Növbəti mövsümdə avrokuboklara vəsiqəni hədəf seçən “Sabah” ispan çalışdırıcını heyətinə qatmaqla və bir neçə yeni transferlə diqqətləri üzərinə çəkməyi bacarıb. “Tələbələr” Amin Seydiyev, Slavik Alxasov, Aleksey İsayev kimi oyunçularla güclənib ki, hər biri ayrı-ayrılıqda bacarıqlı oyunçu sayılır.
Bu adların üzərinə Ramil Şeydayevi də əlavə edə bilərik. Hərçənd yığma üzvünün “Sabah”la müqaviləsinin müddəti ötən mövsümün sonuna, yəni yaya qədər nəzərdə tutulmuşdu. Sonradan qeybə çəkilən və başqa təklifləri də gözdən keçirən ucaboy forvard, görünür, yoluna elə “Sabah”da davam edəcək. Şeydayevin “Qarabağ”la sonuncu yoldaşlıq görüşündə start heyətində meydana çıxması fərqli düşünməyə imkan vermir.
Lakin bu məqamda ortaya sual çıxır: Ramil Şeydayev klubla yeni anlaşma bağlayıbsa, bu barədə niyə rəsmi məlumat yoxdu? Yox, imzalamayıbsa, düşərgədə baxışdadı? Açığı, bu variant inandırıcı görünmür. Yəni Visente Qomesin Ramili gözdən keçirmək istəməsi, futbolçunun isə buna razılıq verməsi heç bir halda mümkün deyil.
Klubun mətbuat katibi Elnur Həmidovdan məsələ ilə bağlı soruşanda məlum oldu ki, sabiq “Zenit”lini “Sabah”ın üzvü hesab edə bilərik: “Ramil Şeydayev onsuz da “Sabah”ın sıralarında idi. Komanda ilə tanışdı, yaradılan şəraitdən xəbərdardı. Sadəcə, yeni müqavilə üçün danışıqlar davam edirdi ki, bir çox detallar müzakirə edilib, razılıq əldə olunub. Kiçik detallar var ki, onlar həll olunan kimi müqavilə bağlanacaq”.
Xəbər verdiyimiz kimi, digər elita təmsilçiləri kimi, “tələbələr” də hazırda Qəbələdə hazırlıq keçir. İspan çalışdırıcının rəhbərliyi altında baş tutan ilk sınaq matçı uğurlu alınmışdı. Paytaxt təmsilçisi çempion “Qarabağ”ı 2:1 hesabı ilə məğlub etmişdi. Növbəti belə qarşılaşma bu gün baş tutacaq. “Sabah”ın rəqibi “Sumqayıt”dı. “Kimyaçılar”la görüşün 18.30-da başlaması nəzərdə tutulub. İyulun 17-dən Qəbələdə olan “tələbələr” bu oyundan sonra ikihəftəlik toplanışı başa vurub Bakıya qayıtmağı planlaşdırır.
HƏBİB