Sizin reklam burada

“Sumqayıt”ın Azad dayısı dünyasını dəyişdi

Baxış Sayı:595


“Sumqayıt”ın ən sadiq azarkeşlərindən biri, hər kəsin “Azad dayı” kimi tanıdığı Azad Məmmədov iyulun 27-də beyninə qan sızması səbəbindən dünyasını dəyişib.
35 il Azad dayı ilə qonşu olmuşuq. Bir məhəllədə yaşadığımızdan uşaqlıqdan onu tanımışam. Bəlkə də çoxları bilmir ki, rəhmətlik elmlər namizədi idi, uzun illər Sumqayıtdakı elmi-tədqiqat institutlarından birində çalışmışdı. Əslən Cənubi Azərbaycandan olsa da, Xudatda böyümüşdü, yeniyetməlik və gənclik illərini isə Bakıda keçirmişdi. Onu tanıyandan futbol azarkeşi olduğunu görmüşəm. Uşaq olarkən bizi başına toplayıb Anatoli Banişevskinin oyunlarından danışardı, 70-80-ci illərdə “Neftçi”nin matçlarını yada salardı. Ən çox da tələbə olarkən Lvovda “SKA Karpatı” ilə “Neftçi” arasında baş tutan oyunda təcrübə keçmək üçün Lvova yollanan bir qrup azərbaycanlı tələbənin millətçi ukraynalıları necə susdurduqlarını sevə-sevə xatırlayardı.
3 il öncə Azad dayı sevimli həyat yoldaşını itirmişdi. Onların bir-birinə olan məhəbbəti yaşlı vaxtlarında da itməmişdi. Xanımı Azad dayını, o da xanımını çox sevirdi. Onların “Leyli-Məcnun sevgisi” məhəllədə çoxlarına bəlli idi. Həyat yoldaşının 40 mərasimindən sonra onunla görüşəndə dedikləri hələ də yadımdadı: “Rəşad, bala (məni uşaqlıqdan belə çağırırdı), indi həyatda bir sevgilim qaldı (həmin an kövrəldiyini, qəhərdən boğulduğunu indi də xatırlayıram), o da futboldu”. Ondan sonra dəfələrlə “məni saxlayan tribuna və “Sumqayıt”dı, yoxsa çoxdan Nasosnu (Hacı Zeynalabdin Tağıyev qəsəbəsi) qəbiristanlığında arvadın yanında mənə də yer qazılmışdı” deməsini unutmamışam. Azad dayının ən böyük arzusu “kimyaçılar”ı avrokuboklarda görmək idi. Məşqləri belə buraxmayan 70 yaşlı fanat futbolçularla söhbətdə də “İmişli, Zaqatala, Zirə təmsilçiləri beynəlxalq arenada çıxış edibsə, futbol ənənəsi olan Sumqayıtın komandası niyə bunu bacarmasın” deyib, hər dəfə futbolçuları motivasiya edirdi. İnsafən, “Sumqayıt”ın şərəfini qoruyan, nə vaxtsa qorumuş oyunçular da Azad dayını çox istəyirdilər. Azad kişinin çoxillik arzusu çin oldu. Canından çox sevdiyi “Sumqayıt” qitəmiqyaslı turnirə vəsiqə qazandı. Ancaq təəssüf ki, amansız həyat ona güzəşt etmədi və sevimli komandasını beynəlxalq arenada izləmək Azad dayıya qismət olmadı.
Azad dayı tək tribunada deyil, elə məhlədə də çılğınlığı ilə seçilirdi. Onun özü kimi fanat olan, həmyaşıdı Arazxan əmi ilə futbolla bağlı mübahisəsi, “Neftçi”nin statistikasını yada salması məhəllə camaatı, xüsusilə də gənclər tərəfindən maraqla qarşılanırdı. Bəzi cuvallağılar Azad dayını görəndə “Arazxan əmi dünən deyirdi ki, sənin futboldan xəbərin yoxdu, dediklərin yalandı” söyləməsi, Arazxan əmini görəndə də “Azad dayı dünən sənin futbolu bilmədiyini söyləyirdi” deməsi iki həmyaşıdı necə özündən çıxarırdısa, aləm bir-birinə dəyirdi. Həmin gün bütün məhəllə iki futbol fanatının meyxanaçılar kimi deyişməsinə tamaşa edirdi. Azad dayı dünyasını dəyişdi, Arazxan əmini yalqız qoydu. Rəhmətlik dəfn olunan gün məhəllə camaatı Azad dayının oğlu Anardan çox Arazxan əmiyə başsağlığı verirdilər ki, bu da başadüşüləndi. Həmyaşıdım Anar vaxtilə sərbəst güləşlə məşğul olub, müəyyən uğurlara imza atsa da, atası kimi futbol “xəstəsi” deyildi. Azad dayı “mehriban düşməni” Arazxan əmiyə sataşmaq üçün gecədən hazırlaşırdı, səhəri bəlkə də diriğözlü açırdı ki, ölkə futbolu, “Sumqayıt”la bağlı ona suallar versin, onu çətinə salsın, susdursun və bundan zövq alsın. “Sumqayıt”ın oyunlarına da çox vaxt bir yerdə gedirdilər. İndi Arazxan tək qaldı, tribunada söz atıb əsəbləşdirdiyi Azad dayı artıq həyatda yoxdu. Təsadüfdü, yoxsa həyatın gərdişidi, deyə bilmərəm, təxminən bir ay öncə Arazxan əmi də həyat yoldaşını itirdi. Özü demişkən, “arvad getdi, indi Azadı yola saldım. Deyəsən, növbə mənimdi” deməsi bütün “Sumqayıt” azarkeşlərini məyus edir. Qalanlara cansağlığı, dünyasını dəyişənlərə rəhmət. İnanaq ki, Azad dayının könül verdiyi “Sumqayıt” avrokuboklarda heç olmasa, bir mərhələ adlayacaq, ruhunu xoş edəcək.
RƏŞAD

Oxşar xəbərlər
SON XƏBƏRLƏR