Sizin reklam burada

Əvvəl start tarixi, sonra “transfer pəncərəsi”nin vaxtı müəyyənləşəcək

Baxış Sayı:349


Pandemiyaya görə yarımçıq başa çatdırılan 2019/20 mövsümündən sonra yeni “futbol ili”nin nə vaxt start götürəcəyi, mövsümlərarası fasilədə “transfer pəncərəsi”nin hansı aralıqda açıq olacağı sualı bu gün hamını düşündürür. Bu suala ən dolğun cavabı isə çempionatın təşkilinə cavabdehlik daşıyan Peşəkar Futbol Liqası verə bilər ki, bu üzdən dünən qurumun texniki idman şöbəsinin rəhbəri Elgiz Abbasovla əlaqə saxlamağı lazım bildik. Elgiz bəy bizi dinləyəndən sonra bunları bildirdi: “AFFA İcraiyyə Komitəsinin sonuncu iclasında bildirilmişdi ki, çempionatın startı ilə bağlı İşçi Qrup yaradılsın. İşçi Qrup ona görə yaradıldı ki, pandemiyadan sonrakı çempionat belə deyək, ənənəvi start olmayacaq. Bununla bağlı müxtəlif məsələləri müzakirə etməklə ümumi işin xeyrinə yekun qərar vermək lazım gələcək. Qərara uyğun da addım atıldı. Siz də artıq bilirsiz ki, İşçi Qrupa kimlər daxildi. Bir daha xatırladım ki, Cahangir Həsənzadə, Vaqif Sadıqov, Ağasəlim Mircavadov, Vyaçeslav Xomenko və mən qrupun üzvləriyik. Adını çəkdiyim şəxlər futbol sahəsində böyük təcrübəyə malikdilər və onlarla müzakirələr zamanı çox şeyi ortaya çıxarmaq mümkündü. Onu da qeyd edim ki, İşçi Qrup yaradılmamış da biz tərəfdən müəyyən planlar var idi ki, mən bu haqda istər telekanallardakı çıxışlarımda, istərsə də sosisal şəbəkədəki paylaşımlarımda yazmışdım. İşçi Qrupun üzvü, AFFA-nın vitse-prezidenti Vaqif Sadıqovla görüşümüzdə yeni mövsümlə bağlı fikir mübadiləsi apardıq. Qərara alındı ki, yeni mövsümə avqustun ikinci yarısında başlayaq. Təbii ki, bu ilkin versiyadı. Hər şey Operativ Qərargahın avqustun 5-dən sonra verəcəyi qərardan asılıdı. Qərargah qeyd etdiyim tarixdə açıq havada idman yarışlarının keçirilməsinə icazə verəcəyi halda çempionata başlaya biləcəyik”.
Texniki idman şöbəsinin rəisi “transfer pəncərəsi”nin açılacağı tarıxlə bağlı da məlumat verdi: “FİFA-dan gələn məktubda əvvəlcə çempionatın başlayacağı tarixin göstərilməsi istənilib. Bundan sonra “transfer pəncərəsi” ilə bağlı məsələ haqda məlumat verilməsi tələb olunur. Biz bir qədər gözləyib, əvvəlcə start vaxtını dəqiqləşdirmək istəyirik. Məhz ondan sonra “transfer pəncərəsi” ilə bağlı ali futbol qurumuna məlumat göndərəcəyik”.
RƏŞAD

Oxşar xəbərlər
SON XƏBƏRLƏR