsilini Razindəki (indiki Bakıxanov) idman internatında davam etdirsin. Karyerası baxımından bu vacib idi. Ancaq atam razı deyildi. Bilirsiz də, o vaxtlar internatın adı pis idi. Hamı elə başa düşürdü ki, internatda yetim, yaxşı ailədən çıxmayan uşaqlar oxuyur. Bu üzdən evdəkilər Arifin ora getməsinə razı deyildilər. Mən böyük qardaş kimi idman internatının nə olduğunu rəhmətlik atama izah etdim, çox söz-söhbətdən sonra çətinliklə də olsa, razılığını ala bildik. Həmin il internatdan Arifə palto və ayaqqabı vermişdlər. Atam bunu görəndə ağladı. “İnternat” sözü ona pis təsir edirdi. Ancaq sonradan qardaşım uğurları sıraladıqca başa düşdü ki, bu internat hamının pis baxdığı internatlardan deyil.
“Arifə görə məni bağışladılar”
Sabah yubileyini qeyd edəcək qardaşım 17 yaşa qədər futbolçular arasında SSRİ yığmasının heyətində dünya çempionu olanda mən əsgərlikdəydim. Özü də vəziyyətim ağır idi. Bəzi səbəbdən “dizbat”a (cərimə batalyonu) düşmüşdüm. Durum çox ağır idi. Bir gün əslən Bakıdan olan erməni zabit məni yanına çağırıb “Sovetskiy sport” qəzetini göstərdi. Orda Kanadada dünya çempionu olmuş SSRİ yığmasının şəkli və futbolçuların adları qeyd olunmuşdu. O qardaşım Arifin futbolçu olduğunu və yığmada oynadığını bilirdi. Şəkli göstərib “qardaşın budu”, - deyə soruşdu. Mən isə “əlbəttə, odu” cavabını verdim. Məhz orda bildim ki, Arifgil Kanadada dünya çempionu olublar. Mənə qayıtdı ki, “qardaşı dünya çempionu olan əsgər burda nə gəzir?” “Həyatdı, hamının başına istəmədən nəsə gələ bilər” söylədim. Sonradan bildim ki, SSRİ yığması Suxumidə toplanışda olanda Arif mənimlə maraqlanıb, “dizbat”ın da zabitləri onda biliblər ki, mən onların yanındayam. Onu da bildirim ki, mən Qardabanidə idim. Artıq cəzamı çəkib qutarmaq üzrəydim. Qulluq etdiyim hərbi hissənin zabitləri başımı keçəl edib başqa hərbi hissəyə göndərməyi planlaşdırmışdılar. Və həmin arada dünya çempionu olan qardaşım Arif yanıma gəldi. Onun SSRİ yığmasındakı formasını əynimə geyib komandirin yanına getdik. “Dizbat”ın komandiri məni yığmanın formasında görəndə çaşıb qaldı və kimliyimlə maraqlandı. Ona hal-qaziyyəni başa saldılar, bildirdilər ki, əynimdəki forma qardaşımındı, yanımdakı isə bu yaxınlarda dünya çempionu olmuş Arif Əsədovdu. Ondan sonra komandirin mənə münasibəti dəyişdi. Arifi böyük hörmət və ehtiramla qarşıladı. Bir neçə saat öncə saçımı keçəl edib hərbi hissəyə göndərmək istəyən komandir Arifə görə mənə məzuniyyət verib evə yola saldı. Arifə görə məni bağışladılar.
Çeçenlər Arifin adını eşidincə, bizim maşının sərnişinlərini buraxdılar
Söhbətimin əvvəlində qeyd etdiyim kimi, Sumqayıt həmişə istedadlı futbolçular yetişdirməklə tanınıb. Nazim Süleymanov, qardaşım Arif həmin məktəbin yetirmələridi. Təsadüfdü, ya vaxtında verilməyən qiymətdi, deyə bilmərəm, ancaq hər ikisinin futbolçu kimi tanınmasında və məşhurlaşmasında Rusiya amilinin böyük rolu olub. Sumqayıtlı futbolçular heç vaxt “day-day” hesabına irəli getməyiblər, onları uğura daşıyan alın tərləri və məşqlər olub. Bildiyiniz kimi, Arif Tümen, Vladiqafqaz, Mahaçqala təmsilçilərinin şərəfini qoruyub. Sizə bir əhvalatı danışmaq istəyirəm. Qardaşım “Alaniya”da oynadığı vaxt idi. Onun yanına gedirdim. O illərdə də vəziyyət yaxşı deyildi, çeçenlər yolları kəsmişdilər, gəlib-gedəni incidirdilər. Elə oldu ki, bizi də saxlayası oldular. Gördüm burdan çıxmaq mümkün olmayacaq. Məni və mənimlə bir “Qazel”də olan insanları incidirlər. Məcbur olub Arifin adını verdim, Vladiqafqaza futbolçu qardaşımın yanına getdiyimi söylədim. Çeçenlər Arifin adını eşidincə, bizim maşının sərnişinlərini buraxdılar. Hadisədən xəbər tutan komandanın baş məşqçisi Valeri Qazzayev arxamızca maşın göndərdi və beləcə sağ-salamat Vladiqafqaza çatdıq. Arifin arxasınca Tümenə də getmişəm. Bəzən elə olub ki, onun komanda yoldaşlarının burdakı işlərini mən həll etmişəm. Arif oynadığı bütün klublarda hamı tərəfindən sevilib, hörmətlə qəbul olunub. Bunun da başlıca səbəbi qardaşımın xoş xasiyyət olmasıdı. O heç kimin xətrinə dəyməyib, hamıya xoş münasibət göstərib.
“Bir müddət həmin söhbətə görə Arifdən nigaran qaldım”
Qardaşım futbolçu karyerasını başa vurandan sonra düşünürdük ki, daha ona görə həyəcanlanmayacağıq, “necə olacaq, bu oyun necə qurtaracaq”, - deyə düşünməyəcəyik. Ancaq sən demə, görəcək günlərimiz qabaqdaymış (gülür). U-19-un baş məşqçisi kimi Ermənistanla oyun ərəfəsində bütün nəsil elə vəziyyətə düşmüşdü ki, onu indi sizə izah edə bilmirəm. Ağlımızdan hər şey keçirdi. Yanında olmadığımızdan gücümüz ancaq dua etməyə qalmışdı. Həmin günü heç vaxt bir daha yaşamaq istəmərəm. Ancaq şükür Allaha ki, qardaşımın rəhbərliyi altında yığma bütün ölkəni sevindirməyi bacardı. “Neftçi”də işləyəndə də çox çətin günləri olub. İlk növbədə Sadıq Sadıqova təşəkkür edirəm ki, Arifi layiq bilib “Neftçi”nin “sükanı arxasına” gətirdi. O da etimadı doğruldaraq 6 ildən sonra ölkənin ən köklü klubunu çempion etməyi bacardı. “Neftçi”ni çalışdırdığı vaxt idi. Onunla bir yerdə maşında gedirdik. Kimsə Arifə zəng vurdu və söhbətdən belə başa düşdüm ki, hansısa futbolçunu komandaya götürməsini istəyir. Qardaşım “onun səviyyəsi “Neftçi”də oynamağ yetmir” cavabını verincə, zəng vuran şəxs “səni belə edərəm, aləmi belə qataram” söyləyərək, Arifə hədə-qorxu gəlməyə başladı. Söhbəti eşitdiyimdən “havalandım”, üzümü Arifə tutaraq “o kimdi, nömrəsini mənə ver, özüm onunla söhbət edim” demişdim ki, qardaşım çox sakit tərzdə “sənlik deyil, özün bilirsən ki, mən sifarişlə futbolçu götürmürəm” deyib, narahat olmamağı məsləhət gördü. Açığı, bir müddət həmin söhbətə görə Arifdən nigaran qaldım, çalışırdım onu tək buraxmayım. Hər gün bir neçə dəfə ona zəng vururdum. Lakin sonradan bildim ki, belə təzyiqlər ona çox olub. Hamısının da cavabını Arif istənilən formada verib.
“Nə köhnə dostlarını, nə qardaş-bacısını, nə də ona yaxın olan insanları unudub”
Qardaşımdı deyə demirəm, Arif doğrudan da böyük ürəyə sahibdi. Bu günə kimi həm futbolçu, həm də məşqçi kimi az-çox böyük uğurlara imza atıb. Ancaq heç vaxt heç kimə yuxarıdan aşağı baxmayıb, nə köhnə dostlarını, nə qardaş-bacısını, nə də ona yaxın olan insanları unudub. Bəzən öz-özümə fikirləşirəm ki, mən də Arifin yerində olsam, belə olaram? Ancaq düşünürəm ki, ola bilmərəm. Arif tam başqa insandı. İşi üzündən nə qədər kənarda olsa da, vaxt tapan kimi doğma Sumqayıtına baş çəkir, Telman müəllimlə tez-tez əlaqə saxlayır, qohum-qardaşın evinə gedir, uşaqlıq dostları ilə görüşür, hamını yada salır. Arif imkanı daxilində çalışır ki, hamıya kömək etsin, ehtiyacı olana əl tutsun. Qardaşıma 50 illik yubileyində nə arzulaya bilərəm? İlk növbədə cansağlığı. Daim xoş sədasını eşidək. Ümid eidrəm ki, yeni baş məşqçinin rəhbərliyi altında yığmamız Millətlər Liqasında uğurlu çıxış edib, xalqımızı sevindirəcək, Arif də həmin komandanın bir parçası kimi tarixə düşəcək. Qalan arzularımı isə sabah (bu gün) özünə deyəcəm (gülür).
RƏŞAD

Oxşar xəbərlər
SON XƏBƏRLƏR