Sizin reklam burada

İtalyanların Bakıda qeyri-adi macəraları

Baxış Sayı:626

1973-cü ildə “Mosfilm” kinostudiyası “İtalyanların Rusiyada inanılmaz macəraları” adlı filmi tamaşaçılara təqdim etdi. İstedadlı kinorejissor Eldar Ryazanovun rəhbərliyi altında lentə alınan film xəzinə axtarışına çıxan italyanların başına Rusiyada gələn məzəli əhvalatlar barədədi. Süjet xətti xeyli maraqlı və düşündürücü yumorla zəngin olan film komediya janrında çəkilib. Qısa müddətdə tamaşaçılar tərəfindən sevilən film indi də böyük maraqla izlənilir. İtaliyanın paytaxtı Romada yerləşən xəstəxanaların birində rusiyalı mühacir dünyasını dəyişir. Ölməzdən az öncə həmin rusiyalı Olqa adlı nəvəsinə deyir ki, Leninqrad (indiki Sankt-Peterburq) şəhərində bir şir onun sərvətini qoruyur. 9 milyard italyan lirəsi dəyərində olan xəzinənin varlığından Olqa ilə yanaşı, həkimlər Antonio və Cüzeppe, həmçinin kapitan Andrey Vasilyev, eləcə də Rozario Aqro xəbər tutur. Bundan sonra da həmin şəxslər Rusiyaya səfərə yollanırlar. Hər biri 9 milyardlıq xəzinəni tapmaq, birdən-birə varlanmaq arzusuyla yola çıxır. Amma başlarına Rusiyada o qədər məzəli hadisə gəlir ki, pul bir tərəfə, bəzən canlarının hayında qalırlar. Əminəm ki, aranızda “İtalyanların Rusiyada inanılmaz macəraları” adlı filmi sevə-sevə izləyənlərin sayı çoxdu. Bu filmi indiyə qədər izləməməyənlər mütləq ilk fürsətdəcə baxsın. Söz verirəm ki, peşman olmayacaqsız.
Bizi isə tezliklə bu filmin real həyatda təsdiqi, amma bir qədər fərqli formada gözləyir. İtalyanlar yenə də səfərə hazırlaşırlar. Bu dəfə də Romadan xeyli uzağa. Amma indiki halda xəzinə onları Sankt-Peterburqda yox, Bakıda gözləyir. Həmin xəzinəni qoruyan isə şir deyil, AFFA-dakı qərar sahibləridi. Onların “saqqızını oğurlayıb”, sərvət yiyəsi olmaq lazımdı. Tapşırıq o qədər də çətin deyil. Çünki AFFA-nın başbilənlərinin ağlını başından çıxarmaq əcnəbilər üçün elə də zəhmət tələb etmir. Bu bəylər əcnəbiləri görən kimi özləri hayıl-mayıl olur, əldən-ayaqdan gedirlər. Bütün xəzinələrin açarını çox həvəslə əldən verirlər, qapıları da özləri taybatay açırlar. Rusiyadakı xəzinənin qiyməti italyan lirəsiylə hesablanırdı. Bakılılar isə İtaliyadan gələn qonaqlara avro ilə sərvət verəcəklər. Özü də 1 milyon avroya yaxın. Həmin sərvətə yiyələnmək üçün Bakıda polislə qaçdı-tutdu oynamaq, şirdən gizlənmək tələb olunmur. Bu gözəl ölkədə ilyarım vaxt keçirmək, sadəlövh azərbaycanlılara futbolun inkişafı haqda maraqlı nağıllar danışmaq kifayət edəcək.
Bakıya sərvət qazanmağa gələnlər həkimlər yox, futbol məşqçiləridi. Onlar da elə tibb işçiləri kimi Azərbaycan futbolunun dərdlərinə əlac etməli, onun yaralarını sarmalı, xəstəlikdən sağatmalıdı. Amma özləri də yaxşı başa düşürlər ki, bu uzaq şərq ölkəsinin futbolunun problemləri, dərdləri xeyli ciddidi. İtalyanlardan əvvəl almaniyalı Berti Foqts bir dəstə köməkçisiylə birlikdə bu işlə məşğul olub. Foqst gedəndən sonra meydan xorvatlara verilib. Əvvəlcə Robert Prosineçki, daha sonra da Nikola Yurçeviç xilaskar libasında sinəsini irəli verib. Di gəl ki, Azərbaycan futbolunun dərdlərinə əlac etmək, onu xəstəlikdən qurtarmaq almanlara, xorvatlara nəsib olmayıb. Sıra gəlib italyanlara çatıb. 65 yaşın içində olan Canni De Byazi nə Foqtsdan zəif mütəxəssisdi, nə də Prosineçkiylə Yurçeviçdən. Onlar yeyib-içib, kef-damaq içində yaşayıb, Bakıda zənginə çevriliblərsə, De Byazi bunu niyə bacarmasın?!
Çoxbilmiş italyan qollarını çırmalayıb, Bakıya gəlməyə hazırlaşır. O da tək gəlməyəcək. Özüylə həmvətənlərini gətirəcək. Belə gözəl fürsəti çoxdan gözləyirdi. Mən bilmirəm, italyanlarda da bizdəki kimi “gec olar, amma güc olar” məzmunlu atalar sözü var, ya yoxdu. Amma De Byazinin başına “şahlıq quşunun qonması” eynilə bu məsəldəki kimi oldu. De Byazi də azərbaycanlı azarkeşlərin könlünə yol tapmaq üçün onların dilini sözün həqiqi mənasında öyrənməyə çalışır. Bu da indiyə qədər gördüyümüz əcnəbi çalışdırıcıların əl atmadığı üsuldu. De Byazi gəlir, özüylə də 4 həmyerlisini gətirir. Beş italyan birlikdə əl-ələ verəcəklər. Onun köməkçiləri Benni Karbone və Klaudio Beluççi olacaq. Oyunların təhlili üzrə mütəxəssis Federiko Turritsiani ilə yanaşı, fiziki hazırlıq üzrə məşqçi Alessandro Skayya da Azərbaycana gəlir.
Lap xoş gəlib, səfa gətirirlər. Biz onları layiqincə qarşılamağa hazırıq. Təkzib olunmayan açıqlamalara görə, Canni De Byazi AFFA-dan 1,5 il üçün 900 min avro maaş alacaq. Bura bonuslar da əlavə ediləcək. Belədə italyanın aylıq məvacibi 50 min avro edir, yəni 96 min manat. Koronavirus pandemiyası dövründə işini itirən, maddi sıxıntılar içində çabalayan, dövlətdən 190 manat yardım almaq ümidiylə yaşayan sıravi azərbaycanlını belə çətin günlərdə başqa cür necə sevindirmək olardı ki?! Mən buna görə AFFA-nın başbilənlərinə xalqımız adından minnətdarlıq edirəm. İtalyanların Bakıda yaşayacağı qeyri-adi macəralara şahid olacağımız günləri isə səbrsizliklə gözləyirik.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR