Sizin reklam burada

Yağış imkan vermədi...

Baxış Sayı:627


Qəbələdə Antalya izləri
Dünən səhər Bakıdan çıxıb Qəbələnin yolunu tutanda günəşin Qobustanın boz dağlarının arxasında gizləndiyini, buludların bir yerə yığışıb sanki bir-birinə dəyib partlamaq üçün məqam gözlədiyini görəndə, bir neçə saatdan sonrakı vəziyyəti təsəvvvür etmək çətin deyildi. Şamaxı, Muğanlı aşırımı, İsmayıllı postu, aha, deyəsən, başlayır... Maşının şüşəsinə aram-aram dəyən yağışın damçıları adama elə ləzzət edirdi ki, bir neçə saatdan sonra göydən vedrə ilə töküləcək suya görə deyinəcəyimi ağlımdan keçirmirdim.
Saat 17.45-ə, yəni Qəbələyə çatana qədər durum ürəkaçan idi. Sanki uca Tanrı ayaqlarımın bu torpağa dəyməsini gözləyirmiş. Qohumgilə çatıb çantaları yerləşdirən kimi başladı, nə başladı. “Sumqayıt” – “Sabah” oyununa hələ 20 dəqiqə vardı. Adətən, leysan uzunmüddətli olmur. Şırıltı ilə bir neçə dəqiqə axıb kəsir, yerini narın yağışa verir. Bu, nə idisə, başqa şey idi. 18.30-da start fiti çalınan yoldaşlıq görüşü yağışlı havada başladı, leysanla davam etdi, elə həmin leysanla da baş hakimin qərarı ilə yarımçıq dayandırıldı.
Bəlkə də sona qədər davam edəcəkdi. Yağışın meydanı yararsız hala çevirməsindən, futbolçuların tanınmaz hala düşməsindən, topun 1 metr də irəliləməməsindən sonra başqa çıxış yolu qalmamışdı. Oyun mütləq yarımçıq qalmalı, hər iki komanda üzvləri avtobuslara doluşub otelə yollanmalıydılar. Sonluq gözlənilən kimi də oldu. 40 dəqiqə davam edən mübarizədə qapılara qol vurulmadı. Açığı, elə bir təhlükəli vəziyyət də yaranmadı.
Hər iki komandanın üzvləri əsasən top uğrunda mübarizə ilə yadda qalır, sanki rəsmi oyuna çıxıblarmış kimi istəkli görünürdülər. Bu yerdə sumqayıtlıların topla daha çox davrandığını və sürətdə rəqibi üstələdiklərini mütləq qeyd etməliyəm. Bir aydan sonra ölkəmizi Avroliqada təmsil edəcək “kimyaçılar”ın düşərgəsini bir çox aparıcı futbolçu tərk etsə də, komanda “ölü” təsiri bağışlamırdı. Bəzi nöqsanların olması qaçılmazdı. Xüsusən xətlərarası anlaşma baxımından çətinlik özünü göstərirdi. Cəmaləddin – Vurğun – Elvin – Tellur “dördlüy”ündən qurulan müdafiə xətti müəyyən mənada inamlı təsir bağışlasa da, hücumçusuz oynayan komandanın irəli xəttində problemlər özünü göstərir. Lakin “kimyaçılar” düşündüyümüz qədər aciz deyil.
Bəlkə də rəqibin “Sabah” olması, üstəlik “tələbələr”in meydana bir neçə gənclə çıxması sözünü deyirdi. Hər halda, bakılılar nisbətən “diri” heyətlə oynasaydı, sumqayıtlıların əsl gücünü görmək olardı. Lakin “Sabah”da yoluna qoyulmalı işlər kifayət qədərdi. Hər halda, Visente Qomesin qarşıda müəyyən qədər vaxtı var.
Yeri gəlmişkən, oyunu izləyənlər arasında yığma məşqçiləri – Arif Əsədovla Dmitri Kramarenko, həmçinin Məşqçilər Komitəsinin üzvləri – Vaqif Sadıqov, Şakir Qəribov və Şahin Diniyev də var idi. 40 dəqiqəlik mübarizəni izləyən mütəxəssislər öz aralarında nəyisə müzakirə edir, gənc futbolçuların kimliyini dəqiqləşdirir, müxtəlif oyunçular haqda fikir bildirirdilər. Hələ hakim oyunu dayandırmamış hamısının birağızdan matçın başa çatdırılacağını deməsi təcrübə göstəricisi idi.
Hakimin fitindən dərhal sonra komandaların üzvləri sanki meydanda bomba varmış kimi sevincək halda avtobuslara tərəf elə sürətlə qaçdılar ki... Təsəvvür etmək mümkünsüzdü, həmin anı yerində görmək lazım gəlirdi. Bir anın içində stadion tam boşaldı. Hətta qonşu meydandakı “Keşlə”ylə “Neftçi” də otelin yolunu tutdu. Tək qalıb ətrafı seyr edir, ələ fürsət düşmüşkən Qəbələnin təmiz havasından udurdum. Nədənsə həmin an Antalya yadıma düşdü. 2015-ci ildə “Simurq”la Antalyada olanda məhz belə bir mənzərə yaşanmışdı. Adını xatırlamadığım rəqiblə oyun leysana görə yarımçıq dayandırılmış, bizimkilər qarışıq hamı otelə qaçmışdı. Ümumiyyətlə, Qəbələ bir çox cəhətləri ilə Antalyanı xatırladır. İstər məşq meydanları, istər hava şəraiti, istər komandaları ora-bura daşıyan iri tutumlu avtobusların hərəkət bucağı. Bir dənizi çatmır. Yaxşı ki, çatmır...
Hə, az qala yadımdan çıxacaqdı. Qəbələdəki havanın necəliyini bir neçə dəqiqəlik də olsa, Bakıdakı dostlarıma çatdırmaq üçün “feysbuk”da canlı yayın açmışdım ki, arxamdakı mühafizəçi qulağıma pıçıldadı: “qardaşımsan, onu yığışdır”. Elə həmin tərzdə səbəbini soruşanda çəkilişə icazə verilmədiyini bilmiş oldum. Klubların Qəbələ toplanışı və yoldaşlıq görüşləri ilə bağlı məlumat verməməsi bəs deyilmiş kimi, çəkiliş etməyə, video və şəkil çəkməyə də qadağa qoyublar. Özfəaliyyət dərnəyinizə bu Qurbanlıq bayramında mələməmiş quzu kəsim...
HƏBİB, Bakı-Qəbələ

Oxşar xəbərlər
SON XƏBƏRLƏR