Sizin reklam burada

Yardım almayanlar AFFA-ya müraciət etməyib

Baxış Sayı:866


AFFA İcraiyyə Komitəsinin (İK) iyulun 30-da videokonfrans formatında keçirilən fövqəladə iclasında premyer-liqanın 4 klubuna maliyyə yardımı göstərilməsi ilə bağlı qərar qəbul olunmasından xəbərdarsız. Bir daha xatırladaq ki, İK üzvləri “Qəbələ”yə 1 milyon 500 min, “Zirə”yə 500 min, “Sumqayıt”a 300 min, “Səbail”ə isə 200 min manat vəsaitin ayrılmasını lazım bilib.
Premyer-liqada cəmi 8 komandanın çıxış etdiyini nəzərə alsaq, belə çıxır ki, AFFA dördünə yardım ayırmaqla elita təmsilçilərinin 50 faizinin maliyyələşməsində birbaşa iştirak edir ki, bu da premyer-liqanın qalan 4 komandasına münasibətdə haqsızlıq kimi qəbul oluna bilər. Bəs görəsən, assosiasiyanın maliyyə ayrımadığı qalan 4 klub – “Qarabağ”, “Neftçi”, “Keşlə” və “Sabah” nəyə görə qurumun qarşısında eyni tələblə çıxış etmir? Onlar niyə “ümumi qazan”dan pay ayrılmasını tələb etmirlər? Bu sualla adlarını çəkdiyimiz klubların rəsmilərinə müraciət etdik.
Rüstəm Allahverdiyev (“Neftçi”nin mətbuat katibi): “Yəqin maddi cəhətdən imkanı zəif olan klublar AFFA-ya müraciət ediblər ki, onların müraciəti əsasında da həmin klublara əlavə maliyyə vəsaiti ayrılıb. “Neftçi” yardımla bağlı quruma heç bir müraciət ünvanlamadığından maliyyə yardımı göstərilən klublar arasında adı yoxdu”.
Elnur Həmidov (“Sabah”ın mətbuat katibi): “Klubun büdcəsi əsasən sponsorlardan gələn və müəyyən qədər AFFA-nın ayırdığı vəsait hesabına formalaşıb. Premyer-liqada çıxış etməyə başladığımız vaxt bu barədə məlumat vermişdik”.
Murad Axundov (“Keşlə”nin mətbuat katibi): “İcraiyyə Komitəsinin qəbul etdiyi qərarlar müzakirə olunmur. “Keşlə” maliyyə yardımı üçün AFFA-ya müraciət etməyib”.
“Qarabağ"ın direktoru Əmrah Çəlikəl isə məsələ ilə bağlı mətbuata açıqlamasında bunları vurğulayıb: “AFFA-dan yardım almaq kimi bir planımız yoxdu. Şükürlər olsun ki, bu gün "Azərsun Holdinq" komandanın ehtiyaclarını artıqlaması ilə qarşılayır. "Azərsun" təkcə sponsor kimi yox, həm də fədakarlığı ilə bizim yanımızdadı. Yaxşı günlərlə bərabər, pis günlərimizdə də yanımızda olub və dəstək göstərib. Pandemiya qlobal problemdi. Bu, təkcə bizim və ya Azərbaycanın yox, dünyanın problemidi. Ona görə də ola bilər ki, hazırkı məqamda klubların dəstəyə ehtiyacı olsun və AFFA da onlara kömək etsin. Bunu normal qarşılayırıq".
RƏŞAD

Oxşar xəbərlər
SON XƏBƏRLƏR