Sizin reklam burada

Divizionda mövsüm sentyabrın 20-dən sonra başlayacaq

Baxış Sayı:801

Divizionda mövsüm sentyabrın 20-dən sonra başlayacaq
Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən avqustun 10-dan ölkə ərazisində açıq havada idman tədbirlərinin keçirilməsinə icazə verilib. Bu qərardan sonra elita təmsilçiləri toplanış üçün daha Qəbələyə yollanmağa ehtiyac görmədi və hazırlığı Bakıda davam etdirməyi lazım bildi. Premyer-liqa komandaları məşqləri bərpa etdiyi üçün məntiqlə birinci divizionda çıxış edənlər də hazırlığa başlaya bilərlər. Çünki qərar bütün ölkəni əhatə edir. Məlumat üçün bildirək ki, bizə çatan bilgiyə görə, PFL aşağı dəstədə yeni mövsümə sentyabrın 20-də start verməyi düşünür.
Məsələ ilə bağlı PFL-in Texniki İdman Departamentinin rəhbəri Elgiz Abbasovla danışmağı lazım bildik. Elgiz bəy çempionatın startı ilə bağlı söylənilənləri qismən də olsa, təsdiqlədi: “Bəli, aşağı dəstədə yeni mövsümə sentyabrın 20-dən sonra start verməyi düşünürük. Amma dəqiq tarix demək üçün hələ tezdi. Bununla bağlı əlavə məlumat veriləcək. İştirakçıların sayı ilə bağlı danışarkən deməliyəm ki, artıq klublara sorğu göndərilib. Cavab məktubları gəlməkdədi. Yəqin ki, çox qısa zamanda ümumi sayla bağlı danışa biləcəyik".
Ötən sayımızda aşağı dəstədə tətbiq olunan limit mövzusuna toxunub, bunun qarşıdakı illərdə ölkə futboluna ciddi ziyan vuracağını bildirmişdik. Xatırladaq ki, PFL tərəfindən klublara göndərilən məktubda 2020/21 mövsümündə hər komandanın start heyətində 2000 və ondan aşağı doğumlu 6 futbolçunun meydana çıxmalı olduğu göstərilib. Daha bir nəfər isə 2002 və ondan yuxarı təvəllüdülü futbolçu olmalıdı. Onu da əlavə etmişdik ki, hər il yenilənən limit peşəkar liqa statusu daşıyan birinci divizionun səviyyəsini aşağı salır, uşaq baxçasına çevrilən aşağı dəstədə yaşı 21-i ötmüş oyunçulara yer tapılmır. Bundan başqa, adətən, belə məsələlərin İcraiyyə Komitəsinin toplantısında müzakirəyə çıxarılandan sonra klublara xəbər göndərildiyini də ötən sayımızda vurğulamışdıq. Ancaq bu dəfə komitənin qərarını gözləmədən PFL-in belə addım atması təəccüb doğurduğundan departament rəhbəri ilə söhbətdə bu mövzuya da toxunduq. Elgiz bəy təmsil etdiyi qurumun qeyri-qanuni hərəkətə yol vermədiyini söylədi: “Divizionda limit dəyişməyib. Limitdə hansısa dəyişiklik olsaydı, siz deyən kimi olardı. Bu il, sadəcə, divizion klublarında çıxış edəcək futbolçuların təvəllüdlərində dəyişiklik olub. Bu da U-21 və U-19 milliləri nəzərə alınaraq atılan addımdı. Noyabrdan etibarən artıq qeyd edilən yaş qrupları millilərə dəvət alacaq. Yəni ötən illə müqayisədə indi əsas heyətdə 6 nəfər 2000 və ondan aşağı yaş doğumlu futbolçu meydana çıxmalıdı. İlk “11-lik”də 18 və ya ondan kiçik yaşda bir oyunçunun olması da mütləqdi. Limit olduğu kimi qaldığından PFL-in klublara məktub göndərməsində qeyri-qanuni heç nə yoxdu”.
RƏŞAD

Oxşar xəbərlər
SON XƏBƏRLƏR