Sizin reklam burada

“Gözümü yumdum, açdım ağzımı, ermənilərə döşədim”

Baxış Sayı:1 072


İbrahim Cəfərov Hacievskinin taktiki düzülüşünü dağıdıb
İstər karyerasını davam etdirən, istərsə də butslarını mismardan asan veteran futbolçular ilə söhbət edəndə istər-istəməz köhnə günləri yada salırlar, başlarına gələn müxtəlif məzəli hadisələri sevə-sevə danışırlar. Təbii ki, futbol təkcə futbolçulardan ibarət deyil. Məşqçilər, hakimlər, klub funksionerləri də dünyanın bir nömrəli idman növünün ayrılmaz hissəsidi. “Yada düşər xatirələr” rubrikasında həyatının böyük hissəsini “idmanın şahı”na həsr edən insanlarla söhbət edir, yaddaşlarına əbədi yazılan məzəli hadisələri bizimlə bölüşmələrini istəyirik. Rubrikanın budəfəki qonağı artıq tarixin yaddaşına köçmüş “Bakı”nın tərcüməçisi olan, hazırda futbolxeber.az saytının baş redaktoru kimi çalışan İbrahim Cəfərovdu.
Gecəyarısı keçirilən təcili iclas və böyükhesablı qələbə
Georgi Hacievski "Bakı”ya yenicə baş məşqçi təyin olunmuşdu. "Neftçi”yə də məşhur Vlastimil Petrjela gətirilmişdi. “Neftçi” ilə oktyabrın 20-də qarşılaşacaqdıq. Bir gün əvvəl komandamızın üzvü Elnur Abdullayevin toyu idi. Elnurun toyuna komanda şəklində yollandıq, sonra da hamılıqla otelə qayıtdıq. Gecə internetə daxil oldum. Həmin vaxt saytlar indiki kimi çox deyildi. Cəmi 3-4 idman saytı var idi. "Apasport”da Petrjelanın açıqlamasını oxudum. Mütəxəssis "Bakı” sabah bizdən 1 xal alsa, bu, onlar üçün qələbəyə bərabər olacaq” söyləmişdi. Bu açıqlamanı oxuyub, bərk əsəbləşdim. Dərhal Hacievskinin otağına yollandım. Necə deyərlər, birinin də üstünə beşini qoyub dedim. Hacievski də özündən çıxdı, dərhal inzibatçını çağırdı və göstəriş verdi ki, komandanı iclasa toplasın. Saat 23.30-da "odboy” verilib, hamı otağına yollanıb yatmağa, 1 saat sonra isə iclasa toplaşırıq. Hacievski başladı danışmağa. O, 2 dəqiqə danışırdı, mən dediklərinin "doza”sını artırmaq üçün 5 dəqiqə tərcümə edirdim. Komandanı gecə ilə necə motivasiya elədiksə, sabah birinci hissədən sonra 3:0 hesabı ilə öndə idik. "Neftçi”də kimlər yox idi... Zaur Tağızadə, Rəşad Sadıqov, Georgi Adamiya, Aqil Məmmədov, Branimir Subaşiç, 1 il əvvəl "Bakı”nı "Neftçi”yə dəyişən Ramin Quliyev, Rail Məlikov, Ramazan Abbasov. Həmin gün ilk və son dəfə paltardəyişmə otağında uşaqları elə görürdüm. Adətən, fasilədə futbolçular formanı, getri çıxarır, rahatlanır, əl-üzlərini yuyurdular. Amma həmin gün fasilədə 11 nəfərin 11-i də otaqda oturub ikinci hissənin başlamasını gözləyirdilər ki, fasilə bitsin, çıxaq daha üçünü vuraq. Yekunda 5:1 hesabıyla qalib gəldik. Hamı deyirdi ki, biz bu oyunu 1 gün qabaq, gecə iclasda udmuşduq. Oyun bitən kimi dostlardan birindən xahiş etdim ki, Pertjelaya dünənki dediklərini xatırladıb, soruşsun ki, “bəs bu gün “Bakı” neçə xal qazandı?” Çex məşqçi bu suala cavab tapa bilmədi...
Roy Hocsona erməniləri söydürən tərcüməçi
Hacievski yığmanın baş məşqçisi təyin olunarkən ona AFFA tərəfindən tərcüməçi verilmişdi. Bu, dostumuz Erkin İbrahimov idi. Amma Hacievski mənim də yanında olmağımı istəmişdi. Demişdi ki, maaş-zad lazım deyil, İbrahim klubdakı kimi millidə də yanımda olsun, mətbuatla onun vasitəsi ilə ünsiyyət quracam. Təbii ki, mən də dərhal razılaşmışdım. Söhbət milli komandadan gedirsə, maaş və başqa məsələlər müzakirə mövzusu ola bilməz. Hacievski ilə bir-birimizi çox gözəl başa düşürdük. O, ağzını açıb cümlənin əvvəlini deyəndə, mən artıq avtomatik sonunu gətirirdim. Səfərdə Finlandiya ilə qarşılaşırdıq. Oyunsonrası mətbuat konfrasında Hacievski sualları cavabladı, salonu tərk edəndə AFFA-nın o vaxtkı mətbuat katibi Mikayıl Nərimanoğlu xahiş etdi ki, rəqibin baş məşqçisinin dediklərini də azərbaycanlı jurnalistlər üçün tərcümə edim. Finlandiyanın da o vaxtkı baş məşqçisi ingilis Roy Hocson idi. Bizdə olduğu kimi, ingilislərdə də ləhcə söhbəti var. Hocsonun ləhcəsi üzündən dediyi 5 sözdən üçü anlaşılmırdı. Birtəhər yoluna qoyduq, mətbuat konfransı bitirdi ki, birdən bizim jurnalistlərdən biri siyasi - Qarabağ problemi ilə bağlı Hocsona sual verdi. Bu yerdə, necə deyələr, Qəribi ağlamaq tutdu. Sualı tərcümə elədim, amma cavabdan heç nə anlamadım, bir dəfə, iki dəfə, gördüm xeyri yoxdu, nə deyirsə, başa düşmürəm. Vəziyyətdən çıxış yolu axtararkən salona göz gəzdirdim, gördüm bizim jurnalistlərdən heç biri ingiliscə bilmir. Gözümü yumdum, açdım ağzımı, ermənilərə döşədim. Sanki ingilis yox, azərbaycanlı məşqçi dığalardan danışır. Erməniləri necə yıxıb-sürüdümsə, ertəsi gün az qala bütün mətbuatımız Azərbaycanın yaralı yeri olan Qarabağ məsələsində nümayiş etdirdiyi mövqeyə görə Hocsona təşəkkür edirdi.
Hacievskini özündən çıxaran səbəb
Çoxları “Bakı”nı “Epalle faciəsi”nə görə qınayır. Həmin vaxt “Buduçnost”a hər iki oyunda qalib gəlsək də, xırda bir diqqətsizliyə görə aldığımız texniki məğlubiyyət üzündən mərhələ adlaya bilməmişdik. Amma buna bənzər kuryoz hadisələr çox olub futbolumuzda. Bəzən son anda biabırçılığın qarşısı alınıb. Elə yuxarıda haqqında söz açdığım Finlandiya ilə oyundan əvvəl milli Bakıda ikihəftəlik təlim-məşq toplanışında oldu, daha sonra Helsinkiyə yollandıq. Məşqlərdə artıq Hacievski özlüyündə start heyətini böyük ölçüdə müəyyənləşdirmişdi. Hazırda “Qəbələ”nin baş məşqçisi olan Elmar Baxşıyevə də start heyətində şans verməyi düşünürdü. Helsinkidə oyunqabağı məşqdən sonra otelə qayıtdıq və məlum oldu ki, Baxşıyev sabah meydana çıxa bilməz. Sən demə, Elmar sarı vərəqə cəzalısıdı və Finlandiyaya qarşı oynaması qeyri-mümkündü. Hacievski bu xəbəri eşidəndə az qaldı havalana. Deyirdi ki, necə ola bilər, ikihəftəlik Bakıdakı toplanış zamanı yox, məhz indi bunu mənə deyirsiz? Adam bilmirdi ki, Elmar Baxşıyevi meydana buraxıb texniki məğlubiyyət almaması üçün sevinsin, yoxsa iki həftə əvvəl deyilməli olan sözün oyuna bir neçə saat qalmış deyilməsinə ağlasın.
“Bərk əsəbləşdi və məni otaqdan qovdu ki, “sən Mourinyosan?”
Hacievski ilə münasibətlərimiz yaxşı olsa da, arada dalaşdığımız vaxtlar da olub. Bir dəfə “Xəzər Lənkəran”la oyundan öncə köməkçi məşqçi Asif Əliyevlə birgə protokolu yazmağa getdik. Əliyev siyahını verirdi, mən də yazırdım. Bitirənə yaxın “Xəzər Lənkəran”ın məşqçisi otağa daxil oldu. Əlindəki kağıza fikir verdim ki, 4-4-2 taktikası ilə meydana çıxacaqlar. O vaxt Azərbaycanda yalnız “İnter”, bir də Hacievskinin gəlişindən sonra “Bakı” 4-lü müdafiə ilə oynayırdı. Qalan komandalar 3-5-2-dən yararlanırdılar. Deməli, “Xəzər Lənkəran” bizim üçün sürpriz hazırlamışdı. Sevincək komandanın paltardəyişmə otağına qaçdım, Hacievskinin lövhədə qurduğu rəqib düzülüşünü dağıtdım və öz bildiyim kimi qurdum. Təşəkkür gözlədiyim halda, Hacievski bərk əsəbləşdi və məni otaqdan qovdu ki, “sən Mourinyosan?” Pərt vəziyyətdə gəldim oturdum ehtiyat oyunçular skamyasında. Oyun başladı və aləm dəydi bir-birinə. Məlum oldu ki, mən düz deyirmişəm, Hacievski də mənə qulaq asmamaqla səhvə yol verib. Elə o yanlışlığın nəticəsi idi ki, artıq 15-ci dəqiqədə 0:2 uduzurduq. Hacievski futbolçulara göstərişlərini çatdırmaq üçün mənə üz tutsa da, vecimə də almadım. Oturduğumuz yerdə mübahisə davam edirdi. Hissə boyunca yerimdən tərpənmədim. Heç fasilədə də paltardəyişmə otağına yollanmadım. Mənə acıqlanması çox pis təsir eləmişdi, düşmən deyiləm ki, gəlib yalan məlumat verim. Amma fasilədə anladım ki düz etmirəm, ikinci hissədə nə lazımdısa, etdim və sonda azlıqda qalmağımıza baxmayaraq, oyun 2:2 hesabı ilə yekunlaşdı. Mübahisəmiz “Bakı”nın sabiq vitse-prezidenti Nail Əliyevin diqqətindən yayınmamışdı. Səhər hər ikimizi otağına çağırdı. Mən hər şeyi olduğu kimi danışdım. Hacievski də elə ordaca səhvini boynuna aldı, üzrxahlıq etdi və barışdıq.
Ardıcıl iki gün mediaya təqdim olunan baş məşqçi
“Bakı”nın prezidenti Hafiz Məmmədov həmin vaxt işlərinin çoxluğuna görə kluba lazımi qədər vaxt ayıra bilmirdi. Klubda bir neçə vitse-prezident var idi ki, onların da fikirləri hansısa məsələdə fərqli olurdu. Bunun da əziyyətini biz çəkirdik. Vinfrid Şefer baş məşqçi təyin olunandan sonra Zeynal müəllimin otağına yollandım və təqdimat mərasimi ilə bağlı soruşdum. Dedi ki, mən sabah tezdən xaricə yollanıram, iki-üç günlük, qayıdandan sonra edərik. Zeynal müəllim getdikdən sonra ertəsi digər vitse-prezidentlər göstəriş verdilər ki, mətbuatı çağır, axşam məşqindən öncə alman məşqçinin təqdimatını keçirək. Tapşırığı yerinə yetirdim, açıq məşqdən öncə ayaqüstü brifinq oldu. Məşq olduğu üçün mən də, baş məşqçi də şortik-maykada jurnalistlərin suallarını cavablamışdıq. Səhər tezdən “Baghlan Group”dan zəng gəldi. Hafiz müəllimin köməkçisi təcili məni ofisə çağırdı. Anladım ki, vəziyyət yaxşı deyil, tezdən adamı ofisə yaxşı şey üçün çağırmazlar. Dərhal ora yollandım. Hafiz müəllimin otağına daxil olan kimi əlində qəzet üstümə qışqırdı ki, “bu nədi?” Mən də bilmirəm, söhbət nədən gedir. Axırda məlum oldu ki, bizim Şeferi mətbuat önünə şortik- maykada çıxarmağımız Hafiz müəllimin heç xoşuna gəlməyib. Əslində iradında tam haqlı idi. Mən də vəziyyəti izah etdim. Qayıtdı ki, “bundan sonra bu cür vacib məsələlərdə mənim fikrimi öyrənməmiş qərar qəbul etmirsən, kim nəsə desə, de ki, Hafiz müəllimin göstərişi belədi”. “Baş üstə” deyib, otaqdan çıxmağa hazırlaşırdım, təhlükə sovuşmuşdu. Bu anda Hafiz müəllim “amma gərək dünənki səhvini düzəldəsən” dedi. Bu gün yenidən sanballı təqdimat keçirin. Ayıbdı, Şefer kimi dünya səviyyəli mütəxəssisi mətbuata belə təqdim etməzlər. Əlacsız qalıb, yenidən bütün mətbuatı axşam “Delfin”ə yığdım. Hamı da təəccüblənirdi ki, bəs dünənki nə idi? Amma sağ olsun, dostlar xahişimizi yerə salmadılar və beləcə Şeferə iki gün ardıcıl təqdimat mərasimi keçirdik.
RƏŞAD

Oxşar xəbərlər
SON XƏBƏRLƏR