Sizin reklam burada

“Federasiya pandemiya olmayanda heç bir iş görmürdü, o ki qalıb indi”

Baxış Sayı:1 293


Azər Mirzəyev yığmanın heyətinin azərbaycanlılardan formalaşmasına sevinir
Pandemiya üzündən əksər idman növlərində durğunluq yaşansa da, şahmat istisnadı. Artıq bir neçə aydı ki, şahmat təsərrüfatı “qaynar qazan”ı xatırladır. Təbii ki, söhbət internet üzərindən keçirilən onlayn turnirlərdən gedir. Bir neçə gün öncə isə FIDE-nin təşkilatçılığı ilə Ümumdüyna Şahmat Olimpiadası start götürüb. Bir sözlə, şahmat dünyasında müzakirəyə açıq yetərincə mövzu var. Yığmamızın sabiq üzvü, beynəlxalq qrossmeyster Azər Mirzəyevlə söhbətimiz də gündəm mövzuları ətrafında baş tutdu.
- Onlayn Şahmat Olimpiadası start götürüb. Bu yarışdan gözləntiləriniz nədi?
- Pandemiya dövründə FIDE internetdə yeni turnirlər kecirməyə başlayıb. Olimpiada da bu yarışlardan biridi. Təbii ki, onlayn Olimpiada klassik Olimpiadadan çox fərqlənir. Hazırkı format da başqadı: heyətdə gənclər və qadınlar da yer alıb. Həlledici mərhələ maraqlı olacaq. İzləməyi düşünürəm.
- Yığmamızın heyətini necə dəyərləndirirsiz? Kənarda qalan olmayıb ki?
- Fikrimcə, komandamız optimal heyətlə mübarizəyə başlayacaq. Sevindirici haldı ki, oyunçuların hamısı Azərbaycan şahmatının yetirmələrdi. Federasiyanın aylıq 8000 avro maaşa gətirdiyi “azərbaycanlı” (Arkadi Naydiçi nəzərdə tutur – K.H.) bu dəfə kənarda qalıb. Ola bilər, müqaviləsinin müddəti bitdiyinə görə belədi, ya da başqa səbəb var. İstənilən halda müsbət məqamdı.
- Komanda medallar uğrunda mübarizə apara bilərmi?
- Yığmanın medal qazanmaq üçün yaxşı şansı var. Bir məqamı da xatırlatmaq istərdim ki, bu Olimpiada sürətli şahmat üzrə keçirilir. Bu da komandanın şansını artırır. Və bütün böyük turnirlərdə olduğu kimi, püşkün də önəmi olacaq.
- Əsas rəqiblər qismində hansı komandaları görürsüz?
- Əsas favorit son çempion Çin yığmasıdı. Heyətdə qadınlar arasında iki dünya çempionu yer alıb. Bu da onlar üçün əlavə üstünlük deməkdi. Rusiya, Ukrayna, Hindistan, ABŞ, Polsa kimi komandaları da unutmayaq.
- Azərbaycan Şahmat Federasiyası da pandemiya dönəmində Gürcüstan və son olaraq Ukrayna yığmaları ilə görüşlər təşkil etdi. Bu haqda fikirləriniz necədi?
- Federasiya pandemiya olmayanda heç bir iş görmürdü, o ki qalıb indi. Əllərində bu cür gözəl bəhanə var. Karantin dövründə gənc şahmatçılar üçün məşğələlər, seminarlar, seanslar, turnirlər təşkil edə bilərdilər. Bunun üçün heç vəsait də tələb olunmurdu. Təkcə həvəs yetərli idi. Amma federasiya “ənənəsinə” sadiq qalaraq həmişə etdiyini etdi, yəni heç nə etmədi. Son üç ayda Ukrayna və Gürcüstanla dostluq turnirləri keçirilib. Federasiya həmişəki kimi 2-5-ci dərəcəli turnirlərə böyük vəsait ayırır, ancaq əsas yarışlar, ümumiyyətlə, keçirilmir. Hər iki turnir yenə də vitse-prezident Mahir Məmmədovun sponsorluğu ilə baş tutub. Gürcüstanla dostluq yarışının mükafat fondu 20 min avro olub. Martda keçirilən qadınların ölkə çempionatının mükafat fondu isə həmişəki kimi gülünc olub. Həmişə dediyim sözləri təkrarlayıram, hətta ən zəif şahmat ölkələrində belə liqa keçirilir. Bizdə isə uzun illərdi belə yarış yoxdu. Kosovo kimi ölkə də bu turniri təşkil edir. Ölkə çempionatı çox aşağı səviyyədə keçirilir. Sonuncu belə yarışın mükafat fondu 4000 manat idi ki, ordan da 10 faiz vergi tutulub. Bilmirəm niyə… İndi müqayisə edin, ölkə çempionatının mükafat fondu 4000 manat, onlayn dostluq görüşünə ayrılan məbləğ isə bundan 10 dəfə çox olub… Bu rəzalətdi. Ümumiyyətlə, ölkə şahmatının onlarla həllini gözləyən problemi ola-ola, Mahir Məmmədovun direktoru olduğu “SOCAR-Gürcüstan” uzun illər bu ölkənin Şahmat Federasiyasının sponsoru olub. Ukrayna ilə dostluq turniri də eyni silsilədən idi. Bura da gənc və ümidverici şahmatçılar dəvət almayıblar.
- Bəzi şahmat ekspertlərinin fikrincə, onlayn şahmatda maxinasiyalar çox olur. Hətta buna görə yarışlardan kənarlaşdırılanlar da olub. Razısızmı bu fikirlə?
- Buna şahmatda “citerlik” deyilir. Müasir şahmatın böyük bəlasıdı. Yəqin ki, şahmatla maraqlananlar xatırlayar. Fransalı qrossmeyster 2010-cu ildə Rusiyada təşkil olunan Olimpiadada işarələrlə köməkdən istifadə edərək çox yüksək nəticə göstərmişdi. İndi təsəvvür edin, internet şahmatda heç kimin görmədiyi halda nə qədər belə hallar ola bilər. Pul mükafatları varsa, təbii ki, belə hallar lap çox olacaq. Bəzən turnirlərdən onlarla iştirakçı qovulur, istifadə etdiyi hesablar bağlanır. Onlar isə yeni hesab açıb qatılırlar. Mən buna qarşı effektli mübarizə üsulu görmürəm. Bu üzdən də fikrimcə, məhz belə səbəblərə görə onlayn turnirlər yaxın gələcəkdə adi yarışları əvəz edə bilməyəcək. Onlayn turnirlər platformasında zəif şahmatçıların kompüterin köməyinə əsaslandığını, yoxsa öz gedişlərinə üstünlük verdiyini dərhal müəyyənləşdirirlər. Bəs şahmatda müəyyən çəkisi olanlar oynayırsa? Bildiyiniz kimi, kompüter proqramları insandan güclüdü! Bunun qarşısı necə alınacaq?
- Ümumiyyətlə, onlayn şahmatın tədricən ənənəvi klassik şahmatı sıxışdıracağı haqda fikirlər çoxdu. Son olaraq Aleksey Şirov bu haqda danışıb. Onun fikrincə, gələcəkdə Avropa və dünya çempionatları da onlayn formatda keçirilə bilər. Səbəb isə əlavə maliyyə xərcindən azad olmaqdı.
- Bu pandemiya dövründə onlayn şahmat populyarlığını xeyli artırdı. Bu proses post-pandemiya dövründə də yəqin ki, davam edəcək. Əlbəttə, onlayn yarışlar təşkilatçıların xeyli vəsaitə qənaət etməsi deməkdi. Fikrimcə, yeni belə turnirlər yaranacaq. Olimpiada kimi. Ancaq inanmıram ki, internet şahmatı klassik şahmatı yaxın gələcəkdə sıxışdırsın. Cünki təşkilatçı üçün qənaət olsa da, bir çox başqa problemlər yarana bilər. Azarkeşlər bir çox turnirlərə istirahətə və başqa ölkələrdən olan tanışlarını görməyə gəlir. Elit şahmatçıların oyunlarını canlı izləmək istəyirlər. Avropada, Amerikada belə turnirlər çoxdu və bəzən 500-700 azarkeşin iştirakı ilə baş tutur. Məsələn, Avropada belə yarışları maliyyələşdirən şəhər rəhbərliyi və digər dövlət təşkilatlarıdı ki, onlar da turist axınında maraqlıdılar. Məsələn, İspaniyanın ən böyük turniri “Benaske”di. Eyniadlı kəndin 2000 əhalisi var. Turnir isə 1500 insanı cəlb edir. Çünki turizm bölgəsidi və əksər iştirakçılar ailəlikcə gəlir.
- Özünüz necə, pandemiya dönəmində hansısa yarışa qatıldızmı? Ümumiyyətlə, bu müddətdə şahmatla bağlı hansısa fəaliyyətiniz oldumu və gələcəkdə nəsə nəzərdə tutulubmu?
- Karantin dövründə bizim, Türkiyənin, İspaniyanın, Argentinanın, Qazaxıstanın bir neçə dostluq turnirinə qatıldım. Bunlardan ən yaddaqalanı isə Ankaradakı səfirliyimizin təşkil etdiyi, Türkiyədə yaşayan azərbaycanlılarla Azərbaycanda yaşayanlar arasında oyun oldu. Son 20 ildə ilk dəfə 5 aydı heç bir ciddi turnirə qatılmıram. Ümid edirəm, sentyabrdan qadağalar qalxacaq və hansısa yarışda oynamaq mümkün olacaq. Avropada artıq iyulun əvvəlindən klassik turnirlər başlayıb. Gürcüstanda hazırda qadınların ölkə çempionatı davam edir.
KƏNAN HƏSƏNOV

Oxşar xəbərlər
SON XƏBƏRLƏR