Sizin reklam burada

Vaqif Sadıqov futbola güzəşt olunacağını düşünür

Baxış Sayı:890

Vaqif Sadıqov futbola güzəşt olunacağını düşünür
“Artıq neçə vaxtdı bu mövzuda danışıqlar gedir”
Hamı, o cümlədən futbol ictimaiyyəti avqustun 5-dən sonra sərt karantin rejiminin yumşaldılacağını gözləyirdi. Təəssüf ki, gözləntilər özünü doğrultmadı. Operativ Qərargah 13 şəhər və rayonda - Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax, Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz və Salyanda açıq havada idman yarışları və oyunlar da daxil olmaqla bütün kütləvi tədbirlər, o cümlədən mədəni-idman tədbirlərin keçirilməsinə məhdudiyyəti avqustun 31-nə kimi qüvvədə saxladı. Siyahıda Bakı, Sumqayıt kimi şəhərlərin olması o deməkdi ki, avqustun ikinci ongünlüyündə startı gözlənilən premyer-liqa da qeyri-müəyyən müddətə kimi təxirə düşəcək. Bəs avrokuboklarda çıxış edəcək komandaların, Millətlər Liqasına hazırlaşan yığmanın taleyi necə olacaq?
Məsələ ilə bağlı AFFA-nın vitse-prezidenti, çempionatın təşkili ilə bağlı yaradılan İşçi Qrupun rəhbəri Vaqif Sadıqovla əlaqə saxladıq: “Qərar hələ bu gün açıqlanıb. Ona görə də bununla bağlı hansısa fikir bildirməkdə çətinlik çəkirəm. Yalnız onu deyə bilərəm ki, qarşıdakı günlərdə klublarımızı avrokuboklarda matçlar, yığmanı Millətlər Liqasında ilk oyun gözləyir. Məhz bu səbəbdən AFFA və PFL Operativ Qərargahla müntəzəm əlaqə saxlayır, mövcud durumla bağlı danışıqlar aparır. Vəziyyəti nəzərə alan Operativ Qərargah klublarımıza hazırlıq keçmək üçün icazə verdi. Yəqin ki, sərt karantin rejiminin uzadılmasına baxmayaraq, futbolla bağlı güzəşt tətbiq olunacaq. Hər halda, klublarımız qitəmiqyaslı tunirdə çıxış etməlidilər. Bunu nəzərə aldığımıza görə fikrimiz var idi ki, premyer-liqa avqustun ikinci ongünlüyündə start götürsün. Bu həm avrokubok təmsilçilərimizin, həm də milliyə namizəd olan oyunçuların məsuliyyətli oyunlara daha yaxşı formada yaxınlaşmasına hesablanmış bir addım idi. Sabah (bu gün) işdə olacam. Yəqin ki, sabah bununla bağlı daha dolğun informasiyaya malik olacağıq. Ancaq yenə təkrarlayıram, mənə elə gəlir, futbola güzəşt olunacaq. Çünki artıq neçə vaxtdı bu mövzuda danışıqlar gedir”.
RƏŞAD

Oxşar xəbərlər
SON XƏBƏRLƏR