Sizin reklam burada

Zaur Həşimov Rəşad Sadıqovun təyinatını gözləyirmiş

Baxış Sayı:750


“Zəng vurmuşdu, elə bir şey soruşmadı, ümumi söhbətimiz oldu”
Zaur Həşimov “Zirə”dən ayrılandan bir gün sonra onunla əlaqə saxlayıb bəzi suallara cavab verməsini xahiş edəndə, bir qədər gözləməyi məsləhət görmüşdü. Başadüşülən idi. Adam işindən ayrılmışdı, o yaşda hər adama qismət olmayan baş məşqçilik şansı əldən çıxmışdı. Odu ki, bir müddət gözləməyi qərara aldım ki, ara sakitləşsin, danışaq.
Üstündən təxminən üç həftə keçəndən sonra yenidən aradım. Bu dəfə bir-iki gün “sürüşdürsə” də, sonda danışmağa razılıq verdi. Zəngləşib danışdıq, amma mətbuat konfranslarındakı açıqlamaları zamanı suyu üfürə-üfürə içən adam təsiri bağışlayan Həşimov bu dəfə də eyni mövqeyi tutdu. Adam nə “Zirə”dən ayrılmasının konkret səbəbini dilə gətirdi, nə də başqa suallara düz-əməlli, ətraflı cavab verdi. Düzdü, bu tip müsahibələr siz oxuculara heç nə vermir. Di gəl ki, heç olmamaqdansa, “buna da şükür” deyib keçək.
- “Zirə”dən ayrılandan sonra nə edirsiz, başınızı nə ilə qatırsız?
- Heç, evdəyəm. Görüləsi iş də yoxdu.
- Yəqin “Zirə”nin rəhbərliyiniz altında keçirdiyi oyunlarını izləyirsiz, müəyyən nəticələr çıxarmağa çalışırsız.
- Futbollara baxıram, amma keçmişdə baş tutan qarşılaşmaları izləmirəm.
- “Zirə”nin ötən mövsümdəki matçlarının təkrarına baxmaq maraqlı gəlmir sizə?
- Bildiyiniz kimi, çempionat martın əvvəlində dayandırıldı. O vaxtdan bu yana kifayət qədər asudə vaxtımız var idi. Həmin dönəmdə dediyiniz oyunlara baxırdım. Çünki çempionatın bərpa olunacağı gözlənilirdi.
- Lap yaxşı. Bundan sonra nə etmək fikriniz var?
- Məşqçi işləmək istəyirəm. Bunun üçün isə təklif olmalıdı. Oturub, təklif gözləyəcəm.
- Premyer-liqadan?
- Bu dəqiqə premyer-liqadan baş məşqçilik təklifi gözləmək mənasızdı. Bütün komandaların baş məşqçisi var, üstəlik, mövsüm hələ başlamayıb.
- Hələ “Zirə”dən ayrıldığınız zaman müsahibə istəyim qarşısında “bir az gözləyək” demişdiz. Üstündən xeyli vaxt keçdiyini nəzərə alsaq, yəqin ki, “Zaur Həşimov “Zirə”dən niyə ayrıldı” sualına cavab verə bilərsiz.
- Klubla müqaviləmin müddəti mövsümün sonuna qədər nəzərdə tutulmuşdu. Çempionat başa çatandan sonra yeni anlaşma şərtləri ilə bağlı rəhbərliklə söhbətimiz oldu. Müzakirələrdən sonra yolların ayrılmasına qərar verdik. Açığı, burda qeyri-adi bir şey yoxdu. Fikirlərimiz üst-üstə düşmədi və ayrıldıq.
- Fikir ayrılığı nəyə görə idi? Keçmişlə bağlıydı, yoxsa gələcəklə?
- Keçmişlə bağlı deyəndə, “Zirə”də uzun müddət işləmək imkanım olmadı ki, nəyisə müzakirə edək. Belə deyim, ötən mövsüm qeydə alınan nəticələrə görə narazılıq olmadı. Gələcək adına açıqlamaq istəmədiyim bəzi məqamlar var idi ki, həmin nöqtələrdə fikir ayrılığı yarandı.
- Bildiyimizə görə, büdcə azaldılıb. Bu da rol oynadımı?
- Xeyr, büdcəlik bir şey yox idi.
- Gedişiniz ötən mövsümdəki uğursuzluqla bağlı deyil, büdcənin azalması da rol oynamayıb. Başqa nə ola bilər axı?
- Rəhbərliyin gələcək planlarında müəyyən fikirlər var idi ki, həmin məqamda razılaşmadıq.
- Əvəzində Rəşad Sadıqov işləməyə razılıq verdi...
- Bu artıq yeni səhifədi. Rəşad Sadıqova və “Zirə”yə növbəti çempionatda uğurlar arzulayıram. İnşallah, yaxşı nəticələr olar.
- Sizin qarşınıza qoyulan tələblər Rəşad Sadıqova da aid idi, yoxsa ona tam başqa şərtlər təklif olundu?
- Bu haqda nəsə deyə bilmərəm. Çünki tərəflərin danışığında iştirak etməmişəm.
- Rəşad Sadıqovun baş məşqçi kimi təqdim olunduğunu görəndə təəccübləndiz, yoxsa gözləyirdiz?
- Xeyr, təəccüblənmədim. Əvvəl-axır Rəşad da başlamalıydı. Təəccüblü olmadı.
- Yeni baş məşqçi nəsə soruşmaq, maraqlanmaq üçün sizinlə əlaqə saxlayıb?
- Bəli, zəng vurmuşdu, elə bir şey soruşmadı, ümumi söhbətimiz oldu.
- Halallıq məsələsi?
- Rəşadla münasibətimiz yaxşıdı, vaxtilə bir yerdə futbol oynamışıq. Həmişəki zənglərdən biri idi, o mənə uğurlar arzuladı, mən də ona. Xüsusi bir şey deyildi.
- Ağabala Ramazanov, Davit Volkov, Ali Sisey, Emil Balayev – bunlar sizin dönəmdə komandaya cəlb olunan futbolçular idi. Rəhbərlik sizinlə söhbətdə bu futbolçuların transferini qarşınıza fakt kimi qoymadı ki?
- Nə mənada?
- Ki, istədiyiniz futbolçuları almışdıq, nəticə verə bilmədiz. Belə deyək, xərclənən pulların havaya sovrulmasının hesabatı.
- Kubokda yarımfinala yüksəlmişdik, premyer-liqada da “Sumqayıt”la xallarımız eyni idi. Halbuki mən komandanı götürəndə 5-ci pillədəydi və 4-cü yerdəki rəqiblə arada 4 xal fərq vardı. Hətta ilk məşqə 12 futbolçu ilə çıxdığımızı da yaxşı xatırlayıram. Zədəlilərin sayı hədsiz çox idi. Qışa qədər hər şey yaxşı idi, fasilədən sonra da pis deyildik. Sonradan müəyyən eniş oldu, ardınca çempionat dayandı. Fikrimcə, mövsüm başa çatdırılsaydı, sonluq fərqli olacaqdı. Adını çəkdiyiniz futbolçuların hər biri bacarıqlıdı. Düzdü, Emil getdi, amma qalan üç nəfərin “Zirə”yə fayda verəcəyini düşünürəm.
- Komanda Avroliqaya vəsiqə qazansaydı, bu gün yenə kənarda qalacaqdız?
- Avrokuboklara vəsiqə ən böyük istəyim idi. Həm məşqçi kimi öz adım, həm də klub üçün. Ancaq hədəfə çatacağımız təqdirdə vəziyyət necə olacaqdı, bunu deyə bilmərəm. Ola bilsin, Avroliqada çıxış etsəydik belə, rəhbərlik gələcək üçün həmin şərtləri irəli sürərdi, fikir ayrılığı yaşanardı. Və ya tam əksi, başqa planlar olardı. Ona görə də bu mövzuda dəqiq nəsə demək çətindi.
HƏBİB

Oxşar xəbərlər
SON XƏBƏRLƏR