Sizin reklam burada

Dörd kluba ümumilikdə 2 milyon 500 min manat ayrıldı

Baxış Sayı:652


Vaqif Sadıqov: “AFFA əlindən gələni edir ki, ölkə futbolunda problem olmasın”
Dünən AFFA İcraiyyə Komitəsinin videokonfrans formatında fövqəladə iclası keçirilib. Müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:
1. “Qəbələ” və “Zirə”nin müraciətinə əsasən, premyer-liqanın 2020/21 mövsümündə iştirakla əlaqədar AFFA tərəfindən “Qəbələ”yə 1 milyon 500 min, “Zirə”yə isə 500 min manat maliyyə yardımı göstərilsin.
2. İclasın gedişində irəli sürülən təklif əsasında premyer- liqanın 2020/21 mövsümündə iştirakla əlaqədar “Sumqayıt”a 300 min, “Səbail”ə isə 200 min manat maliyyə yardımı göstərilsin.
3. Maliyyə yardımı ayrılan bütün klublar uşaq futbolu ilə bağlı layihələrini davam etdirməklə bağlı öhdəliyi qəbul etsin.
4. AFFA qeyd olunan klublara ayrılan maliyyə vəsaitinin audit yoxlamasının aparılması səlahiyyətini özündə saxlayır.
5. AFFA qeyd olunan klublara ayrılan maliyyə vəsaitinin sərf olunacağı prioritet istiqamətin uşaq və gənclər futbolu olmasını, həmçinin məvaciblərin süni şəkildə artırılmaması şərtilə əsas komandaların heyətində gənclərdən ibarət milli komandalara potensial namizədlərə yer verilməsini tövsiyə edir.
6. AFFA tərəfindən ötən mövsümlərdə birinci divizionda iştirakla bağlı maliyyə yardımı göstərilən klublara eyni qaydada növbəti mövsüm üçün də maliyyə yardımı təmin olunsun.
Qərardan göründüyü kimi, AFFA 4 kluba ümumilikdə 2 milyon 500 min manat maliyyə vəsaiti ayırıb. Bu qərarı dünyada cərəyan edən koronavirus pandemiyası ilə əlaqələndirib, maddi sıxıntıları olan klublara dəstək kimi qələmə vermək mümkündü. Bəs görəsən, bu, tendensiya halına çevrilmiyəcək ki? Klublar hər dəfə maliyyə sıxıntısı yaşayanda AFFA-ya müraciət etməyəcəklər? Ümumiyyətlə, futbol federasiyasının çempionatda iştirak edən müstəqil klublara maliyyə yardımı ayırması nə dərəcədə düzgündü?
Suallar çoxdu. Hamısına cavab almaq üçün AFFA İcraiyyə Komitəsinin üzvü, qurumun vitse-prezidenti Vaqif Sadıqova müraciət etdik: “Hər kəsə məlumdu ki, bütün dünya böyük bəla ilə üz-üzədi. Koronavirus pandemiyası hər sahəyə olduğu kimi, futbola da təsir göstərib. Bu səbəbdən də maliyyə problemləri ilə üzləşən klublara dəstək olmaq qərarına gəldik. Biz birlikdə güclüyük və bunu etməliydik. Federasiyanın əsas məqsədi budu ki, futboldakı problemləri həll etsin”.
AFFA-nın bu addımı dünyada bir ilk deyil. 3 il öncə Türkiyənin nəhəng klubları maliyyə böhranı ilə üzləşmişdilər. Ölkə rəhbərliyi klubların stadionların tikintisinə, təşkilatı işlərin həllinə görə yaranan borclarını onlara bağlışladı və maliyyə burulğanından çıxmaq üçün külli miqdarda pul ayırdı. TFF Türkiyə hökuməti hesabına komandaların problemlərini həll etdi. Amma burda bir məsələ var. Bu dəstəyin hər dəfə olmayacağı və birdəfəlik olduğu açıqlandı. Klubların maliyyə məsələləri ciddi nəzarətə götürüldü. İndi də AFFA ARDNŞ xətti, yəni dolayı yola dövlətin dəstəyi ilə köməyə ehtiyac duyan komandalarımıza dəstək oldu. Yuxarıdakı qərarlardan da görünür ki, Türkiyədəki kimi ayrılan vəsaitin audit yoxlamasını federasiya öz üzərinə götürüb.
Bəs AFFA-nın etdiyi yardım birdəfəlikdi, yoxsa davamlı olacaq? Vaqif Sadıqov bu sualı belə cavabladı: “Əlbəttə, bu, birdəfəlik yardımdı. Yenə xatırladım ki, pandemiyaya görə klublarda yaranan sıxıntıların aradan qaldırılması üçün atılmış addım idi. Və biz bunu mütləq şəkildə etməliydik. AFFA əlindən gələni edir ki, ölkə futbolunda problem olmasın. Biz əlimizdən gələn qədər klublara dəstək olduq. İndi onların rəhbərlikləri bu yardımdan səmərəli istifadə edərək, problemlərini həll etməlidirlər. Biz üzərimizə düşən işi yerinə yetirdik”.
AFFA İcraiyyə Komitəsinin milli komandanın baş məşqçisinin seçimi ilə bağlı iclasında üzvlər arasında fərqli düşünənlər olmuşdu. 8 nəfər Canni De Byazinin təyinatı üçün əl qaldırmışdısa, 5 nəfər Arif Əsədova səs vermişdi. Budəfəki iclasda yekdillik olubmu? Komitə üzvlərindən kimsə klubların yardıma ehtiyacının olmadığını düşünübmü? İcraiyyə Komitəsinin üzvü müəyyən fikir ayrılıqlarının olduğunu bildirsə də, heç kimin klublara maliyyə ayrılmasına etiraz etmədiyini bildirdi. Onun sözlərinə görə, üzvlərin hamısı dəstəyin vacibliyini qeyd ediblər.
Koronavirus pandemiyasına görə FİFA ona üzv olan 211 federasiyanın hamısına 1 milyon 500 min avro vəsait ayırıb. 1 milyon avro ölkə futbolunda yaranan problemlər üçün nəzərdə tutulub. Qalan 500 min avro isə qadın futbolunun inkişafı üçün xərclənməlidi. AFFA “Qəbələ”, “Zirə”, “Sumqayıt” və “Səbail”ə etdiyi maliyyə dəstəyini FİFA-nın ayırdığı vəsait hesabına edib? Vaqif Sadıqov bu sualımıza cavabında klublara federasiyanın daxili imkanları hesabına yardım ediləcəyini söylədi: “Bəli, FİFA belə bir ödəniş edib, amma bu vəsait ali futbol qurumunun şərtlərinə uyğun olaraq, ölkə futbolunun inkişafına xərclənəcək. AFFA klublara yardımı öz vəsaiti hesabına edib”.
Verilən qərarlardan, Vaqif Sadıqovun danışdıqlarından belə anlamaq olar ki, federasiya klubların dağılmaması üçün həyəcan təbili çalıb və bu prosesin qarşısını almaq üçün qabaqlayıcı addım atıb. Nə deyək, Allah xeyir versin! Bu yardımın sonu “əl əli yuyar, əl də üzü” məsəli ilə nəticələnməyəcəksə, gözəl addımdı...
İLKİN SULTANLI

Oxşar xəbərlər
SON XƏBƏRLƏR