Sizin reklam burada

Rafiq Mirzəyev Vaqif Cavadovun məktəbində işləyəcək

Baxış Sayı:424

Rafiq Mirzəyev Vaqif Cavadovun məktəbində işləyəcək
“De Byazi Foqtsun dönəmindəki ruhu qaytarsa, uğur qazana bilər”
Millinin sabiq futbolçusu Vaqif Cavadovun bir müddət əvvəl futbol məktəbi açdığını xəbər vermişdik. Karyerasını başa vurmadığı halda uzun müddət klubsuz qalan hücumçu fəaliyyətini bu istiqamətdə davam etdirməyi qərara alıb. Ötən saylarımızın birində söhbətləşdiyimiz Cavadov “Azlider” adlanan məktəbdə 4-14 yaş aralığında uşaqlara futbolun sirlərini öyrədəcəklərini söyləmişdi.
Aradan müəyyən müddət keçdiyini nəzərə alıb dünən yenidən Cavadovla əlaqə saxlayıb, hansı yeniliklərin olduğunu öyrəndik: “Futbol məktəbimiz hazırda fəaliyyət göstərmir. Allahın köməyi ilə karantin bitəndən və dövlət səviyyəsində icazə veriləndən sonra işə başlayacağıq. Əsas məqsədim Azərbaycanın uşaq futbolunda yaxşı futbolçular yetişdirməkdi. Çətin işdi, amma məktəbimizin hədəfi həm istedadlı futbolçular yetişdirmək, həm də valideynlərin istəyindən asılı olaraq, xarici ölkələrə göndərmək olacaq”.
Cavadov məktəbin məqşçilər heyəti barədə də məlumat verdi: “Məşqçilər heyəti hələ ki tam formalaşmayıb. Bir məşqçimiz bəllidi. Bu, millinin və “Neftçi”nin sabiq futbolçusu, müxtəlif yığmalarda çalışan Rafiq Mirzəyevdi. Digər məşqçilərimiz isə hələ ki məlum deyil”.
Yığmanın sabiq üzvündən avrokuboklarda iştirak edəcək 4 klubumuzdan gözləntiləri barədə də soruşduq. Onun fikrincə, Avropa arenalarında işimiz çətin olacaq: “Hər klubumuz üçün çətin olacaq. Avrokuboklarda iştirak edəcək təmsiçilərimiz arasında ən çox seçilən yenə də “Qarabağ”dı. Klubun transferlərini, bu sahədə gördüyü işləri bilirik. Kimləri transfer etdiyini görürük və deyə bilərik ki, “Qarabağ” bu baxımdan çox ciddi işlər görür. Başqalarına gəlincə, “Neftçi” də bir az fəaldı, amma qalan iki klub üçün çox çətin olacaq. Nə futbolçu transferi həyata keçirirlər, nə də icarəyə götürürlər. Məncə, ilk dəfə Azərbaycan klubları arasında belə hal baş verir ki, avrokuboklara hazırlaşanlar transferlərdə fəal olmasın. Bilirik ki, təxminən 3-4 həftədən sonra oyunlar başlayır və mərhələ keçmək lazımdı. “Sumqayıt” ilk dəfə Avropa Liqasında çıxış edəcək, amma futbolçu transfer etmirlər, əksinə, komandadan ayrılanlar var. Bu cəhətdən deyə bilərik ki, çox çətin olacaq. İstənilən halda hər bir kluba uğurlar arzulayıram. Arzu edirəm ki, “Qarabağ” Çempionlar Liqasının qrupunda çıxış etsin və Azərbaycan xalqını əvvəl necə sevindirirdisə, yenə sevindirsin. Sadəcə, pandemiya ilə bağlı vəziyyət daha fərqlidi. Hər bir azarkeş Azərbaycan klublarını dəstəkləməlidi. Avrokuboklarda təmsilçimiz nə qədər çox olsa, Azərbaycan futbolu üçün bir o qədər yaxşı olar. Bizi tanıyarlar, yaxşı futbolçular gələr və ən əsası, azarkeşlərimizi sevindirərlər”.
Vaqif yığmanın “sükanı arxasına” gətirilən Canni De Byazi ilə bağlı da fikirlərini bölüşdü. O, vaxtilə milliyə rəhbərlik etmiş Berti Foqtsun fəaliyyətini də yada saldı: “Yeni baş məşqçidən çox şey asılı olacaq. O, futbolçuların arxasında olsa, Berti Foqtsun dönəmindəki ruhu qaytarsa, uğur qazana bilər. O dövrdə olduğu kimi azarkeşlər, xalq futbolçuları sevsə, onları sevdirsə, məncə, De Byazi yaxşı nailiyyətlər qazanar. Ən azı Foqtsun baş məşqçi olduğu vaxtda futbolçularda olan istəyi milliyə qaytarar. Çünki bəziləri milliyə can atmır, amma Foqtsun dövründə hamı can atırdı ki, oynasın, o kollektivdə, o mühitdə olsun. O vaxt futbolçuları hər kəs tanıyırdı, indi isə 10 il geri düşmüşük. Futbolçularımızı ancaq söyüblər, tənqid ediblər, indi də edirlər. Azarkeşləri sevindirmək baxımından baş məşqçinin rolu çox böyükdü. Baş məşqçi öz bildiyini, istədiyini etsə, milli də nailiyyətlər qazanacaq”.
AYGÜL

Oxşar xəbərlər
SON XƏBƏRLƏR