Qurbanov: “Güclü kollektiv kimi düşündüklərimizi meydanda yerinə yetirə bilsək, yaxşı nəticə əldə edə bilərik”
Bazar günü Çempionlar Liqasında 2020/21 mövsümünün 1-ci təsnifat mərhələsinin püşkü atıldı. Avropanın “göbəy”ində, İsveçrənin Nyon şəhərində təşkil olunan püşkatma nəticəsində ağdamlılar “Sileks”lə rəqib oldu. Bir oyundan ibarət olacaq 1-ci təsnifat mərhələsinin görüşləri avqustun 18-19-da keçiriləcək. “Qarabağ” – “Sileks” matçının start fiti avqustun 18-i, saat 20.00-da çalınacaq. Onu da qeyd edək ki, meydan sahibi olacaq komanda püşk vasitəsilə müəyyənləşib. Odu ki, “Qarabağ” ilk mərhələdə ev sahibi olacaq. Oyun Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.
Bir faktı mütləq qeyd etməliyik. "Sileks" ölkəsinin son çempionu yox, vitse-çempionudu. Sadəcə, qızıl medallara sahib olan "Vardar" beynəlxalq oyunlar üçün nəzərdə tutulan lisenziya probleminə görə UEFA yarışlarına buraxılmadığından, "Sileks" ölkəsini təmsil etmək hüququ qazanıb.
Püşkatmadan sonra hər iki klubun rəsmiləri məlum oyunla bağlı fikirlərini bildirib. Qurban Qurbanov klub saytına açıqlamasında narahatlığını gizlətməyib: “Püşkü səbrsizliklə gözləyirdik. Martdan bu yana rəsmi oyunlarımız yox idi, ona görə bu günü gözləyirdik. Belə bir turnirdə bir oyunluq mərhələyə nəsə fikir bildirmək çətindi. Rəqib haqda ən qısa zamanda məlumat toplayacağıq. Rəqiblə durumumuz eynidi, onlar da bizim kimi martda çempionatlarını tamamlayıblar. Sadəcə, "Sileks" bu gün ölkə çempionatında ilk oyununa çıxır. Rəqiblə bağlı geniş məlumat toplamaq da çətindi, çünki son rəsmi oyununu martda keçirib. Komanda və oyunçuları haqda istədiyimiz informasiyanı əldə etmək asan olmayacaq.
Bu oyuna çox düzgün hazırlaşmalıyıq. Oyunumuz evdədi, ilk olaraq öz komandamızı bu qarşılaşmaya tam hazırlamalıyıq. Əlbəttə, futbolçular öz yaxşı performanslarından, istədiyimiz formadan və oyundan uzaq olacaq. Bu matçda həddən artıq diqqətli olmalıyıq və güclü kollektiv kimi düşündüklərimizi meydanda yerinə yetirə bilsək, yaxşı nəticə əldə edə bilərik. İstənilən halda bu mərhələnin bir oyundan ibarət olması heç bir komanda üçün xoş deyil. Bütün bunlara baxmayaraq, çalışacağıq ki, qalibiyyət üçün düzgün oyun quraq və əlimizdən gələni meydanda edək".
“Sileks”in baş məşqçisi Qoran Simov da püşkatmaya biganə qalmayıb. 45 yaşlı mütəxəssis “Qarabağ”ın büdcəsini və gücünü qabardıb: “Arzuolunan və arzuolunmaz rəqiblər var idi. Biz güclü komanda ilə düşdük. "Qarabağ" favoritdi, investisiya, Avropa təcrübəsi və keyfiyyət baxımından bizdən xeyli irəlidədi. Rəqibin 20 milyon avro büdcəsi var. "Qarabağ" favorit görünsə də, biz Avropada daha çox oynamağın xəyalını qururuq. Ardıcıl 7 il Azərbaycan çempionu olan, Avroliqa və Çempionlar Liqasının qruplarında mübarizə aparmış möhtəşəm rəqiblə qarşılaşacağıq.
Daha öncə göstərdiyimiz kimi, təslim olmayacağıq və əlimizdən gələnin ən yaxşısını edəcəyik. Ümid sonda ölür. Gizli kartlarımızla oyuna hazırlaşmaq və onlara qarşı mübarizə aparmaq bizim üzərimizə düşür. Matçın neytral bir meydanda keçirilməsi ehtimalına gəlincə, həmişə zəif komanda üçün iki oyundan daha yaxşı seçimdi. Ancaq bu komandalar iki oyun keçirsə, "Qarabağ"ın "Sileks"ə qarşı yenə favorit olacağını vurğulamalıyam".
Makedoniya təmsilçisinin idman direktoru Draqan İvanov isə yerli mətbuata açıqlamasında futbolçuları matça “kişi kimi oynayacağıq” ifadəsi ilə kökləməyə çalışdığını göstərib: "Kim düşsəydi, bizə qarşı favorit olacaqdı. Bu, bir reallıqdı. "Qarabağ"ı təəccübləndirmək istəyirik, buna nail olmağa çalışacağıq. Səfərdə oynayacağıq, amma kimsə nəsə edə biləcəyimizə dair ümidimizi ala bilməz. Əlimizdən gələnin ən yaxşısını edəcəyik. Kişi kimi oynayacağıq və bu oyunda Makedoniyanı qürurla təmsil edib, sürpriz etməyə çalışacağıq. Ancaq bu gün çempionatda keçirəcəyimiz "Belasitsa" ilə matç ön plandadı, daha sonra "Qarabağ"ı düşünəcəyik".
“Sileks”in əsas forvardı Stefan Curiç Azərbaycan mətbuatına danışıb. “Sportal”a açıqlama verən 25 yaşlı futbolçu bunları deyib: "Fikrimcə, maraqlı oyun olacaq. "Qarabağ" çox böyük klubdu və bu matçda favorit olacaq. Ancaq nə baş verəcəyini birgə görəcəyik. "Qarabağ"ın ötən mövsüm Avropa Liqasındakı matçlarını izləmişdim. Çox böyük klubdu. Rəqibimiz əla təşkilatlanmış komandadı. Lakin 90 dəqiqədə hər şey mümkündü. Nə olacağını yaşayacağıq".