Sizin reklam burada

“Səbail” ayağını yorğanına görə uzadır

Baxış Sayı:866


Aftandil Hacıyev: “Böyük ehtimalla yenilərin hamısı legionerlər olacaq”
Premyer-liqanın digər komandaları kimi təlim-məşq toplanışının ilk mərhələsini Qəbələdə keçirən “Səbail” artıq Bakıya dönüb. Fürsətdən istifadə edib “dənizçilər”in baş məşqçisi Aftandil Hacıyevi aradıq, hazırlığın birinci hissəsi ilə bağlı fikirlərini öyrəndik.
- Öncə toplanışla bağlı fikilərinizi bölüşmənizi istərdik.
- Komanda üzvlərinin uzun müddət futboldan ayrı düşməsi səbəbindən məşq, top və yaşıl meydan üçün darıxması ilk gündən hiss olunurdu. Hər biri məşqlərdə böyük həvəslə çalışırdı ki, bu da baş məşqçi kimi məni sevindirməyə bilməzdi. Toplanışın ilk mərhələsi üçün nə planlaşdırmışdıqsa, onu həyata keçirə bildik. Yeganə təəssüf doğuran məqam bəzi oyunçuların toplanışda zədələnməsi oldu. Beş ay sürən fasilədən sonra ikihəftəlik hazırlıq dönəmində həm məşq etdik, həm də iki yoxlama oyunu keçirdik. Hazırkı pandemiya dövrü bizə yad dönəmdi. Əvvəlki illərdə maksimum bir ay fasilədən sonra məşqləri bərpa edirdik. İndi isə uzun aradan sonra futbolçular üçün də çətindi. Qısa vaxt ərzində hazır olmaq, 90 dəqiqə istənilən səviyyədə oynamaq ağırdı. Bunu futbolçulardan gözləmirik də. Düzdü, nəticə bizim üçün uğurlu olmasa da, gözlədiyimizdən də sürətli oyun gördük, inkişaf hiss etdik. Bu gün futbolçularda da o istəyi görürəm. Heyətimizdə bir neçə gənc oyunçu var və bu onlar üçün şansdı ki, meydanda daha çox olsunlar. Əvvəlki illərdən fərqli bu il işimi gənclər üzərində qurub Bahadur, Ədilxan kimi oyunçuları üzə çıxarmağa çalışacam. Təbii ki, hər zaman komandada təcrübəli oyunçulara da ehtiyac var. Onlardan da çox gözləntimiz var. Tələbimiz o olacaq ki, öz oyunları, davranışları ilə gənclərə örnək olsunlar. Rahid Əmirquliyev, Rauf Əliyev, Aleksandr Ribka kimi təcrübəli futbolçularımız var. Onların üzərinə böyük yük düşür. Gələcəkdə mübariz heyət olacağımıza çox inanıram.
- Zədədən söz düşmüşkən, Lema Mabidinin zədələndiyi və ən yaxşı halda iki həftədən sonra məşqlərə başlaya biləcəyi deyilir.
- Lema ilə yanaşı, Rauf Əliyev də zədələnib. Azı bir həftə kollektiv məşqdən uzaq düşəcəklər. Ancaq ümid edirəm ki, hər şey yaxşı olacaq və hər iki futbolçu həkimlərin dediyi vaxtda sıraya dönəcəklər.
- Bu yay “Səbail” iki futbolçunu – Məqsəd İsayevlə Florian Kadriunu rənglərinə bağlayıb. Transfer çalışmaları başa çatıb, yoxsa qarşıdakı günlərdə düşərgədə yemi simalar görünəcək?
- Bildiyiniz kimi, bu yay bəzi aparıcı futbolçular sıralarımızı tərk etdilər. Onların boşaltdığı mövqelərə mütləq yeni transferlər olmalıdı. Bizə minimum 3-4 yeni oyunçu lazımdı. Böyük ehtimalla yenilərin hamısı legionerlər olacaq.
- Pandemiya ilə əlaqədar, demək olar ki, premyer-liqanın bütün klublarında büdcənin azalacağı gözlənilir. Bəs “Səbail”də bu yöndə vəziyyət necədi?
- Özünüz də bilirsiz ki, bizdə azalma hələ ötən mövsümdən başlayıb və ildən-ilə daha da üzüaşağı gedir. Çətin olsa da, çalışırıq döyüşkən komanda formalaşdıraq, çempionata rəng qataq.
- Büdcəsi azalan klub legionerləri necə dəvət edir?
- Ayağımızı yorğanımıza görə uzadırıq. Elə legioner dəvət edirik ki, təklif etdiyimiz şərtləri qəbul edir.
- Qapıçınız Aleksandr Rıbka hazırda komandanın düşərgəsində olsa da, mətbuata verdiyi açıqlamalardan hiss olunur ki, Ukraynaya qayıtmaq, yeni kluba üz tutmaq istəyir. Bugünlərdə “instaqram”da canlı yayında azarkeşlərin suallarını cavablandıran qapıçı təxminən “Ukraynadan təklif yoxdu, olsa, düşünməyə dəyər” kimi fikirlər səsləndirmişdi. Onu saxlaya biləcəksiz?
- Rıbkanın sosial şəbəkələrdə səsləndirdiyi fikirləri, paylaşdığı statusları şərh etmək istəmirəm. Ola bilsin, pandemiya dönəmində uzun müddət ailəsindən, yaxınlarından uzaq düşdüyü üçün ürəyi vətənini istəyir. Ancaq onun bizimlə hələ birillik müqaviləsi var. Bugünlərdə özü ilə söhbət etmişəm. Qapıçının müqavilə şərtlərində müəyyən dəyişiklik olub, məvacibi azaldılıb. Yeri gəlmişkən bildirim ki, tək onun yox, başqa futbolçularımızın da əməkhaqqında azalma olub. Müəyyən nüanslar var ki, təcrübəli qokiperlə söhbətdə ona toxunduq, fikir mübadiləsi apardıq.
- Toplanışın ikinci mərhələsi harda olacaq?
- Avqustun 8-də hazırlığı bərpa edəcəyik. Ancaq hələ ki məkan müəyyənləşməyib. Çempionatın startına kimi daha iki yoxlama matçı keçirməyi düşünürük. Çalışacağıq premyer-liqanın startına qədər komanda normal formaya düşsün, oyun planında inkişafa nail olaq, xətlərarası əlaqəni mükəməlləşdirək. Komandaya yeni qoşulacaq futbolçuların da qısa vaxtda kollektivə uyğunlaşmasına çalışacağıq.
- Bu yay avrokuboklarda ölkəmizi təmsil edəcək komandaların şanslarını dəyərləndirməyinizi istərdik.
- “Qarabağ”, “Neftçi” və “Keşlə”nin avrokubok təcrübəsi var. Hər üçü uzun illər qitəmiqyaslı turnirlərdə iştirak ediblər. “Sumqayıt” isə ilk dəfə belə mötəbər turnirə qatılacaq. Debütanta uğurlar arzulayıram. Sumqayıt şəhəri buna layiqdi, orda futbolu çox sevirlər və ümid edirəm ki, komanda azarkeşlərini sevindirəcək. Qalan 3 komandaya da bir neçə mərhələ keçməyi arzulayıram. Təbii ki, həmişəki kimi “Qarabağ” və “Neftçi”dən gözləntilər böyükdü. Hər ikisinin heyəti qrup mərhələsinə vədiqə qazanmağa imkan verir. Ancaq uzun müddət ölkədə futbolun olmaması, çempionatın keçirilməməsi təsirini göstərə bilər. İnşallah, yaxşısına ümid edək və inanaq ki, bu il də qrup mərhələsində təmsilçimiz olacaq.
RƏŞAD

Oxşar xəbərlər
SON XƏBƏRLƏR