Sizin reklam burada

Mütəxəssislər həmfikirdi - rəqiblər “dişimizə görədi”

Baxış Sayı:902

Mütəxəssislər həmfikirdi - rəqiblər “dişimizə görədi”
Mircavadov: “Mütləq bu şansdan istifadə edilməlidi”
Bu mövsüm ölkəmizi avrokuboklarda təmsil edəcək klubların rəqibləri müəyyənləşdi. İlk növbədə Çempionlar Liqasında mübarizə aparacaq “Qarabağ” rəqibini tanıdı. “Köhlən atlar” bu mərhələdə Şimali Makedoniya “Sileks”iylə qarşılaşacaq. 2-ci təsnifat mərhələsindəki potensial rəqib də bəllidi. Ağdamlılar “Sileks” səddini keçəcəyi halda, “Şerif” (Moldova) – “Fola” (Lüksemburq) cütünün qalibi ilə qarşılaşacaq. Avropa Liqasındakı təmsilçilərimizdən isə “Neftçi” “Şkupi”, “Keşlə” “Laçi”, “Sumqayıt” “Şkendiya” ilə üz-üzə gələcək. Klublarımızın hər birinin püşkdə bəxtinin gətirdiyini demək olar. Bunun üçün əsas səbəb 4 klubumuzdan hər birinin doğma meydanda oynamasıdı. Bir oyundan ibarət olacaq mərhələnin görüşləri azarkeşsiz keçiriləcək.
Bəs mütəxəssislər nə düşünür? Klublarımızın avrokuboklarda mərhələ keçmək şansı nə qədərdi?
Ağasəlim Mircavadov: “Bütün klublarımızın püşkdə bəxti gətirib. Mənə maraqlı idi, təmsilçilərimiz evdə oynayacaq, ya səfərdə. Elə oldu ki, bütün komandalarımızın oyunu evdə keçiriləcək. Bu, böyük üstünlükdü. Təsnifat mərhələləri bir oyundan ibarətdi. Çıx meydana, oyna, bir qələbə qazan və artıq növbəti mərhələdəsən. “Qarabağ”ın rəqibi məlum idi, sərfəli rəqibdi. Qalan üç komandanın da şansı gətirdi. Hər üç rəqib bizə uyğundu. Təmsilçilərimizin əlində böyük şans var və bundan istifadə etmək artıq onların işidi. Mütləq bu şansdan istifadə edilməlidi. O ki qaldı hansı komandanın daha çox şansının olmasına, Avropa Liqasındakı təmsilçilərimizin hər birinin növbəti mərhələyə keçmək şansı böyükdü. Geriyə, sadəcə, bu şansdan istifadə etmək qalır”.
Şahin Diniyev: “Çempionatın əvvəli olsaydı, bir-iki tur oynanılsaydı, komandaların gücünə bələd olub, daha dəqiq fikir bildirmək mümkün idi. Düzdü, futbolda dəqiqlik yoxdu, amma daha formalaşmış, oxşar fikir irəli sürə bilərdik, qarşımızda şəkil olardı, ona baxıb fikir bildirərdik. Bilirsiz ki, pandemiya ilə bağlı bir çox ölkələrdə çempionatın başlamaması, yarımçıq qalması kimi məsələlər var ki, bunlara görə komandaların potenasial güclərinə bələd deyilik. Həm öz klublarımızı, həm də rəqibləri nəzərdə tuturam. Rəqiblər haqda ayrı-ayrılıqda fikir bildirmək olmur. Ümumilikdə deyə bilərəm ki, rəqiblər arasında adına görə elə də qorxulu komanda yoxdu. Şimali Makedoniya klubları və Albaniyadan bir komanda püşkdə rəqibimiz oldu. Mənə elə gəlir ki, onların heç biri keçilməz deyil. Digər tərəfdən, hər bir klubumuzun əsas üstünlüyü meydan sahibi olmasıdı. Belə deyək, başlanğıcda üstünlük qazanmışıq, qalır bunun davamını gətirmək. Komandaların hazırlıq üçün yetərincə vaxtı olub. Üstəlik, Avropa Liqasındakı komandalarımızın oyunlarına daha çox vaxt var. Bu üzdən mənə elə gəlir ki, vaxt qıtlığı ilə bağlı nəsə deməyə, narahat olmağa dəyməz. Dörd klubumuzun hər biri ilk mərhələni keçəcək gücdədi. “Qarabağ”ın 2-ci təsnifat mərhələsindəki rəqibi də müəyyənləşdi. Amma 2-ci təsnifat mərhələsi ilə bağlı fikir bildirməyə tələsməyək. “Qarabağ” avrokuboklardakı təcrübəsinə görə bu rəqibdən də üstündü, amma futbolda hər bir şey baş verə bilər. Bu üzdən də ikinci rəqib haqda danışmaq səhv olar. “Qarabağ” ilk növbədə “Sileks”lə oyunu düşünməli və bu matça köklənməlidi. Komandalarımızın birinci mərhələni uğurla keçəcəyinə inanıram və uğurlar arzulayıram”.
AYGÜL

Oxşar xəbərlər
SON XƏBƏRLƏR