Sizin reklam burada

“Zaqatala” məşqləri bərpa edib

Baxış Sayı:763

“Zaqatala” məşqləri bərpa edib
Musa Qurbanov: “Tapşırıq budu ki, üstünlük yerli futbolçulara verilsin”
Nəhayət, uzun müddətdi futbol ictimaiyyətinin gözlədiyi qərar verildi. Nazirlər Kabineti yanında Operativ Qərargah açıq havada idman yarışlarının keçirilməsinə icazə verdi. Premyer-liqa klubları uzun müddətdən sonra Qəbələdə hazırlıq keçdilər. İndi də bu proses Bakıda davam etdirilir. Birinci divizionda və başqa liqalarda mübarizə aparanlar isə hələ də məşqləri bərpa etməyiblər. Bəs klublar hazırlığa nə vaxt başlayacaq, planları necədi? Bu suallara cavab tapmaq üçün divizion təmsilçilərinin bir neçəsindən münasibət öyrəndik.
Elçin Dərgahquliyev ("Qaradağ Lökbatan"ın baş məşqçisi): "Məşqlərə hələ başlamamışıq, amma bir neçə gün əvvəl rəhbərliklə görüşdük. Bildirildi ki, komandanı komplektləşdirək, yaxın vaxtlarda başlayacağıq. Hər halda, növbəti bir neçə gün ərzində məşqlərə start verəcəyik. Əsas işimiz heyətlə bağlıdı. Ötən mövsümdəki heyətdən təxminən 6 futbolçu komandada qalacaq. Bilirsiz ki, birinci divizionda futbolçu limiti dəyişdi. Əvvəl 1998/99 təvəllüdlü futbolçulara üstünlük verilirdisə, bu mövsümdən 2000-2001-ci ildən olan oyunçuları cəlb etməliyik. Biz də bu limitə uyğun transferlər edəcəyik. Hər halda, 10-12 futbolçuyla sağollaşacağıq. Təxminən bir həftəyə göndəriləcək və transfer ediləcək futbolçular müəyyənləşəcək. Komandadan ayrılacaq və cəlb etmək istədiyimiz futbolçuların adını açıqlamasam, daha yaxşı olar. Transfer etmək istədiyimiz futbolçuların arasında premyer-liqa klublarının üzvləri də var. Ümid edirəm ki, ötən mövsümdəkindən güclü "Qaradağ Lökbatan" görəcəyik".
Musa Qurbanov ("Zaqatala"nın İdarə Heyətinin rəhbəri): “Yavaş-yavaş məşqlərə başlayırıq. Daha doğrusu, yerli futbolçularla başlamışıq. Komandanı formalaşdırmağa çalışırıq. Hansı futbolçularla maraqlandığımızı dəqiq deyə bilmərəm. Baş məşqçiyə heyəti formalaşdırmaqla bağlı tapşırıq verilib. O da artıq bu istiqamətdə işə başlayıb. Tapşırıq budu ki, üstünlük yerli futbolçulara – Zaqatalanın özündən olan uşaqlara verilsin. Komanda, heyət ilə bağlı nə çatışacaq, nə çatışmayacaq - bunu baş məşqçi dəyərləndirib, müəyyənləşdirəcək”.
Yaşar Vahabzadə ("Kəpəz"in baş məşqçisi): “Karantin rejimi davam edir, şəhərlərə gediş-gəliş məhdudiyyəti var. Mən də icazə alıb, gəldim Gəncəyə. Sabah (bu gün) futbolçularla görüşəcəyik, gələcək planlarımızla bağlı danışacağıq. Avqustun 20-dən sonra məşqlərə başlamağı planlaşdırırıq. Heyətlə bağlı danışmaq üçün tezdi, yeni limit tətbiq olunur. Arıtq buna uyğun futbolçular cəlb etməyə, onlarla işləməyə çalışacağıq. Çalışırıq ki, əsasən Gəncədən olan futbolçulardan ibarət heyət formalaşdıraq”.
Əslində məsələ ilə bağlı “Turan Tovuz”un da mövqeyini öyrənmək istəyirdik. Amma gün ərzində nə baş məşqçi İlham Yadullayev, nə də klubun Müşahidə Şurasının sədri Oqtay Abdullayev zənglərimizə cavab verdi.
AYGÜL

Oxşar xəbərlər
SON XƏBƏRLƏR