Sizin reklam burada

“Qəbələ” satdıqlarını icarəyə götürdü

Baxış Sayı:841


Zaur Əzizov: “Büdcəmiz əvəzedicilərin divizionda mübarizə aparmasına imkan vermir”
Yeni mövsümə doğma rayonda hazırlaşan “Qəbələ” ötən ayın son günü “Səbail”lə yoxlama görüşü keçirib. Əliyar Ağayevin idarə etdiyi matç Bakı təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. “Dənizçilər”in heyətində Rauf Əliyevlə Hendrik Ekşteyn fərqlənib. “Qırmızı-qaralar”ın yeganə qolunun müəllifi isə Merab Qiqauri olub.
Bu arada bölgə təmsilçilsi daha çox “Keşlə”dəki çıxışı ilə tanınan Fuad Bayramovu baxışa dəvət edib. Onu da qeyd edək ki, 26 yaşlı futbolçunun sonuncu klubu Gürcüstan çempionatında çıxış edən “Rustavi” olub. Fuad ötən qış fasiləsində Qazaxıstana yollansa da, “Aktobe”yə keçidi baş tutmamışdı. Mövsümün sonunda "Qəbələ" ilə müqaviləsinin müddəti bitən Fernan Lopes isə düşərgəyə qayıtmaq niyyətində deyil. 2019-un yayında bölgə təmsilçisi ilə “1+1 il” şərti ilə müqavilə bağlayan ispan yarımmüdafiəçi mətbuata açıqlamasında klub rəhbərliyinin təklif etdiyi yeni müqavilə şərtlərinin onu qane etmədiyini bildirib. Halbuki ötən saylarımızın birinə açıqlama verən klubun baş meneceri Zaur Əzizov ispan legionerlə razılıq əldə olunduğunu, yeni mövsümdə də onun “Qəbələ”də olacağını bildirmişdi.
Bu və bizi maraqlandıran başqa suallara ayadınlıq gətirmək üçün yenidən Zaur bəylə əlaqə saxladıq. Əzizov Lopesin söylədiklərini təsdiqlədi, ancaq onu da əlavə etdi ki, onunla danışıqlarda nöqtə qoyulmayıb: “Fernanla danışıqlarımız davam edir. Düzdü, bu gün üçün təklif etdiyimiz müqavilə şərtləri onu qane etmir. Ancaq biz də büdcəmizə uyğun addım atırıq. Qarşıdakı günlərdə yenidən ispan yarımmüdafiəçi ilə əlaqə saxlayacağıq. Fuad Bayramovun məsələsinə gəlincə, açığı, indiki vəziyyətdə hələ heç nə məlum deyil. Söhbət tək Fuaddan getmir. Baxışa gələn başqa futbolçuların da taleyinə toplanışın ilk mərhələsi başa çatandan sonra aydınlıq gələcək”.
Müqavilə ilə “Qəbələ”yə məxsus olub, ötən mövsümü İsrail "Hapoel İroni"sində keçirən Ceyms Adeniyinin də qarşıdakı mövsümü harda keçirəcəyi dəqiqləşməyib. Nigeriyalı forvard mediaya açıqlamasında yaxın vaxtlarda Azərbaycana gələcəyini və “Qəbələ” rəhbərliyi ilə görüşüb gələcək taleyinə aydınlıq gətirmək niyyətində olduğunu bildirib: “Pandemiyadan əvvəl "Hapoel" "Qəbələ"yə müraciət edib transfer məbləğini müzakirə etmək istəyirdi. Təəssüf ki, koronavirus hər şeyi məhv etdi və klubun transfer üçün bu qədər pulu olmadı. Mən indi Nigeriyadayam. "Qəbələ" ilə hələ birillik müqaviləm var. Nigeriyadakı hava limanı fəaliyyətə başlayanda komandama qoşulmaq üçün Azərbaycana gələcəm”.
Nigeriyalı hücumçunun “Qəbələ”də qalıb-qalmayacağını da Əzizovdan öyrəndik. Baş menecer bunun qeyri-mümkün olduğunu bildirdi: “Adeniyi yüksək ödənişli forvarddı. Maddi vəziyyətimiz onu “Qəbələ”də saxlamağa imkan vermir. Ceymslə hələ birillik anlaşmamız olduğundan hücumçunu başqa kluba icarəyə verməyi düşünürük. Bildiyim qədər bir-iki İsrail klubu onu heyətinə qatmaq istəyir. Forvard klub seçimində sərbəstdi. Onu qane edən təklif olsa, yenidən icarəyə verməyə hazırıq. Hələ ki nigeriyalı ilə bağlı bizə rəsmi müraciət edən olmayıb”.
Ötən mövsüm başa çatar-çatmaz “Qəbələ” iki istedadlı yetirməsini – İdris İnqilablı ilə Samir Məhərrəmlini “Sabah”a satmışdı. Ancaq hər iki gənc hazırda “qırmızı-qaralar”ın düşərgəsindədi və kollektivlə birgə hazırlıqda iştirak edirlər. Olmaya “Sabah” transferdən vaz keçib? Və buna görə də adını çəkdiyimiz futbolçular sabiq klublarına dönüblər? Ancaq Zaur bəylə söhbətdə məlum oldu ki, səbəb başqa imiş: “Adını çəkdiyiniz hər iki futbolçunu “Sabah”a satmışıq. Lakin iki klub arasında əldə olunan razılığa əsasən həm İdris, həm də Samir qarşıdakı mövsüm icarə əsasında bizim komandanın uğurları üçün çalışacaqlar”.
Son günlər gəzən söz-söhbətə inansaq, “Qəbələ”nin əvəzedici heyəti birillik fasilədən sonra yenidən birinci divizionda çıxış edəcək. Kluba 1,5 milyon manat yardım edən AFFA “qırmızı-qaralar”ın qarşısına bununla bağlı şərt qoyub. Ancaq Zaur bəy bunu təkzib etdi: “Əvəzedici komandamızın birinci divizionda çıxış edəcəyi yalan söhbətdi. Kim deyir ki, AFFA bizim qarşımıza bununla bağlı şərt qoyub? Belə bir şey yoxdu. Əsas komandanı çətinliklə ayaqüstə saxlayırıq. Büdcəmiz əvəzedicilərin divizionda mübarizə aparmasına imkan vermir”.
Əzizov sonda komandanın gələcək planlarına da aydınlıq gətirdi: “Avqustun 5-də “Sumqayıt”la yoxlama görüşündən sonra toplanışın ilk mərhələsi başa çatacaq. Gələcək planımız Operativ Qərargahın qərarından asılı olacaq. Yumşalma olacağı, daha dəqiq desəm, açıq havada idman oyunlarının keçirilməsinə icazə veriləcəyi halda Bakıya dönüb hazırlığı paytaxtda davam etdirəcəyik. Toplanış Bakıda olacağı təqdirdə avqustun 9-da “Sabah”, 14-də isə “Neftçi” ilə yoxlama görüşü keçirməyi planlaşdırmışıq. Ancaq yenə deyirəm, bu hələ dəqiqləşməyib”.
RƏŞAD

Oxşar xəbərlər
SON XƏBƏRLƏR