Sizin reklam burada

Mümkün biabırçılıq Ayxan Abbasovu qorxutmur

Baxış Sayı:906


“Avroliqada mərhələ adlamaq, yaxud avrokuboklara vəsiqə qazanmaq tapşırığı verilsin – belə bir hədəf yoxdu”
Təsnifat mərhələsi qarşılaşmaları bir oyundan ibarət olacaq növbəti avrokubok mövsümündə təmsilçilərimizə inam az deyil. Komandalar uzun müddət futbolsuz qalsalar da, son bir aydakı hazırlıq prosesi və keçirilən yoldaşlıq görüşləri gələcəyə ümidlə baxmağa imkan verir. Hər halda, “Qarabağ”, “Neftçi” və “Keşlə” yetərincə fəal görünür.
Yalnız “Sumqayıt”la bağlı proqnozlardan bədbinlik qoxusu gəlir. Bu da başadüşüləndi. Mövsüm başa çatan kimi aparıcı futbolçular düşərgəni tərk etdi. Onların əvəzinə daha güclülərin cəlb olunacağına ümid etsək də, hələ ki sakitlikdi. Büdcəsi azaldılan “kimyaçılar”ın bu gedişlə Avroliqada yaxşı mənada nə iləsə yadda qalacağına inanmaq olmur. Bu gün üçün tək istəyimiz “Sumqayıt”ın rəqibinə biabırçı hesabla boyun əyməməsidi.
Amma yox, bu məqam Ayxan Abbasovu qətiyyən qorxutmur. Komanda hər nə qədər zəifləsə, hətta beynəlxalq arenada faciəvi hesabla uduzsa da, Abbasov bunu dünyanın sonu kimi qəbul etməyəcək. Niyə? Qəzetimizə verdiyi müsahibəni oxuyanda həm səbəbi biləcəksiz, həm də başqa suallara cavab tapacaqsız.
- Hazırlıq necə keçir? Ürəyinizcədi?
- Normal keçir deyərdim. İyulun 16-dan burdayıq, müəyyənləşdirdiyimiz plan üzrə hərəkət edirik. Uzun müddət futbolsuz qalan futbolçuların fiziki baxımdan əziyyət çəkmələri başadüşüləndi. Açığı, qarşımızda duran əsas məqsəd fiziki hazırlığı maksimum həddə çatdırmaqdı. Bildiyiniz kimi, komandaya yeni oyunçular qoşulub. Onların uyğunlaşması üçün yoldaşlıq görüşləri vacibdi. Artıq iki sınaq matçı keçirmişik, qarşıda bizi daha bir görüş gözləyir. Dediyim kimi, elə bir narazılığım yoxdu.
- Qəbələ Türkiyə ilə Avstriyanın yerini verir?
- Deyərdim ki, adını çəkdiyiniz ölkələrdən heç də geri qalmır. İstər şərait olsun, istərsə də meydanlar – hər şey yüksək səviyyədədi. Bir əsas fərq var, o da rəqiblərin kimliyi. Xaricdə Avropa klubları ilə qarşılaşa bilirdiksə, burda ancaq yerli komandalarla üzləşirik. Bugünkü pandemiya dövründə ən ideal variant elə Qəbələdə hazırlıq keçməkdi.
- Jurnalistlərin olmaması necə? Sakitlikdi?
- (gülür) Jurnalistlər heç vaxt bizi narahat etməyib. Təlim-məşq toplanışlarında elə bir əsəb, stress olmur ki, jurnalistlər bizə maneə törətsin. Bəlkə də media mənsubları daim burda olsaydı, oxucular, azarkeşlər daha çox məlumat toplayardı. Xüsusən də sumqayıtlı fanatların yaşananlardan daha çox xəbərdar olmasını istərdim. Məsələn, oyunun gedişi, meydana çıxan futbolçuların adları, vurulan və buraxılan qolların şərhi və s.
- Avroliqa ərəfəsində “Sumqayıt”a görə çox narahatıq. Siz necə?
- Heyəti qorumaq istəyirdik. Ötən mövsüm yaxşı futbolçulardan qurulmuş komandayla 4-cü yeri tutduq, üstəlik, kubokun yarımfinalına yüksəldik. İnkişaf göz qabağındaydı. Lakin bizdən asılı olmayan səbəblərdən bəzi oyunçuları saxlaya bilmədik. Bununla təslim olmalı deyilik. Əksinə, çıxış yolları tapıb, düşdüyümüz vəziyyətdən çıxmalıyıq.
- Aleksey İsayev, Mehdi Şərifi, Peyman Babayi, Əmir Ağayev, Şəhriyar Rəhimov, Elvin Cəfərquliyev - əsas heyətin tən yarısı komandanı tərk etdi. Səbəb konkret olaraq pul idi?
- Adını çəkdiyiniz futbolçuların çoxu “Sumqayıt”da parladı. Komandamıza gələnə qədər heç nə ilə diqqət çəkmədiklərini demək istəmirəm. Sadəcə, “Sumqayıt”a gəlməmişdən əvvəlki mövsümdə az şans qazanırdılar, ya da yüksək liqada çıxış etmirdilər. Lakin bizdəki oyunu ilə diqqətləri üzərinə çəkənlər oldu. Belədə daha çox qazanmaq istəkləri anlaşılandı. Klubun müəyyən olunmuş məhdud büdcəsi var ki, ondan kənara çıxmaq, istəsək də, mümkün deyil. Ona görə də hər birinə uğurlar arzulayırıq.
- Gedişləri təsir edir? Oynatdız, özlərini göstərmələrinə şans yaratdız və Avroliqa oyunları ərəfəsində əl yelləyib getdilər.
- İdman sahəsində buna təəccüblənməyə dəyməz. Çünki hər bir futbolçu karyerasını və gələcəyini düşünür. Müqaviləsinin müddəti başa çatan futbolçu qərar verməkdə sərbəstdi. Heç kim ona mane ola bilməz. Necə ki, onları komandaya inanıb dəvət etmişdik, bu gün də yenə inanıb dəvət etmək üçün yeni adlar axtarışındayıq.
- Rəhbərlik qarşınıza konkret hədəf qoyub?
- Xeyr.
- Heç bir hədəf yoxdu?
- Hədəf sözü bizdə sanki dəb halına gəlib. Hər bir məşqçinin hədəfi olur, bunun üçün rəhbərliyin nəsə deməsinə ehtiyac yoxdu. Əlbəttə, mənim də öz məqsədlərim var. Amma konkret olaraq Avroliqaya mərhələ adlamaq, yaxud avrokuboklara vəsiqə qazanmaq tapşırığı verilsin – xeyr, belə bir hədəf yoxdu.
- Bəs baş məşqçi kimi sizin hədəfiniz nədi?
- Mübariz komanda formalaşdırıb, hər oyuna qələbə ruhu ilə çıxmaq və ən əsası, maksimum sayda qələbə qazanmaq. Bununla yanaşı, təbii ki, gənclərin inkişafına nail olmaq, onların üzə çıxmasına şərait yaratmaq.
- İndiki büdcə ilə ötənilki komandanı qurmaq olar?
- Xeyr.
- Avroliqanın startı ərəfəsində “Sumqayıt” hələ də futbolçu axtarışını davam etdirir. Komandada legioner ola bilər?
- Legionerlərin cəlb olunmasına icazə verilmir. Amma ölkədən kənarda yaşayan azərbaycanlılar ola bilər.
- Yerli futbolçu mövzusu bağlanıb, yoxsa axtarışdasız?
- Konkret olaraq ehtiyac duyulan mövqeləri gücləndirmək üçün futbolçu axtarırıq. Və axtarış dönəmində “bu yerlidi, bu kənarda yaşayan azərbaycanlıdı” şəklində düşünmürük. Sırf boşluqları doldurmaq üçün addım atmaqda maraqlıyıq. Düzü, bu gün hansısa yerli ilə danışıq aparmırıq. Lakin sabah elə olar ki, hansısa futbolçu öz komandasında az oynadığını, ya da oynayacağını düşünüb “Sumqayıt”a gəlmək istəyər, ya da klubu onu bizə təklif edər.
- Peyman Babayi, Mehdi Şərifi, Amil Yunanov – ötən mövsüm heyətdə olan hücumçuların heç biri bu gün “Sumqayıt”da deyil. Avroliqada forvardsız mübarizə aparacaqsız?
- İnşallah, hücumçumuz olacaq. Bu gün komandadakı gənclərə şans veririk. Hazırda iki hücumçu ilə danışıqlar davam edir. Dediyim kimi, kənarda yaşayan azərbaycanlılardı. Peymanın inkişafı göz qabağındaydı. Və bu gün komandamızda olmasını çox istərdik. Hətta adı yığmaya namizədlər siyahısındaydı. Onun “Maşınsazi” ilə müqaviləsi var, bizdə icarə əsasında top qovurdu. Deməyim odu ki, bizdən asılı olmayan səbəblər var.
- Amil Yunanov?
- Amil bizə gələnə qədər “Keşlə”də top qovurdu və mövsümün sonunda orda az oynamışdı. Lakin onu yaxından tanıdığımız üçün inanıb dəvət etdik. Di gəl ki, əvvəlki dönəmlərdəki Amili görə bilmədik. Ola bilsin, Peymanla Mehdiyə rəqabətdə uduzdu, ola bilsin, zədələri ona mane oldu. Həm də gələcək üçün başqa oyun üslubuna sahib forvard istəyirik. Sistemimizə uyğun hücumçu tapmalıyıq.
- “Sumqayıt”ın avrokuboklardakı debütü sizin adınızla bağlı olacaq. Allah eləməsin, içinizdə nəticə ilə bağlı faciə, biabırçılıq qorxusu yoxdu ki?
- Elə bir qorxu yoxdu, açığı, qorxu varsa, bu işi görməyə dəyməz. Ötən mövsümün əvvəlində heç kim “Sumqayıt”ın Avroliqaya vəsiqə qazanacağını təsəvvür etmirdi, buna inanmırdı. Amma 2018/19 mövsümündə kubokun finalına yüksəldik, bu il çempionatda 4 komandanı qabaqladıq. Bunun təsdadüf olduğunu heç kim deyə bilməz. Çünki həmin pillədə bir-iki həftə yox, aylarla olmuşuq. Biz buralara inanıb gəlmişik, inanaraq da yolumuza davam edirik.
- Yəni içinizdə faciəvi məğlubiyyət qorxusu yoxdu.
- Futboldu, hər şey olur. Vaxtilə ən böyük komandalarımız belə, avrokuboklarda böyük hesablarla məğlub olublar. Həm də biz komandanı sırf Avroliqaya görə qurmuruq. Bizi çempionat da düşündürür.
- Elvin Cəfərquliyevi yenidən “Qarabağ”dan icarəyə götürmək mövzusu bağlanıb?
- Bununla bağlı “Qarabağ”a müraciət etmişik. Düzü, bizimlə olmasını çox istərdik. Ötən mövsüm çempionatın tapıntılarından oldu. Lakin “Qarabağ” Elvini oynatmaqda maraqlıdı. Belə deyim, versələr, sevinərik.
HƏBİB

Oxşar xəbərlər
SON XƏBƏRLƏR