Sizin reklam burada

Aqolli “Laçi”ni “Futbol+” üçün incələdi

Baxış Sayı:893


“Oyunun Bakıda keçirilməsi “Keşlə”yə üstünlük yarada bilər”
Avroliqanın 1-ci təsnifat mərhələsində “Keşlə” “Laçi” ilə qarşılaşacaq. Bakılılar rəqibini avqustun 27-də “ASK Arena”da qəbul edəcək. Superliqada ötən mövsüm 3-cü pillədə qərarlaşan “Laçi” bizə tanış rəqibdi. Albaniya klubunu elə Avropa Liqasının 2015/16 mövsümünün 1-ci təsnifat mərhələsində “Keşlə”nin sələfi “İnter” mübarizədən kənarlaşdırmışdı. Sabiq “bankirlər” səfərdə heç-heçə etmiş (1:1), doğma meydanda isə qolsuz bərabərlik hesabınaa növbəti mərhələyə adlamışdılar. İndi klublarda hər şey dəyişib. “Keşlə”nin adı, heyəti bütövlüklə yenilənib. Elə “Laçi” də oyunçu baxımından 2015/16 mövsümündəki deyil. Hər iki komandanı birləşdirən tək ortaq cəhət var ki, öz çempionatlarında üçüncü pillənin sahibi olublar. Bəs görəsən, hazırda güc baxımından üstünlük kimin tərəfindədi? İkinci təsnifat mərhələsinə keçməyə kim daha yaxındı?
Məsələ ilə bağlı uzun illər “Qarabağ”da çıxış edən, hazırda “Nyu York Kosmos”un üzvü olan Ansi Aqolli ilə əlaqə saxladıq. Albaniyalı futbolçu qəzetimizə açıqlamasında şansların bərabər olduğunu söylədi: “Hər iki komandanın gücünə bələdəm. “Laçi” Albaniyanın güclü klublarından biridi. “Keşlə” də Azərbaycan futbolunun yaxşılarındandı. Onların heyətində güclü futbolçular var. Düşünürəm ki, şanslar bərabərdi. Oyunun Bakıda keçirilməsi “Keşlə”yə üstünlük yarada bilər. Ümumi olaraq hər iki komanda növbəti mərhələyə adlaya bilər”.
Albaniya millisinin sabiq üzvü “Laçi”nin hücum xəttinin güclü olduğu qənaətindədi: “Onlar ötən mövsüm 10 komandalıq çempionatı 3-cü pillədə başa vurdular. Komanda səfərdə lazımsız xallar itirməsəydi, ikinci pillədə də qərarlaşa bilərdi. Düşürəm ki, Albaniya təmsilçisinin hücum xətti güclüdü. Nigeriyalı futbolçu transfer ediblər. Uzun müddət ABŞ-da çıxış edib. Həmin futbolçu “Keşlə”yə problem yarada bilər”.
Aqolli Tərlan Əhmədovun mövsümün başlamasına az müddət qalmış “Keşlə”dən ayrılmasına da münasibət bildirdi: “Bu, Azərbaycan təmsilçisi üçün problem ola bilər. Yeni məşqçi qısa zamanda komandaya uyğunlaşa biləcək, ya yox, bilinmir. Amma ümumilikdə şanslar bərabərdi. Bu komandalar bir dəfə qarşılaşıblar. O vaxt “Laçi” doğma meydanda buraxdığı qola görə mübarizəni dayandırdı. İndi vəziyyət fərqlidi. Hər şey 1 oyundan asılıdı. Ani diqqətsizlik hər şeyin üstündən xətt çəkə bilər. “Keşlə” müdafiəsi ilə diqqəti çəkən komandadı. Doğma meydanda qələbə qazanmaq istəyəcək. Lakin bu, o qədər də asan olmayacaq”.
“Nyu York Kosmos”un futbolçusu Azərbaycan çempionatının yarımçıq dayandırılmasının və “Keşlə”nin uzun müddət rəsmi oyun keçirməməsinin “Laçi”nin xeyrinə ola biləcəyini düşünür: “Albaniyada da çempionat start götürməyib. Amma uzun müddət rəsmi oyun keçirməməsi “Keşlə”yə problem yarada bilər. Düşünürəm ki, heyətə yeni futbolçular da cəlb ediblər. Onların komandaya uyğunlaşıb-uyğunlaşmaması çox önəmlidi. Oyun praktikası baxımından “Laçi” daha şanslı görünür, amma hər şey meydanda həll olunacaq. “Keşlə” mübariz komandadı”.
Aqolli ümumilikdə Azərbaycan premyer-liqasının Albaniya superliqasından üstün olduğunu qeyd etdi: “Düzünü demək lazımdısa, sizin liqa çox öndədi. “Qarabağ” Azərbaycanı hər il Avropa Liqasının qrup mərhələsində təmsil edir. “Neftçi”, “Qəbələ”, “Keşlə” avrokuboklarda çox yaxşı nəticələr qazanır. Bu da liqanın səviyyəsindən xəbər verir. Albaniya klubları ən yaxşı halda 2-ci və ya 3-cü təsnifat mərhələsində mübarizəni dayandırırlar. Ümumilikdə Azərbaycan çempionatı Albaniya superliqasından daha üstündü. Balkan yarımadasından bir çox futbolçular Azərbaycanda oynamağa can atırlar. Orda həm yaxşı maliyyə var, həm də klublar daha yaxşı formalaşıblar. “Qarabağ”la qazandığımız və komandanın indi də qazandığı uğurlar da çempionatı daha maraqlı edir. Düzdü, Azərbaycan premyer-liqasında klubların sayı azdı, əvəzində keyfiyyətli oyunlar çoxdu”.
İLKİN SULTANLI

Oxşar xəbərlər
SON XƏBƏRLƏR