Sizin reklam burada

Beqoviç Matiçə “Qarabağ”a keçməyi məsləhət görüb

Baxış Sayı:722


“Qardaşım plakatdakı sözləri, yəni orda nə yazıldığını oxumamışdı”
“Qarabağ”ın səs-küylü transferlərindən olan Uroş Matiçin yeni komandasındakı çıxışı səbirsizliklə gözlənilir. Buna qədər rəqib qismində üç dəfə Bakıya gələn və bütün hallarda xoş təsir bağışlayan təcrübəli yarımmüdafiəçi “Neftçi”ylə iyulun 31-də keçirilən yoldaşlıq görüşündə meydana çıxmaq şansı qazandı. Təxminən yarımsaat oynayan Matiç ötürmələri ilə diqqəti çəksə də, tam hazır olmadığı göz qabağındaydı.
Elə ona görə də hakimin final fitindən sonra hamı oteli yolunu tutanda, Uroş meydanda qalıb fiziki hazırlıq üzrə məşqçi Çudomir Çakarovla əlavə məşq edirdi. Elə həmin məşqdən sonra “Qarabağ”ın yeni “8 nömrə”sinə yaxınlaşıb, suallara cavab tapmağa çalışdıq.
- Yeni komanda, yeni mühit. Özünü necə hiss edirsən?
- “Qarabağ”ı çoxdan tanıyıram, dəfələrlə rəqib olmuşuq. Bilirdim ki, böyük klubdu. “Kopenhagen”lə APOEL-in heyətində Bakıda bu komandaya qarşı 3 dəfə rəqib qismində oynamışam. Yəni “Qarabağ” haqda çox şey bilirdim. Bura gəlməmiş bir çox insanla danışmışdım, məsləhət almışdım. Cəmi 5 gün bəs etdi ki, “Qarabağ”ın böyük ailə olduğunu görüm.
- Maraqlıdı, “Qarabağ”dan təklif alanda kimlərlə məsləhətləşmişdin?
- Komandanın sabiq qapıçısı Asmir Beqoviçlə danışmışdım. Çünki o yaxın dostumdu, qardaşım Nemanya Matiçlə birlikdə “Çelsi”də çıxış edib. Beqoviç “Qarabağ” haqda xeyli müsbət fikir səsləndirdi. Bu amil də qərar verməyimdə vacib rol oynadı.
- Bəs təklif nə vaxt gəldi?
- Bir neçə gün danışıqlar oldu. Gördüm ki, “Qarabağ” ciddi klubdu, hədəfləri, iddiası var, avrokuboklarda uğur qazanmaq istəyir. Klubla hədəflərimiz üst-üstə düşdüyündən, təklifi qəbul etdim. Mən də uğur qazanmaq istəyirəm.
- Uyğunlaşma prosesi necə keçir?
- Cəmi 4 gündü komanda ilə birlikdəyəm. Uyğunlaşmaq üçün elə də çox vaxt lazım deyil. Çünki artıq çəkim yoxdu, bura, demək olar, hazır formada gəlmişəm. Əlbəttə, yeni komandadı, yeni baş məşqçi ilə çalışıram. Buna baxmayaraq, ən qısa zamanda uyğunlaşacağımı düşünürəm. Çünki biz peşəkar futbolçularıq. Bir neçə gündən sonra bir-birimizi daha yaxşı başa düşəcəyik.
- Qardaşın Nemanya Matiçin erməni bayrağı ilə çəkilmiş şəkli paylaşması Azərbaycanda xeyli müzakirə və tənqid olundu. Yəqin Azərbaycan ilə Ermənistan arasındakı münaqişədən xəbərdarsan...
- Nəyi nəzərdə tutduğunuzu bilirəm. Bu, siyasi gediş idi. Nemanya həmin fotoya baxmamışdı. Plakatdakı sözləri, yəni orda nə yazıldığını oxumamışdı. Sonradan insanlar ona bunun nə demək olduğunu izah ediblər. Biz sülhün tərəfdarıyıq, münaqişə istəmirik. Çünki bu, futbola aid məsələ deyil.
- Deyək ki, Nemanya həmin vaxt əsl həqiqəti bilmirdi. İndi üzərində “Qarabağ - Azərbaycanındı!” sözləri yazılmış Azərbaycan bayrağı ilə şəkil çəkdirsin, biz də bunu paylaşaq. Olar?
- Dediyim kimi, bu, siyasi məsələdi. Nemanya başqa komandada çıxış edir. Əlbəttə, nə vaxtsa qarşısında Azərbaycan bayrağı görsə, onunla şəkil çəkdirər. Mən siyasətə qarışmaq istəmirəm.
- Nemanya “Qarabağ” haqda nəsə bilir?
- Bəli, o da Asmirdən məlumat alıb. Böyük komandaya keçdiyimi bilir. Üstəlik, mənim “Qarabağ”a keçidimdən məmnundu.
- Ötən mövsüm Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin Bakıdakı cavab görüşündə APOEL-in heyətində sən olmasaydın, “Qarabağ” qalib gələrdi, yoxsa Cənubi Kipr klubu?
- (gülür) “Qarabağ” Bakıda APOEL-dən yaxşı oynasa da, biz qollar vurub qalib gəldik. Həmin vaxt şanslar 50-nin 50-yə idi. Sonda APOEL 2:0 hesablı qələbə qazandı və ikinci qolu mən vurdum. Bu futboldu, hər şey mümkündü. “Qarabağ”la yenidən avrokuboklarda oynayacağım üçün sevinirəm. Məncə, önəmli olan da budu.
HƏBİB

Oxşar xəbərlər
SON XƏBƏRLƏR