Sizin reklam burada

Xaqani Məmmədov Elmar Baxşıyevin köməkçisi oldu

Baxış Sayı:836

Xaqani Məmmədov Elmar Baxşıyevin köməkçisi oldu
“Qəbələ” ilk legioner transferini gerçəkləşdirdi
Ötən saylarımızın birində “Qəbələ”də baş məşqçinin köməkçisi funksiyasını yerinə yetirən Azər Bağırovun “qırımızı-qaralar”dan ayrıldığını xəbər vermişdik. 20 günlük boşluqdan sonra, nəhayət, Elmar Baxşıyevin yeni köməkçisinin adı açıqlanıb. Bu, Xaqani Məmmədovdu. 44 yaşlı mütəxəssis əsas komandaya keçənə qədər uzun müddət bölgə təmsilçisinin futbol akademiyasında müxtəlif yaş qruplarını çalışdırıb. Onun rəhbərliyi altında “qırmızı-qaralar”ın U-16 komandası 2019/20 mövsümündə çempionluğu bayram edib. Qeyd edək ki, Xaqani Məmmədov futbol oynadığı dönəmdə millinin şərəfini qorumaqla yanaşı, “Neftçi”, “Xəzər” (Sumqayıt), MOİK, “ANS-Pivani”, “Şəmkir”, “Maşınsazi” (İran), “Xəzər Lənkəran”, “Olimpik”, “İnter” və “Karvan”ın formasını geyib. 2007/08 mövsümündə isə premyer-liqanın bombardiri olub. Xaqani bəy yeni işi ilə bağlı fikirlərini bölüşüb: “Bu təklif mənim üçün gözlənilməz, eyni zamanda xoş oldu. “Qəbələ“ mənim öz doğma klubumdu. Uzun müddətdi burda çalışıram. İki ay öncə akademiyada çalışan məşqçiləri məzuniyyətə göndərmişdilər. Sevinirəm ki, indi yenidən doğma klubumdayam. Birillik müqavilə bağlamışam. Əsas komandada çalışmağı hər məşqçi istəyər. Həm rəhbərliyə, həm də Elmar Baxşıyevə minnətdaram ki, mənə güvəndilər. Bundan sonra bütün bacarığımı ortaya qoyacam ki, onların etimadını doğruldum. Bu böyük məsuliyyətdi. Gənc və mehriban kollektivimiz var. Qarşımıza qoyulan məqsədi bilirik. Yüksək yerlər uğrunda mübarizə aparmalıyıq. Məncə, buna gücümüz çatar. Şəraitimiz normaldı, hər şey əvvəl olduğu kimi qalır. Bildiyimə görə, maddi vəziyyət də get-gedə yaxşı olmalıdı. “Qəbələ“yə yaxşı bələdəm və yeni işimdə uğurlu olacağıma inanıram. Elmar Baxşyevlə əl-ələ verib, yaxşı komanda yaradacağıq“.
"Qəbələ" yay fasiləsində ilk legioner transferini də gerçəkləşdirib. Bölgə təmsilçisi Yurgen Qokşanı heyətinə qatıb. Bakıda olan 28 yaşlı albaniyalı mərkəz müdafiəçisi ilə birillik müqavilə bağlanıb. 2014-cü ildən başlayan karyerası indiyədək yalnız vətəninə bağlı olan Yurgen ilk dəfə legioner həyatını ölkəmizdə yaşayacaq. "Tirana"ya məxsus olmuş təcrübəli futbolçu son mövsümü icarə əsasında Albaniya superliqasının digər təmsilçisi "Bülis Baliş"də (17 oyun, 4 qol) keçirib.
RƏŞAD

Oxşar xəbərlər
SON XƏBƏRLƏR