Sizin reklam burada

“Təəssüf ki, başda Blatter olmaqla FİFA sizin Bakıya başıuca dönməyinizi istəmədi”

Baxış Sayı:626

“Təəssüf ki, başda Blatter olmaqla FİFA sizin Bakıya başıuca dönməyinizi istəmədi”
Elşad Nəsirov Finlandiya ilə oyundan sonra yığma üzvlərinə belə ürək-dirək verib
“Bakı”nın sabiq mətbuat katibi, Qyoko Hacievski yığmanı çalışdırdığı dönəmdə həm də ona tərcüməçilik edən İbrahim Cəfərov qəzetimizin ötən sayında “Yada düşər xatirələr” rubrikasının qonağı olmuşdu. Onun xatirələrində yer alan bir məqam “feysbuk”da müzakirələrə yol açıb. Söhbət bu məqamdan gedir: “Finlandiya ilə oyundan əvvəl (AÇ-2008-in seçmə mərhələsi çərçivəsində 2007-ci il noyabrın 17-də Helsinkidə keçirilən oyun nəzərdə tutulur. Həmin oyunun 63-cü dəqiqəsində Mahmud Qurbanov hesabı açsa da, meydan sahibləri Forssellin 79-cu və Kuqinin 86-cı dəqiqədə vurduğu qollarla qələbə qazanmışdı – red.) milli komanda Bakıda ikihəftəlik təlim-məşq toplanışında oldu, daha sonra Helsinkiyə yollandıq. Məşqlərdə artıq Hacievski özlüyündə start heyətini böyük ölçüdə müəyyənləşdirmişdi. Hazırda “Qəbələ”nin baş məşqçisi olan Elmar Baxşıyevə də start heyətində şans verməyi düşünürdü. Helsinkidə oyunqabağı məşqdən sonra otelə qayıtdıq və məlum oldu ki, Baxşıyev sabah meydana çıxa bilməz. Sən demə, Elmar sarı vərəqə cəzalısıdı və Finlandiyaya qarşı oynaması qeyri-mümkündü. Hacievski bu xəbəri eşidəndə az qaldı havalana. Deyirdi ki, necə ola bilər, ikihəftəlik Bakıdakı toplanış zamanı yox, məhz indi bunu mənə deyirsiz? Adam bilmirdi ki, Elmar Baxşıyevi meydana buraxıb texniki məğlubiyyət almaması üçün sevinsin, yoxsa iki həftə əvvəl deyilməli olan sözün oyuna bir neçə saat qalmış deyilməsinə ağlasın”.
Bu məsələ ətrafında əvvəlcə iki həmkarımız – Anar Xanlarov ilə Asif Bağırov arasında diskussiya gedib.
Anar Xanlarov: o da Nail Əliyevin sayəsində üzə çıxmışdı. Bu barədə məsələni detallı şəkildə mənə danışmışdı. Əslində o vaxt AFFA-da bu işə məsul şəxslər sarı vərəqədən xəbərdar idi. Sadəcə, bilərəkdən bu faktı gizlətmişdilər.
Asif Bağırov: necə olmuşdu?
Anar Xanlarov: Nail müəllimin dediklərini deyirəm. Deyir getmişik Finlandiyaya, oyuna bir gün qalıb heyət qururuq Elmar da əsas heyətdədi. Birdən oteldə yaxınlaşdı mənə ki, Nail müəllim, deyəsən, mənim “sarı”m var, bu oyunu buraxmalıyam. Mən də dəli oldum ki, nə danışırsan, sabah oyundu, bunu indi deyərlər, qayıtdı ki, mən elə bildim sizə deyiblər. Ondan sonra zəng elədim Bakıya, aləmi qatdım bir-birinə. Ondan sonra heyətdə dəyişiklik edilmişdi. O vaxt AFFA-da “Bakı”nı istəməyən qüvvələr var idi, ona görə Nail müəllim bunun bilərəkdən edildiyini düşünürdü.
Asif Bağırov: təəccüblüdü ki, Elmar bunu niyə baş məşqçiyə yox, Nail müəllimə demişdi?
Anar Xanlarov: Nail müəllim həmin səfərə millinin rəhbəri kimi getmişdi. Yetərincə nüfuzlu insan idi, bunu məndən yaxşı bilirsən sən.
Asif Bağırov: Nail müəllimin nüfuzuna söz ola bilməz. Bununla razıyam. Amma həmin oyun olub 2007-ci ildə. Və həmin oyuna yollananlar arasında Elşad Nəsirov da var idi. Elşad müəllim həmin vaxt AFFA prezidentinin səlahiyyətlərini icra edirdi. Necə fikirləşirsən, AFFA prezidenti olan yerdə nümayəndə heyətinin rəhbəri kimi Nail müəllimin sayılması nə qədər realdı? Yeri gəlmişkən, həmin səfərə mən də getmişdim.
Anar Xanlarov: getmisənsə, aç hər şeyi necə olub özün danış da, məni niyə sorğuya çəkirsən? Mən Nail müəllimin danışdıqlarını yazdım. O vaxt Hacievski “Bakı”nın baş məşqçisi idi. Nail müəllim də Hacievskiyə görə gedib yəqin. Rəsmi olaraq Elşad Nəsirov rəhbər ola bilər, amma nüfuz baxımından yəqin Nail müəllimin sözü daha çox keçib.
Asif Bağırov: o məsələni inan ki indi eşidirəm. Heç vaxt məlumatım olmayıb. İbrahim danışıbsa, deməli, onun məlumatı çox olar. Çünki o vaxt İbrahim klubda çalışırdı, mənsə ANS TV-də. Yəni onun məlumatlı olması daha inandırıcıdı. Digər tərəfdən özün də yazırsan ki AFFA-da “Bakı”nı istəməyən qüvvələr var idi. Elə olan halda “Bakı”nın nümayəndəsi Nail müəllimin sözü keçərli olardı?
Anar Xanlarov: ola bilər ki, üzdə söz keçirə bilməyib, arxada iş görüblər. Elşad Nəsirovun indiki klub rəhbərlərinə sözü keçər. O vaxt klub rəhbərləri çox nüfuzlu adamlar idi. Ola bilsin, bu səbəbdən Nail müəllimin Finlandiyaya gedişinə mane ola bilməyib. Yenə deyirəm, detallı bilgim yoxdu, mən də sənin kimi. Yazdıqlarım da Nail müəllimin dedikləri idi.
Bu yerdə söhbətə İbrahim Cəfərov da qoşulur:
- Sözün açıgı, həmin vaxt Elmarın cəzalı olmasının kim tərəfindən deyilməsi yadımda deyil. Elşad müəllim də, Nail müəllim də Helsinkiyə yollanmışdı. Amma Asif haqlıdı, Elşad müəllimin rəhbər kimi getməsi daha inandırıcıdı. Hətta yadımdadı oyundan sonra avtobusa da daxil olub, gözəl oyuna gərə komandaya təşəkkürünü də bildirmişdi. İnşallah, bu yaxınlarda Nail müəllimi görən kimi detalları dəqiqləşdirəcəm.
Asif Bağırov: İbrahim, yadına gəlirsə, "tini düz" idi. İndiyə kimi sözləri yadımdadı: “Siz bu gün əla oyun nümayiş etdirdiz. Amma təəssüf ki, başda Blatter olmaqla FİFA sizin Bakıya başıuca dönməyinizi istəmədi”. Deyəsən, elə ordaca məlumat verdi ki, məğlub olmağınıza baxmayaraq, sizə mükafat veriləcək.
İbrahim Cəfərov: Asif, hə, hətta dedi ki, ölkədə hamı bəyənib oyunu. Deyilənə görə, yuxarı səviyyədə oyundan razılıq ifadə olunmuşdu və mükafatı demişdi. Əslində o oyundan əvvəl, oyunda, oyundan sonra Bakıda o qədər maraqlı şeylər yaşanıb ki, sadəcə, hamısını danışmaq olmur.
Təbii ki, cəzalı birinin, yəni Elmar Baxşıyevin ikihəftəlik toplanışda əsas oyunçu kimi sınanması, Helsinkiyə aparılması və yalnız son anda heyətdən çıxarılması yalnız acı gülüş doğurur. Amma Azərbaycan futbolu ilə bağlı belə epizodların sayı hədsiz çox olduğundan, təəssüflənməyə dəyməz. Hələ yaxşı ki son anda xəbər tutublar. Yoxsa dünyada biabır olacaqdıq.
ORXAN hazırladı

Oxşar xəbərlər
SON XƏBƏRLƏR