Sizin reklam burada

Balkanlar üzrə mütəxəssis rəqibləri dəyərləndirdi

Baxış Sayı:758


Erkin İbrahimov: “Şkendiya” bu cütdə favoritdi, ancaq...”
Bir neçə gündən sonra ölkəmizi avrokuboklarda təmsil edəcək komandalar qitəmiqyaslı turnirdə ilk oyunlarını keçirəcəklər. Bu dəfə püşk bizimkilər üçün bir qədər qeyri-adi alındı. Belə ki, Çempionlar Liqasında çıxış edəcək “Qarabağ”, Avropa Liqasında mübarizə aparacaq “Sumqayıt” və “Neftçi” Şimali Makedoniya klubları ilə üz-üzə gələcəklər. Özü də hər üçü rəqibini “doğma divarlar” arasında qəbul edəcək.
Nyonda keçirilən tədbirdən sonra bir çoxları bu dəfə püşkün təmsilçilərimizin üzünə güldüyünü bildirdi. Hətta bəziləri bir qədər də irəli gedib “komandalarımızın dördü də mərhələ adlamağa məcburdu, əks halda bu yaxşı nəticə sayılmayacaq” şəklində açıqlamalar verdilər. Bəs əslində vəziyyət necədi? Doğrudanmı püşk “4-lüy”ün üzünə gülüb, hər şey deyildiyi qədər asan olacaq, təmsilçilərimiz bir ayaqla ikinci təsnifat mərhələsinə adlayıb bizləri sevindirəcəklər? Bu suallara cavab tapmaq üçün Şimali Makedoniya və Albaniya futbolunu yaxından tanıyan, agent kimi adını çəkdiyimız ölkələrin klubları və futbolçuları ilə əməkdaşlıq edən Erkin İbrahimovun fikirlərini öyrənməyi lazım bildik. İbrahimov bütün rəqibləri ayrı-ayrılıqda incələdi.
“Şkendiya”
Bəlkə də kimlərsə bu komandanı sayır. Ancaq təmsilçilərimizin arasında ən çətin rəqib “Sumqayıt”ın bəxtinə düşdü. Bu da başadüşüləndi. Çünki “kimyaçılar” avrokuboklarda debüt etdiyindən reytinqi aşağıdı. Onu da deyim ki, Ayxan Abbasovun çalışdırdığı komandanın qarşısına daha çətin rəqiblər çıxa bilərdi. Sumqayıtlılar Rumıniya “Universitatya”sı və yaxud “Kayrat”la qarşılaşsaydı, əminliklə rəqiblərin mərhələ keçəcəyini söyləmək olardı. Yenə “Şkendiya” ilə oynamaq mümkündü. Bu cütdə şanslar 70-in 30-a makedonların xeyrinədi. Bu komanda son illər Şimali Makedoniyanın markasına çevrilib. Xüsusilə hücum xətti çox güclüdü. Hiss olunur ki, onlar bu il Avropa Liqasında uğurlu çıxış etmək istəyirlər. İrəli xətdə Agim İbraimi, Besart İbraimi kimi yaşı 30-u ötmüş, çox təcrübəli futbolçular yer alıb. Makedonların fikri-zikri birinci mərhələni keçməkdi. Onu da qeyd edim ki, çox balanslaşdırılmış komandadı. Hər xətdə təcrübəli oyunçular yer alıb. Yarımmüdafiə bir qədər zəif təsir bağışlayır ki, orda da Majan Radeski kimi ağıllı oyunçu var. 25 yaşı olmasına baxmayaraq, bu futbolçu artıq 5 ildi əsas heyətdə yer alır və komandanın dirijorudu. Ən böyük təhlükə də ondan gəlir. Radeskiyə topla rahat oynamağa imkan vermək olmaz. Mənə görə “Şkendiya” bu cütdə favoritdi, ancaq oyunun Sumqayıtda keçirilməsini eyniadlı komandanın xeyirinə olan amil kimi dəyərləndirmək mümkündü. Pandemiya səbəbindən təsnifat mərhələsinin bir oyundan ibarət olacağını nəzərə alıb, meydan sahiblərinin aqressiv futbol nümayiş etdirməsi daha məqsədəuyğun olardı.
“Şkupi”
“Şkendiya” ilə “Neftçi”nin rəqibini birləşdirən bir amil var ki, o da hər iki komandanın Şimali Makedoniyanın alban icmasına məxsus olmasıdı. “Şkupi” istər ad, istər büdcə, istərsə də ölkə futbolunda mövqeyi baxımından “Şkendiya”dan çox geri qalır. Təsəvvür edin ki, bu kollektivdə Şimali Makedoniya səviyyəsində belə tanınmış futbolçu yoxdu. İstisna kimi qapıçı Naumovskini göstərmək olar ki, o da nə vaxtsa 3-cü qolkiper kimi milliyə dəvət alıb. Bir müddət Buxarest “Dinamo”sunda çıxış edib. “Şkupi”yə bu yay qoşulub. Sonuncu klubu Malta təmsilçisi olub. “Neftçi”nin rəqibində mərkəz müdafiəçisi problemi var. Yarımmüdafiə və hücum xəttində də çatışmazlıqlar yetərincədi. Komanda tam komplekləşməyib. Fikrimcə, “ağ-qaralar”ın rəqibi çox da təhlükəli deyil. Deyərdim, hətta “Sumqayıt” belə “Şkupi”ni mübarizədən kənarlaşdıra bilərdi. Maliyyə problemi ilə üzləşən komandanı ötən il bir çox aparıcı futbolçular tərk etdilər. Orda futbolçu var idi ki, ilyarım öncə mən onu “Jalgiris”ə aparmışdım. Bir müddət legioner həyatı yaşayandan sonra vətənə dönüb “Şkupi” ilə anlaşmışdı. O qışda düşərgəni tərk edib “Vlajniya”ya keçdi. Angelov soyadlı təhlükəli forvardları da pulsuzluq səbəbindən başqa kluba üz tutub. Birmənalı şəkildə “Neftçi” mərhələni keçməlidi. Uğursuzluq faciə hesab olunacaq və rəhbərlik, baş məşqçi istefa verməlidi.
“Laçi”
“Keşlə”nin qarşılaşacağı komanda da keçiləsi rəqibdi. Albaniyada belə tanınmış klub sayılmır. Düzdü, heyətdə gənc, qaradərili legionerlər var, ancaq səviyyələri elə də yüksək deyil. Baş məşqçilərinin 34 yaşı var və rəhbərlik etdiyi kollektiv kimi, özünün də avrokubok təcrübəsi yoxdu. Mən deyərdim, “Keşlə”nin hazırda ən böyük rəqibi elə özüdü. Bizim bilmədiyimiz səbəblərdən rəhbərlik Tərlan Əhmədovla yolları ayırmaq qərarına gəldi. Fikrimcə, baş məşqçinin kollektivdən ayrılması komandanın oyununa təsir edəcək. Mövsümlərarası fasilədə heyətini gücləndirən “Keşlə” mərhələni keçməlidi və mənə elə gəlir ki, zəif “Laçi”ni doğma meydanda məğlub edəcəklər. Albaniya təmsilçisi elə komandadı ki, hesabda geri düşəndən sonra geridönüş edə bilmir və oyun sxemi pozulur. Yox, ilk qol albanlardan gəlsə, “Keşlə” üçün çətin olacaq. Albaniya klubu ultramüdafiəyə üstünlük verib bütünlüklə öz qapısına çəkiləcək. Onlar bunu bacarırlar.
“Sileks”
“Qarabağ”ın qarşılaşacağı komanda Şimali Makedoniyada yaşayan etnik serblərin klubudu. Bunu heyətə baxanda da görmək mümkündü. Komandanın onurğa sütununu da 6 serb legioner təşkil edir. “Qarabağ”la müqayisədə çox aşağı səviyyəli komandadı. Bir yerdə ki, “Səbail”dən tanıdğımız Bojinovski əsas qolkiperdi, ondan çəkinməyə, ehtiyatlanmağa dəyməz. “Dənizçilər”də onu gördük və ortabab qapıçı olduğunu deyə bilərik. Ağdamlılar “Sileks”i rahat udmalıdı. Düzdü, “Qarabağ”ın bir problemi var ki, mövsümün əvvəlində futbolçular ideal formada olmurlar, Qurban Qurbanovun yetirmələri turdan-tura “artırırlar”, oyun planında matçdan-matça inkişaf edirlər. Əvvəlki illərdə dəfələrlə bunun şahidi olmuşuq. Ancaq yəqin bu dəfə baş məşqçi fərqli hazırlıq planı tərtib edəcək və çalışacaq ki, artıq ilk oyuna kimi kollektiv tam hazır vəziyyətdə olsun. Hər halda, Çempionlar Liqasıdı, Qurban müəllim riskə getmək istəməz. Qurbanovun sevimli sözü var. O hər dəfə “bura Çempionlar Liqasıdı. Biz Malta, Lixtenşteyn çempionu ilə qarşılaşacağıq və indidən əminliklə mərhələ adlayacağıq demək olmaz” söyləməyi xoşlayır. Ancaq bu dəfə belə fikirlər səsləndirməyə də ehtiyac qalmayacaq. Çünki “Sileks” Çempionlar Liqasına Şimali Makedoniya çempionu kimi qatılmayıb. Xoş təsadüf nəticəsində “Qarabağ”a rəqib olub. Son illərin dəyişməz çempionu heyət, status baxımından rəqibindən çox üstündü və çətinlik çəkmədən mərhələni adlayacaq. “Sileks”in heyətində o qədər tanınmış simalar yoxdu.
RƏŞAD

Oxşar xəbərlər
SON XƏBƏRLƏR