Sizin reklam burada

Futbolun süqutuna doğru daha bir addım

Baxış Sayı:795

İctimaiyyətin bütün başqa təbəqələri kimi, futbolsevərlər də Nazirlər Kabineti yanında Operativ Qərargahın dünənki brifinqini səbirsizliklə gözləyirdi. Burda qeyri-adi nəsə yoxdu, hər kəs normal həyat şərtləri əsasında yaşamaq, sərt karantin rejimi ilə vidalaşmaq istəyir. Son günlər ölkədəki epidemioloji durumun nisbətən sabitləşməsi, sağalanların sayının yoluxanlarla müqayisədə dəfələrlə çox olması nikbin düşünməyə əsas verirdi. Amma dünən mesajla icazənin və çimərlik yasağının götürülməsindən başqa hansısa ciddi yumşalma olmadı. Bu isə o deməkdi ki, avqustun 31-nə qədər xeyir-şər məclisləri keçirilməyəcək, ictimai iaşə obyektləri işləməyəcək, respublikanın 13 şəhər və rayonunda (əvvəl açıqlanan siyahıdan Şəki və Siyəzən çıxarılıb, Salyan əlavə olunub) xüsusi karantin rejimi tətbiq olunacaq, nəhayət, açıq havada idman yarışlarının keçirilməsinə də icazə verilməyəcək. Əlbəttə, bütün başqa qadağalar da istər-istəməz həyatımıza təsir göstərir, psixoloji böhrana və depressiyaya yol açır. Futbolla bağlı qadağa isə həm öldürücüdü, həm də anlaşılmaz.
Beləliklə, açıq havada oyunların keçirilməsinə qoyulan qadağa o deməkdi ki, nəinki avqustun 14-də, heç 21-də də ölkə çempionatının yeni mövsümü start götürə bilməyəcək. Bu məqamda haqlı sual yaranır: oynamağa icazə verilməyəcəkdisə, onda 7 komandanın Qəbələyə yollanıb, günlərdi təlim-məşq toplanışı keçməsinin mənası nədi? Təbii, Operativ Qərargahdan deyə bilərlər ki, biz avrokuboklara vəsiqə qazanan 4 komandaya icazə vermişik, qalanlarının toplanış keçməsi özfəaliyyətdi. Yaxşı, elə burdaca başqa məntiqli sual yaranır. Avqustun 9-da ÇL-in, 10-da Avroliqanın püşkü atılacaq, bununla da Azərbaycan klublarının rəqibləri bilinəcək. Püşk nə qədər üzümüzə gülməsə belə, komandalardan ikisinin evdə oynayacağını düşünmək, güman etmək olar. Bəs həmin komandalar avrokubok oyunlarını harda keçirməlidi? Yeganə variant Qəbələdi. Əslində hökumətin dünənki qərarı klublara yönələn “Bakıya gəlməyin, ayın sonuna qədər Qəbələdə qalın” mesajıdı. Prinsipcə bu varianta razılaşmaq olar. Amma toplanışın təşkilati yönləri, komandanın evdə yox, bölgədə keçirdiyi hər gün əlavə pul deməkdi ki, indiki iqtisadi durumda bu xərclər klub büdcəsi üçün əlavə yükdü.
Çempionatın startını qurban vermək, avrokuboklarda evdə oynamaq imkanından məhrum olmaq bir yana, milli komandanın da maraqları var axı. Ölkənin əsas komandası sentyabrın 5-də Millətlər Liqası çərçivəsində - özü də yeni baş məşqçi ilə! – ilk oyuna çıxmalıdı. De Byazinin heyəti formalaşdırması, futbolçuların optimal formaya yaxınlaşması üçün həmin vaxta qədər çempionatın bir neçə turunun keçirilməsi vacibdi. İndi belə çıxır ki, yığma ilə bağlı planlar da suya düşəcək. Belədə komandadan uğurlu nəticə, De Byazidən möcüzə gözləmək mənasızdı.
Nəhayət, futbol təqviminin pozulmasının başqa mənfi fəsadları da olacaq. Bildiyiniz kimi, futbol üzrə Avropa çempionatı gələn ilə “sürüşdürülüb”. Final mərhələsinin dörd oyunu da Bakıda keçiriləcək. Təşkilatçı ölkələr bəlli tarixə qədər müəyyən hazırlıq işləri görməlidi. Bütün bu gecikmələr gələn il təşkilatçılıqda seytnot vəziyyəti yarada bilər.
İstənilən halda, dünənki qərar ölkə futbolunun mənafeyi baxımından çox sərtdi. Ən azı Bakıda çempionat və avrokubok oyunlarının tamaşaçısız keçirilməsinə icazə vermək olardı. İndi isə belə görünür ki, onsuz da millətin maraq dairəsində olmayan futbolun, ölkədaxili yarışların süqutuna doğru daha bir addım atıldı. Görəsən, bunun sonu olacaqmı?

Oxşar xəbərlər
SON XƏBƏRLƏR