Sizin reklam burada

Elnur Əşrəfoğlu Kubilay Türkyılmazı söyüb

Baxış Sayı:1 147


“Səhər filankəs, günorta filankəs, axşam isə Oleq Bloxin efirdə olacaq”
İstər karyerasını davam etdirən, istərsə də butslarını mismardan asan veteran futbolçularla söhbət edəndə istər-istəməz köhnə günləri yada salırlar, başlarına gələn müxtəlif məzəli hadisələri sevə-sevə danışırlar. Təbii ki, futbol təkcə futbolçulardan ibarət deyil. Məşqçilər, hakimlər, klub funksionerləri də dünyanın bir nömrəli idman növünün ayrılmaz hissəsidi. “Yada düşər xatirələr” rubrikasında həyatının böyük hissəsini “idmanın şahı”na həsr edən adamlarla söhbət edir, yaddaşlarına əbədi yazıılan məzəli hadisələri bizimlə bölüşmələrini istəyirik. Rubrikanın budəfəki qonağı tanınmış telejurnalist, bir çox böyük və mötəbər turnirlərdə, Yay Olimpiya Oyunlarında şərhçi kabinəsində oturub yarış həyəcanını Azərbaycana çatdıran, bir müddət “Neftçi”də işləmiş, hazırda funksioner kimi Cüdo Federasiyasında çalışan Elnur Əşrəfoğludu.
Az.TV-nin “zəlzələ qrupu”
2000-ci ilin noyabrında Bakıda baş verən zəlzələni yəqin xatırlayırsız. Həmin gün axşam mən də növbətçi idim. İki qrup çəkilişə getmişdi. Onlar şəhərdəki durumla bağlı xeyli materail gətirmişdi. Həmin axşam operativ işlədiyimizdən rəhbərliyin gözündə ucalmışdıq. Zəlzələdən 5-6 gün ötüb. Televiziyada kinoproqramlar redaksiyası var. Orda uşaqlarla oturub domino oynayırdıq. Nəsimi Nəbizadə, İman Məcidov, rəhmətlik Etibar Babayev, kinoproqramın məşhur Ramiz dayısı, bir sözlə, əla bir “kruq” yığılıb. Kinoproqramın da redaksiyası lap aşağıda, birinci mərtəbədə, “tyomnı” yerdədi. Elə yerdə yəqin ki domino da “tyomnı” gedər. Axşam saat 11 radələridi. Ortaya da xeyli pul yığılıb. Bir də gördüm ki, televiziyanın o vaxtkı sədri Nizami Xudiyev pəncərədən bizə baxır. Birdən mən “uşaqlar, Nizami müəlim” deyincə, hərə bir tərəfə qaçdı. Biri stolun dalında gizləndi, başqa birisi çölə çıxdı. Bir sözlə, otaqda məndən başqa heç kim qalmadı. O məni gördüyündən heç hara çıxa bilmədim. Məcburiyyətdən gəlib pəncərəni açdım və gördüm ki, müavinləri Arif Alışanovla Vaqif Ağayev də yanındadı. Nizami müəllim Naxçıvan ləhcəsi ilə “ə, burda neynirsiz” sualını verincə, özümü itirmədən “domino oynayırıq” cavabını verdim. “Puldan oynayırsız” sualına isə “müəllim, nə pul, sadəcə, acmışdıq, kimin cibində nə var idisə, atıb ortaya ki, gedib nəsə alıb gətirək”. “Bəs burda niyə” deyincə, “Nizami müəllim, “zəlzələ qrupudu” da. Birdən yenə zəlzələ olsa, biz burda hazırıq” söylədim. Mənim 5-6 gün öncəki zəhmətim yadına düşdü və başını yelləyib getdi. Nizami müəllim gedəndən sonra məni otaqda tək qoyub qaçan dostlar geri qayıtdılar və sədrin nə dediyi ilə maraqlandılar. Mən də onları qorxutmaq üçün “kişi sabah hamımızı işdən çıxaracağını bildirdi” söyləyib onların kürkünə birə saldım. Ertəsi gün sədrin yanında iclasdı. Kinoproqramlar redaksiyasının baş redaktoru Əhməd Aşurbəyov xəstə olduğuna görə işə gəlməyib və iclasa müavini Ramiz müəllim gedib. İclasda bunu yuxu basıb. Həmin vaxt Nizami müəllim də “qarşıdan məktəblilərin qış tətili günləri gəlir” deyərək, uşaqlara aid filmlərin seçimindən danışıb. Xəbərlərdə baş redaktorun müavini olan Elman müəllim də həmin an Ramizi dümsükləyir ki, ayılsın və söhbətdən agah olsun. Ramiz də ayılan an “gəlir” sözünü eşidir. O dəqiqə qalxıb ayağa və başlayıb ki, “Nizami müəllim, vallah, o domino səsi bizim otaqdan gəlmir. Puldan dominonu qıraq otaqda səs rejissorları oynayırlar”. Xudiyev də qayıdıb ki, “ə, nə domino, domino nədi? Yaxşı yadıma düşdü, bunlar dünən iş vaxtı domino oynayırdılar. Amma bunlar “zəlzələ qrupudular”. “Zəlzələ qrupu” olduqlarına görə bunlara dəymək olmaz. Onlara hələ yorğan-döşək də vermək lazımdı ki, rahat yatsınlar”.
“Vı çto, rebyata, u vas tam Sulya iqraet”
Az.TV-nin “Telefortuna” komandası ilə xarici səfərlərə yollanırdıq. Belə səfərlərdən biri də Kiyevə olub. 2000-ci illərin əvvələrində Nazim Süleymanovu da komandaya dəvət etmişəm. Nazim həmin vaxt karyerasını yenicə başa vurmuşdu. Jurnalistlər, veteran futbolçular bir yerə yığışanda oyunöncəsi nələrin olduğunu yaxşı bilirsiz. Yeyib-içmək, nələr-nələr... Oyunlar da səhər saat 9-da başlayır. Səhərə qədər nə Nazim, nə komandamızda olan digər veteran futbolçu Azad Mütəllimov, nə də mən düz-əməlli yatmışdıq. Dediyim kimi, başımız qarışıq olub. Fərhad Həsənovdan soruşduq, oyunumuz nə vaxtdı, cavab verdi ki, 9.30-da. Birinci görüşü birtəhər udduq. Qarşılaşmalar da dairəvi sistemlə keçirilirdi. Birinci matçdan sonra özümüzə gəlmək üçün Kiyev Olimpiya stadionunda Nazimlə yatmağa yer axtarırıq. Gözümüzə yekə bir döşək sataşdı. Sən demə, həmin döşək dəfələrlə dünya rekorçusu olmuş, dünya və olimpiya çempionu Sergey Bubkanın imiş. Orda o məşq edirmiş. Nə isə, özümüzü ora verib yatdıq. Bir də gördük ki, Fərhad özünə əl qatıb bizi yuxudan oyadır ki, ikinci oyun başlayır. Həmin gün 6 oyun keçirdik və hər qarşılaşmadan sonra Süleymanovla mən həmin döşəkdə yatıb-durub meydana çıxırdıq. Final görüşündə Ukrayna komandası ilə üz-üzə gəlirik. Qarşılaşmadan öncə səs-küy salıb aləmi bir-birinə qatmışıq ki, onların komandasında iki nəfər “lipa” var. Özümüzə əl qatmışıq ki, rəqibin heyətində Kiyev “Dinamo”sunun gənclər komandasının üzvləri yer alıblar. Axırda onların kapitanı - Ukraynanın tanınmış idman jurnalisti idi – dözməyərək bizə yaxınlaşdı, “vı çto, rebyata, u vas tam Sulya iqraet” deyib, qışqır-bağır salmağımızın mənasız olduğunu bildirdi.
Roy Hocsonun baş məşqçi saydığı şərhçi
Azərbaycan millisi Helsinkidə yerli yığma ilə oynamalıydı. Mən də Az.TV-dən ezam olunmuşam və matçı şərh etməliyəm. Bir gün öncə görüşün keçiriləcəyi arenada yığma məşq etməlidi. Bizdən əvvəl meydan sahibləri meydanda idilər. Bizimkilər paltardəyişmə otağına yollandı, mən isə birbaşa qazonun kənarına getdim. AFFA-dan mənə sinəsində qurumun loqosu olan gödəkçə verilmişdi. Finlərin baş məşqçisi də Roy Hocson idi. Qazonun kənarına yaxınlaşmışdım ki, Hocson mənə tərəf gəldi. Salamlaşdıqdan sonra qoluma girərək, başladı ot örtüyünün durumundan, stadiondan danışmağa. İngilis dilində birnəfəsə üyüdüb-tökür. Yazıq elə bilib ki, mən millinin çalışdırıcısı Qyoko Hacievskiyəm. Gördüm bu məni Hacievski ilə səhv salıb, ancaq səsimi çıxarmadım. Hərdən başımla onun dediklərini təsdiqliyirəm, ingilis dilində bir-iki söz deyirəm. Ağsaqqal daha da cuşa gəlib, futbolun durumundan, Finlandiyadakı işindən danışırdı. Ertəsi, oyun günü mən şərhçi kabinəsində oturmuşam. Bir də gördüm Hocson bizim texniki zonaya yaxınlaşıb, millimizin baş məşqçisi ilə görüşmək istəyir. Qarşısına Hacievski çıxanda çaşıb qaldığını uzaqdan hiss etməmək mümkün deyildi. Yazıq fikirləşib ki, dünən danışdığım kim idi, bu gün mənə əl uzadan kimdi... Qarşılaşmadan sonra onunla aramızdakı dialoqu Hacievskiyə danışıb xeyli gülmüşdük.
“Sanki Aşqabad “Kolxozçu”sudu, gəlib turnirə”
Jurnalist yığması ilə Moldovaya turnirə yollanmışıq. Hava limanında düşdükdən sonra təşkilatçı tərəfin bizim üçün ayırdığı avtobusa minib yarışın keçiriləcəyi məkana getdik. Oyunlar Moldova millisinin Vadul-luydakı təlim-məşq bazasında keçirilirdi. Yolüstü sürücüdən xahiş etdik ki, marketlərin birində saxlasın. Gündüz Abbaszadə, İlkin Xəlilov və mən marketdən araq-pivə alıb yola davam etdik. Vadul-luya girəndə gördük ki, bütün işçtirakçı komandalar artıq ordadılar. Bizim də torbalar dolu araq, pivə. Bir-birinə dəyən butulkaların səsindən qulaq tutulur. Gördüm bizə birtəhər baxırlar. Zarafatla “o dəqiqə hiss olunur ki, peşəkarlar gəlib” deyəndə, Ukrayna, Moldova, Rumıniya komandasının üzvləri güldülər. Axşam nəyi var yeyib-içdik. Ertəsi artıq meydana çıxmalıyıq. Oyunöncəsi məşq zamanı uşaqlara tapşırdım ki, özünüzü zəif göstərin, qapıya dəqiq zərbə vurmayın, topla rəftarda “şikəst” kimi davranın. Uşaqlar da dediklərimə əməl etdilər. Kənardan da bizə baxıb gülürdülər. İlk görüşdə keçənilki finalçı Ukraynanı yendik. Ardınca 1:0 hesabı ilə Litvanı udduq. Uzun sözün qısası, yarımfinalda Rumıniyanı da məğlub edib finala yüksəldik. Həlledici qarşılaşmada uduzub turniri ikinci pillədə başa vurduq. Yarışdan sonra təşkil olunan ziyafətdə Rusiya komandasının heyətində çıxış edən veteran futbolçu Yeqor Qluxov bizə yaxınlaşaraq “uşaqlar, sizin məşqə baxdım və özüm-özümə “bu nə komandadı, sanki Aşqabad “Kolxozçu”sudu, gəlib turnirə”, - deyə fikirləşdim. Sonradan sizin bir-bir rəqibləri məğlub etdiyinizi eşitdikcə havalanırdım və deyirdim ki, “Kolxozçu” hoqqa çıxarır. Sonradan başa düşdüm ki, məşqdə hiyləgərlik edirmişsiz”. Onu da deyim ki, Qluxov Tümen “Geoloq”unda Arif Əsədovla bir yerdə oynamışdı.
“Ala, sənə dedi, başqa sözün var”
Tarixi Azərbaycan – İsveçrə matçında yaşananları da sizlərə danışmaq istərdim. Oyun baçşa çatıb və qonaqlar uduzduqlarına görə məyusdular. Mən də hakimin final fiti səslənər-səslənməz mikrofonla Kubilay Türkyılmaza yaxınlaşıb ingiliscə sual verdim. O isə əli ilə mikrofonu itələyib danışmaq istəmədi. Həmin vaxt üzümü operatora tutaraq öz dilimizdə “bunu belə-belə olsun. Bizə lazımdı, gedək başqası ilə danışq” demişdim ki, Kubilay “ulan, bana mı küfür ediyorsun” söyləyib yapışdı məndən. Mən hardan bilim ki, bu bizim söyüşləri başa düşəcək. Həmin vaxt operator Səfər kameranı yerə qoyub tutdu Türkyılmazın yaxasından və “ala, sənə dedi, başqa sözün var” deyib futbolçunu sağa-sola çəkib silkələdi. Kubilaydan ucaboy olduğundan futbolçu onun əlindən çıxa bilmirdi. Bizim dalaşdığımızı görən İsveçrənin kapitanı Çiraako Sfortsa yaxınlaşıb aranı sakitləşdirdi. Məsələdən hali olandan sonra əvvəlcə özü açıqlama verdi, sonra da məcbur etdi ki, Kubilay paltardəyişmə otağından çıxıb danışsın.
Axşam xəbərlərində Oleq Bloxin
“İdman Azərbaycan”ın rəhbəri olduğum vaxt idi. Artıq telekanaldan ayrılmağıma az qalıb. Rəhbərliklə arada soyuqluq yaşanır. Həmin vaxt sədr postunu Arif Alışanov tuturdu. Onun Elşən adlı köməkçisi var idi və özünə çox bənzəyirdi. Qəbul otağına girib Elşəni görəndə elə bilirdin Arif müəllimin özü oturub orda, adam bir az çəkinirdi. Alışanov “İdman Azərbaycan”ı da tapşırıb bu Elşənə. Sonradan bildik ki, bu qardaş da bizim kimidi, yaxşı yeyib-içəndi. Telekanal Elşənə tapşırılsa da, onun idmandan çox da anlayışı yoxdu. Mən də işə gəlsəm də, içəri girmirəm, Az.TV-nin qarşısındakı çayxananın bar dediyimiz yerində oturub, dostlarla söhbət edib gedirəm. Bizdə də Kənan adlı inzibatçı var idi. Hər dəfə mənə yaxınlaşaraq “müəllim, xəbərləri kimin aparacağını yaz ki, mən də Elşənə verim”. O da öz növbəsində həmin sənədi Arif müəllimə təqdim edirdi. Bir gün Kənan yenə yaxınlaşıb eyni sözləri dedi. Qələmi əlimə götürüb səhər filankəsin, günorta filankəsin, axşam isə Oleq Bloxinin xəbərləri aparacağını qeyd etdim. O arada bizdə diktorluq müsabiqəsindən keçmiş Oleq adlı oğlan var idi. Hazırda Rus Dram Teatrında aktyor işləyir. Soyadı Əmirbəyovdu. Kənan belə yazır, aparır verir Elşənə. Elşən də futboldan bixəbər adam, kağızı qoltuğuna vurub gedir Alışanovun yanına. Başlayır ki, xəbərlərin də cədvəlini tutmuşam. Səhər filankəs, günorta filankəs, axşam isə Oleq Bloxin efirdə olacaq. Arif müəllim də futbolu bilirdi. Bloxinin soyadını eşidəndə, soruşub ki, nə Bloxin? Elşən də cavab verib ki, “Oleq Bloxin”. Həmin an mobil telefonla mənə yığıb ki, təcili gəl otağa. Mən içəri girən kimi “bəsdi də, yenə başlamısan köhnə işlərinə” deyib guya əsəbləşdi. Ancaq için-için güldüyünü hiss edirdim.
RƏŞAD

Oxşar xəbərlər
SON XƏBƏRLƏR