Məlum olduğu kimi, avqustun 27-də Bakıda Avroliqanın iki, Sumqayıtda isə bir oyunu keçiriləcək. Azarkeşlərin stadiona girişinə qadağa qoyulduğundan, oyunları yayınlayacaq telekanalların özünə böyük auditoriya toplayacağı şübhə doğurmur. Sadəcə, burda vəziyyəti qəlizləşdirən bir məqam var: “Neftçi” ilə “Sumqayıt”ın oyunu eyni vaxtda – saat 20.00-da başlayacaq, “Keşlə” isə bir saat sonra meydana çıxacaq. Belə güman etmək olar ki, “CBC Sport” və “İdman TV” azarkeş marağını nəzərə alaraq, öz aralarında razılığıa gələ biləcəklər, yəni hərəyə bir oyun göstərəcəklər. Artıq “Neftçi”nin “CBC Sport”la razılığa gəldiyi, “Şkupi” ilə oyunu bu kanalın göstərəcəyi yönündə xəbərlər var. Belədə “Sumqayıt”ın oyununun yayını da “İdman TV”-nin üzərinə düşəcək. Əlbəttə, hansısa telekanalın keçidli yayın etmək imkanı da var, amma çətin ki belə variant azarkeşlərin könlüncə ola.
Beləliklə, saat 20.00-da başlayacaq oyunlar təxminən 21.50-də, əlavə vaxt, hətta penalti seriyası olacağı təqdirdə isə daha gec bitəcək. Bəs onda saat 21.00-da başlayacaq “Keşlə” – “Laçi” oyununu necə izləyəcəyik? Təbii ki, “CBC Sport”a dost kanal olan “CBC İnternational” da var, yəni çətin durumda bu kanalın da xidmətindən yararlanmaq mümkündü. Amma hələ ki bu yöndə hansısa informasiya verilmir. Ümid edirik ki, yaxın günlərdə həm Avroliqaya qatılacaq klublar, həm də futbol oyunlarını göstərən telekanallar bu məsələ ilə bağlı açıqlamalar verəcək.
ORXAN