Sizin reklam burada

“Qarabağ”a yeni legionerlər qoşulacaq

Baxış Sayı:926


Qurban Qurbanov: “Son vaxtlar bu haqda çox düşünmüşəm”
Rəşad Sadıqov, Miçel, Aylton, Vaqner kimi aparıcı futbolçuların “Qarabağ”ı tərk etməsinə baxmayaraq, növbəti avrokubok mövsümündə ağdamlılara hədsiz ümid bəslənilir. Heyətin gücləndirilməsi və ən əsası, “köhlən atlar”ın hazırlıq dönəmində xoş təsir bağışlaması futbolsevərləri ümidləndirir.
“Neftçi” üzərindəki qələbədən sonra “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanovun üzü gülürdü. Azyaşlıların şəkil çəkdirmək xahişinə etiraz etməyən təcrübəli mütəxəssis müsahibəyə də “yox” demədi. Kənara çəkilib, son günlər ortaya çıxan bir çox suallara cavab tapdıq.
- Gərgin keçən 90 dəqiqə ilə bağlı fikirlərinizi eşitmək maraqlıdı. Nəticəni kənara qoyaq, oyun ürəyinizcə oldu?
- Düzünü desəm, bəli. Həqiqətən də yaxşı komandaya qarşı oynadıq. İntizamlı oyun gördük. Futbolçular da bugünkü oyundan çox fayda əldə etdilər. Həm mübarizə, həm topsuz, həm də toplu oynamaq çox vacib idi. Xüsusən də oyunçuların tam hazır olmadıqları vaxtda bu bizə lazım idi. Bununla belə, bəzi epizodlarda çətinlik var idi. Bunu da yorğunluqla əlaqələndirərdim. İki həftədi çox ağır məşqlər keçirik. Komandaya çox nadir hallarda istirahət vermişik. Bu gündən sonra məşqləri bir az yüngülləşdirəcəyik. Komanda uzağı 10 günə daha yaxşı formada olacaq.
- "Neftçi" sizi təəccübləndirə bildi?
- Bizim üçün onlara qarşı oynamaq heç vaxt asan olmayıb. Bu gün yenə daha istəkli, daha mübariz idilər. Bu dəfə də bizim üçün asan olmadı.
- Oyun ərzində Mahir Əmrəli ilə Ovusu Kvabena yerdəyişmə etdilər. Səbəb hücumçu çatışmazlığıdı, yoxsa taktiki gedişdi?
- Çatışmazlıq deməzdim. Kvabena hücum planının hər nöqtəsində oynaya biləcək nadir oyunçulardandı. Bu oyunlar onları yoxlamaq üçün bir şansdı. Sadəcə, Ovusu bizə gec qoşulmuşdu. Tam hazırlıqlı deyil. Buna görə də durumu nəzərə alıb, onu əvəzlədim. Hücum xəttində oynamaq üçün fərqli xüsusiyyətləri var. Biz də bundan istifadə etməliyik.
- Uroş Matiç "Kopenhagen"də mərkəz yarımmüdafiəçisi mövqeyində oynasa da, APOEL-də cinah yarımmüdafiəçisi kimi çıxış edirdi. Siz ondan necə yararlanmağı düşünürsüz?
- Matiç həmişə yarımmüdafiənin mərkəzində çıxış edib. APOEL-də bəzi matçlarda hücumameyilli oynayırdı. Biz onu orta xətt üçün, iki dayaq yarımmüdafiəçisindən biri kimi nəzərdə tutmuşuq. Buna baxmayaraq, taktikamıza əsasən bəzi oyunlarda hücumçunun arxasında da çıxış edə bilər.
- Matiç bu gün "ağır" görünürdü. Rəsmi oyunlara qədər hazır olacaq?
- "Yox" desəm, düzgün olmaz. Nə qədər hazır olsa da, koronavirus pandemiyası üzündən 5-6 ay oyun təcrübəsinin olmaması futbolçu üçün asan deyil. Buna baxmayaraq, tam hazırlıqsız da gəlməyib. Bura gələnə qədər özü tək məşq edirdi. Qarşıda iki yoxlama oyunumuz da var. Düşünürəm ki, avqustun 18-19-na qədər daha yaxşı formada olacaq.
- Rəqiblər bilinir?
- Bəli. Avqustun 5-də "Keşlə", 11-də isə "Sabah" ilə qarşılaşacağıq.
- 10 ildi ki, "Qarabağ"ın qapıçıları legionerlər idi. Hazırda isə komandada iki yerli qapıçı var. Onlar kifayət edəcək, yoxsa üçüncü qapıçı kimi legioner qapıçı da transfer edəcəksiz?
- Düzü, yenə qapıçı axtarışındayıq. Amma bilmirəm ki, o, əsas qapıçı olacaq, yoxsa ikinci və ya üçüncü (gülür).
- Bu gün “Qarabağ”da Qurban Qurbanovu narahat edən nədi?
- Deyərdim ki, heç nə. Sadəcə, 4 ay məşqsiz qalmaq heç də asan deyildi. Normal məşqlərə son 2 həftədə start vermişik. Oyunlara isə indi başlamışıq. Uzun müddət 90 dəqiqə futbol oynamamaq futbolçular üçün böyük itkidi. İstənilən halda belə durumlarda hazır və daha peşəkar olmalıyıq. Meydanda çox düşünməyi bacarmalıyıq. Bu yöndə işimizi daha da yaxşılaşdıracağıq. Futbolçular da qarşıdakı oyunlarda əvvəlkitək yaxşı formada olduqları matçları düşünüb, daha tez bərpa olunmalıdılar.
- Çempionlar Liqasının oyunları pley-off mərhələsinə qədər bir görüşdən ibarət olacaq. Bu həm siz, həm də rəqiblər üçün bir ilkdi. Boş tribunalar önündə oynamaq ev-səfər prinsipi baxımından fərq edəcək?
- Biz pley-off qarşılaşmalarına qədər azarkeş baxımından hər zaman rəqibləri üstələmişik. Təsnifat mərhələsində azarkeşlərimiz daim yanımızda olublar, bizə əlavə güc veriblər. Gizlətmirəm, avrokubok oyunlarında azarkeşsiz oynamaq bizim üçün böyük zərbədi. Buna görə də rəqibə nisbətən bizim üçün daha çətin olacaq.
- Bəs səfər oyununda necə? Rəqib də azarkeşsiz olacaq...
- Təbii ki, bu, bizim üçün üstünlük sayılacaq. Bakıda oynamalı olsaq, bu amil rəqib üçün üstünlük olacaq. Mən son vaxtlar bu haqda çox düşünmüşəm. Bu, penalti seriyasına bənzəyir. İlk dəfə belə halla rastlaşırıq. Açığı, səfərə çıxanda da böyük azarkeş kütləsi önündə çıxış etməyi arzulayırıq. Futbolu azarkeşsiz oynamaq olmur.
- Müsahibənin bu yerində “Hatayspor” mövzusuna toxunmamaq ədalətsizlik olar. İndiyə qədər bu barədə hamı danışsa da, sizin şərhinizə rast gəlməmişik.
- Bu söhbət artıq qapanıb. Belə deyim, danışıqları dayandırdıq. Ölkədəki vəziyyət, cəbhə bölgəsindəki gərginlik, şəhidlər verməyimiz – belə məqamda getməyim doğru olmazdı. “Qarabağ”da yox, başqa komandada olsaydım, bəlkə də fərqli qərar verərdim. Amma sırf “Qarabağ”da olduğuma görə məhz bu cür qərar verməliydim. Sağ olsunlar, “Hatayspor” rəhbərliyi də məni düzgün başa düşdülər, uğurlar arzuladılar.
- Belə başa düşdüm ki, “Hatayspor”un yerində “Qalatasaray” da olsaydı, getməyəcəkdiz.
- Birmənalı. Kim olur-olsun, mümkün deyildi.
- Klub prezidenti mətbuata açıqlamasında mövzunun birdəfəlik qapanmadığını demişdi. Bu isə o deməkdi ki, nə vaxtsa yenidən aktuallaşa bilər.
- Güvəndiklərinə görə sağ olsunlar. Bu günə qərarım belə idi və bunu onlara bildirdim.
- Yeni transferlər gözlənilir?
- Bəli.
- Yaxın günlərdə?
- Təbii ki, alınsa tez, amma bəzi oyunçularda problemlər olur. Eləsi var ki, dərhal gəlir, eləsi var hələ də müqavilə müddəti bitməyib və ya hazırda çıxış etdiyi çempionat davam edir. Bəzi oyunçuların klubları ilə danışıqlar gedir. Buna görə nəsə demək olmur, amma danışıqlar gedir.
- Qapıçını bildik, hücumçu necə?
- Hücumçu da istəyirik, orta sahə oyunçusu da. Axtarışdayıq. İstəyirik ki, komandada azı 18-20 eyni səviyyəli oyunçu olsun.
- Danışıq apardığınız oyunçular hamısı hansısa kluba bağlıdı. Azad agent istəmirsiz?
- Niyə istəmirik ki?
- Xayme Romeronun nəsə problem var?
- Xaymenin mikrozədəsi var, 3 gündü tək məşq edirdi. Ona görə bu gün risk etmədik.
- Xaymenin qardaşı Daniel əvəzedici komandanızda çıxış edirdi. Onun qayıtması nəzərdə tutulub?
- O, əsas komandada, sadəcə, məşq edirdi. Hələlik İspaniyada problemi var. Gəlsə belə, əvəzedicilərdə məşq edəcək. İstənilən halda, yaxşı olsa, bizə qoşulacaq.
- "Qarabağ" təcrübəsində gedən futbolçuları qaytarmaq adəti var. Bəs indi belə hal gözlənilir? Pedro Enrike, Riçard Almeyda, İbrahim Şehiç…
- Hələ ki belə niyyətimiz yoxdu. Heç bir danışığımız olmayıb.
HƏBİB

Oxşar xəbərlər
SON XƏBƏRLƏR